Azərbaycanın güclü maliyyə imkanlarından...
Qlobal maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı və maliyyə ehtiyatlarının yüksəlməsi prosesi davam edir. Belə ki, 2010-cu ilin birinci yarısında ümumi daxili məhsulun artımı davam edib (3,7 faiz), ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə orta aylıq əmək haqqı 5,0 faiz artıb, əhalinin adambaşına düşən gəlirləri 8,4 faiz artaraq 1290 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,5 faiz artaraq 2211 manata çatıb.
Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox olub, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələyib.
Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz, əhalinin banklardakı əmanətləri 29,0 faiz artıb.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın artımı, mühafizəkar borclanma siyasəti, habelə, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlığı beynəlxalq kredit reytinq agentliklərinin də nəzərindən qaçmayıb. 2010-cu ilin may ayının 20-də ölkəmizə tarixində ilk dəfə olaraq "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinq verilib.
Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 4 milyard 922 milyon manat və ya 102,6 faiz yerinə yetirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,8 milyon manat və ya 1,3 faiz çoxdur.
Vergilər Nazirliyi mədaxil proqnozunu 106,1 faiz icra etməklə dövlət büdcəsinə 2 milyard 4 milyon manat vəsaitin daxil olmasını təmin edib ki, həmin vəsaitin də 56,8 faizi və ya 1 milyard 139 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100,1 faiz əməl edərək, büdcəyə 451,0 milyon manat vəsait təmin edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğdə, yəni 2 milyard 455 milyon manat məbləğində vəsait daxil olub. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 13,3 milyon manat vəsait daxil olub. Cari ilin altı ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 277 milyon manat və ya 87,5 faiz səviyyəsində icra olunub.
Dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqram və tədbirlərin, əmək haqlarının, pensiyaların, təqaüdlərin stabil maliyyələşməsi təmin edilib.
2010-cu ilin altı ayında icmal büdcənin gəlirləri 8 milyard 907 milyon manat, xərcləri 4 milyard 694 milyon manat icra olunub, icmal büdcədə 4 milyard 213 milyon manat profisit yaranıb. Göründüyü ölkənin ümumi gəlirləri xərcləri 2 dəfə üstələyib.
Ötən dövrdə bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilib, bu məqsədə məcmu olaraq 1 milyard 740 milyon manat, o cümlədən, dövlət büdcəsindən 1 milyard 349 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 163,3 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 29,3 milyon manat, dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından daxil olmuş vəsait hesabına 198,0 milyon manat vəsait yönəldilib.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 164,2 milyon manat, o cümlədən, təhsil müəssisələrinə 42,6 milyon manat, səhiyyə müəssisələrinə 24,8 milyon manat, mədəniyyət müəssisələrinə 57,6 milyon manat, idman müəssisələrinə 25,5 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 13,7 milyon manat vəsait sərf edilib.
Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 84 milyon manat, o cümlədən, elektrik enerjisi infrastrukturlarının tikintisi üçün 59,7 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 99,8 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturlarının tikintisi və yenidən qurulmasına 660 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 53,8 milyon manat vəsait yönəldilib.
Cari ilin altı ayında qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, onun rəqabət qabiliyyətinin qorunması siyasəti davam etdirilmiş və bu istiqamətdə hökumət tərəfindən təsirli tədbirlər görülüb.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən, dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilib ki, bunun da 74 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları kompleksləri) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilib.
Hesabat dövründə dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 23,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılıb.
Ökəmizin müdafiə potensialının və onun təhlükəsizliyinin daha da gücləndirilməsinə, silahlı qüvvələrin texniki təchizatının yaxşılaşdırılmasına, əsgər və zabit heyətinin maddi təminatının və döyüş məharətinin artırılmasına və bu istiqamətdə digər zəruri məsələlərin həllinə 400 milyon manat vəsait ayrılıb.
Göründüyü kimi, cari ilin birinci yarısı ölkəmizin dövlət büdcəsinin gəlirləri artıb, xərcləri isə səmərəli şəkildə nəzərdə tutulmuş işlərə yönəldilib.
Prezident İlham Əliyev hökumətin ilk yarımilin yekunları ilə bağlı iclasında bəyan edib ki, dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək yeni risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları da nəzərə alınmaqla, daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artırılması, maliyyə intizamının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Dövlət başçısının hökumət üzvləri qarşısında qoyduğu əsas vəzifələrdən biri də budur: "Ölkənin güclü maliyyə imkanlarından səmərəli istifadə etməklə, xalqın rifahının yaxşılaşmasına, iqtisadiyyatımızın daha sürətlə inkişaf etməsinə nail olmalıyıq".