Prezident İlham Əliyevin dövlətçilik və idarəçilik fəaliyyəti bütün cəhətlərinə görə, müsbət çalarlarla, pozitiv meyarlarla şərtlənir. Bu fəaliyyət bir çox cəhətdən orijinallığı və özünəməxsusluğu ilə seçilir. Bu mənada, Azərbaycanın dövlət başçısının rəhbərlik üslubu yüksək səviyyədə müasirlik, novatorluq, təşəbbüskarlıq, qətiyyətlilik, mübarizlik, elmi və intellektual yanaşma ilə tamamlanır. Odur ki, İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil.
Səmərəli, rasional idarəçilik
Prezident İlham Əliyev hökumətin davamlı şəkildə xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab edir, mövcud nöqsanların, çatışmazlıqların obyektiv müzakirələr yolu ilə optimal səviyyədə aradan qaldırılmasına səy göstərir. Dövlət başçısı verdiyi bütün vədləri əməli işi ilə doğrultmaq üçün əzmlə çalışır. Bu səbəbdən, O, xalq tərəfindən birmənalı olaraq alternativsiz siyasi lider və nüfuzlu dövlət xadimi kimi yüksək dəyərləndirilir. Prezident İlham Əliyev hər bir addımında vətəndaşların sosial mənafeyini əsas götürür, əhalinin bütün təbəqələrinin sosial rifahını şərtləndirən çeşidli dövlət proqramlarının həyata keçirilməsinə xüsusi önəm verir.
Müasir dövrdə hər bir dövlətin demokratik inkişaf yoluna sadiqliyi bir sıra mühüm meyarlarla yanaşı, həm də hakimiyyətin xalqa xidmət göstəricisi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə hansı səviyyədə əməl etməsi ilə ölçülür. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan sosial-iqtisadi islahatlar kursunu həyata keçirməyə çalışır.
Hər xalqı, hər dövləti, ilk növbədə, onun rəhbəri, lideri ilə tanıyıb qəbul edirlər. Bu, bütün dünya xalqlarının qəbul etdiyi və dərin tarixi kökləri olan bir ənənədir. Bu mənada, dövlət başçısı olmaq, siyasi liderlik hakimiyyətlə yanaşı, böyük məsuliyyət yükünün daşıyıcısı olmaq deməkdir. Bu mövqeyə iddialı olanların sayı kifayət qədər olsa da, siyasi hakimiyyət məsuliyyətini daşımağa heç də hər bir insan qadir deyil. Bundan ötrü yüksək pozitiv siyasi göstəricilər, başqa sözlə, xalqın böyük dəstəyinə və siyasi harizmaya söykənən əsl siyasi liderlik tələb olunur.
Müasir dövrdə "orta statistik" siyasətçiləri, doğrudan da, seçkilərdən başqa bir şey maraqlandırmır. Onlar daha çox prezident, parlament, bələdiyyə seçkilərini hədəf götürür, populist vədlər, taktiki siyasi gedişlər hesabına mövqe tutmağa, öz korporativ maraqlarını həyata keçirməyə can atırlar. Prinsip etibarı ilə bu, anlaşılan və başadüşüləndir. Çünki yalnız əsl dövlət xadimi dövlətin, xalqın mənafeyini qoruya bilir, bununla bağlı ölçülüb-biçilmiş, tarazlaşdırılmış, məsuliyyətli qərarlar qəbul edir.
Cəmiyyətlə onun siyasi təsisatları arasında üzvi bağlılıq, harmoniya mövcuddur. Burada siyasi novatorluq və uzaqgörənlik həlledici rol oynayır. Nüfuzlu siyasətçinin uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə, fitri istedada malik olması başlıca şərtdir. Prezident İlham Əliyevin simasında cəmləşən bu müsbət keyfiyyətlər dövlət başçısının praktik fəaliyyətində öz əksini tapır.
Dinamik inkişafın doğurduğu yeni üfüqlər
Son 15 ildə özünü göstərən dinamik inkişaf tempi, 2009-ci ilin sosial-iqtisadi yekunları, 2010-cu ilin 6 ayının uğurlu nəticələri Azərbaycanın bütün parametrlərə görə, Cənubi Qafqazda ən aparıcı dövlətə çevrildiyini təsdiqləyir. 2009-cu ildə bütün dünyada sosial-iqtisadi böhranın dərinləşdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatında 10 faizlik artım müşahidə edilmişdi. 2010-cu ildə isə müvafiq sosial-iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə edilir.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa nail olub. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın böyük tərəqqisini şərtləndirir, ölkəmizin beynəlxalq aləmdə və regionda nüfuzunu və mövqeyini getdikcə daha da möhkəmləndirən amil kimi çıxış edir.
Dövlət başçısının böyük qətiyyətlə həyata keçirdiyi islahatlar Azərbaycanın inkişaf perspektivi baxımından, sözün həqiqi mənasında, yeni üfüqlər açıb. Bu, Onun yüksək idarəçilik qabiliyyətinin əyani təzahürüdür və Prezidentin mükəmməl iş təcrübəsinin göstəricisi kimi çıxış edir.
İlham Əliyev ölkənin bütün problemlərinin həllinə xüsusi diqqət yetirir və onlara milli dövlətçilik prinsipləri baxımından yanaşır. Dövlət başçısı müasir şəraitdə Azərbaycan cəmiyyətinin ümumi inkişaf qanunauyğunluqlarını yüksək dəqiqliklə qiymətləndirməyi bacarır. Bu qanunauyğunluqlar müasir dünyanın, qlobal cəmiyyətin inkişaf prioritetlərindən irəli gəlir. Prezident İlham Əliyev bəşəri dəyərlər çərçivəsində ümummilli maraqların maksimum reallaşmasına çalışır.
Azərbaycan Prezidenti dövlətin, ölkə vətəndaşlarının bütün sosial-iqtisadi fəaliyyət sahələrində müasir texnologiyalara yiyələnməsinə xüsusi önəm verir. Bu, ölkənin strateji inkişaf perspektivinə konseptual baxışının göstəricisidir. Müasir şəraitdə yeni elmi nailiyyətlərə, qabaqcıl informasiya texnologiyalarına yiyələnmədən hər hansı ölkənin ciddi uğurlara nail olması qeyri-mümkündür. Dövlət başçısı dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil qismində çıxış etdiyini dəfələrlə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf etməli, təkcə neft amilindən asılı olmamalıdır. Bu baxımdan, ölkədə qeyri-neft sektorunun inkişafına yönələn investisiyaların getdikcə artması və stimullaşdırılması diqqətdən yayınmır. Prezidentin müvafiq tapşırıqlarını və qərarlarını həyata keçirən hökumət də bütün səylərini məhz bu istiqamətdə səfərbər etməyə çalışır.
Azərbaycanın sürətli tərəqqisi bu gün dünya, Avropa və Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri Prezident İlham Əliyevin iqtisadi siyasətinin mahiyyətini təşkil edir. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, sosial rifah, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, effektiv xarici siyasət anlayışları ilə ölçülür.
Sosial məsuliyyət prinsipinə söykənən fəaliyyət
Hökumətin sosial məsuliyyət prinsipinə söykənərək, fəaliyyət göstərməsi hazırkı şəraitdə zamanın tələbi kimi meydana çıxır. Bu, müasir, demokratik, innovasiyalı idarəetmənin mahiyyətindən irəli gələn xüsusiyyətdir. Prezident İlham Əliyevin təkmil idarəçilik konsepsiyasında bu mütərəqqi prinsip hər zaman önə çəkilir və idarəetmə praktikasında rasional ifadəsini tapır.
Azərbaycan Prezidentinin dövlətə rəhbərliyinin ilk aylarında imzaladığı 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərman onun ölkənin sosial-iqtisadi tərəqqisinə ilk andan böyük diqqət göstərdiyini təsdiqləyir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramları burada önəmli yer tutur. Bu mənada, 2004-2008-ci illəri əhatə edən birinci proqram regional infrastrukturun yenidən qurulmasına, bölgələrdə böyük sosial-iqtisadi canlanmaya səbəb olub. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı isə yerli müəssisələrin müasir texnologiyalar əsasında yenidən qurulması, yerli müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsulların istehsalı və bu məhsulların dünya bazarına çıxarılmasını stimullaşdırır, aqrar islahatların dərinləşdirilməsinə dair yeni dövlət konsepsiyalarının hazırlanmasına zəmin yaradır.
Cənab İlham Əliyev ilk dəfə Prezident seçilərkən ölkədə 600 min yeni iş yerinin açılmasına nail olacağını bildirmişdi. Hazırda dövlət başçısının bu istiqamətdə göstərdiyi səylərin böyük uğurla və müvəffəqiyyətlə nəticələndiyini söyləmək mümkündür. Belə ki, 2003-2010-cu illərdə ölkədə 800 mindən çox yeni iş yeri açılıb. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi xarakter daşıyır və əhalinin müxtəlif təbəqələrinin yüksək məşğulluğunu təmin edir.
Prezidentin yürütdüyü siyasət bütün mühüm parametrlərə görə, dərin elmi əsaslara söykənir. Ölkədə aparılan sosial tənzimləmə siyasəti bazar iqtisadiyyatı prinsipləri ilə vəhdət təşkil edir. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə geniş dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə tam uzlaşır. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının uğurlu nəticələrindən əldə edilən dividendlər insanlarımızın sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşmasına yönəlir. Məsələn, dövlət büdcəsinin 37-38 faizinin məhz bu məqsədlərlə xərclənməsi dövlətin sosial yönümlü siyasət yeritdiyinə əyani sübutdur.
Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət əsas göstəricilərinə görə investisiya yönümlüdür. Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsində özəl sektorun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması heç də təsadüfi deyildir. Bu, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gələn xüsusiyyətdir. Zəngin iqtisadi biliklərə, müasir rəhbərlik, idarəçilik təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Azərbaycan Prezidenti ölkənin sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu düzgün dəyərləndirir. Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən atdığı addımlar Onun iqtisadiyyatda sahibkarlığın roluna və səmərəsinə konseptual şəkildə yanaşdığını təsdiqləyir.
İctimai-siyasi proseslərə praqmatik yanaşma
Azərbaycanda gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri Avropanın enerji təhlükəsizliyi baxımından da, mühüm əhəmiyyət daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla həyata keçirilməsi dünyada ölkəmizin rolunu xüsusilə artırıb. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də istismara verilməsi isə Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. Bununla yanaşı, Avropanın mavi yanacağa olan böyük ehtiyacı Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına olan marağı daha da artırır. Təsadüfi deyil ki, NABUCCO lahiyəsində Azərbaycanın potensial qaz ixracatçısı kimi rolu önə çəkilir.
Beləliklə, Azərbaycanın sosial-iqtisadi tərəqqisi əhalinin sosial problemlərinin yüksək səviyyədə həllinə imkan yaradır. Prezident İlham Əliyev dövlət başçısı kimi üzərinə götürdüyü öhdəliklərə layiqincə əməl edir. Dövlət idarəçiliyinin sosial-siyasi incəliklərinə xüsusi diqqət yetirən dövlət başçısı əhalinin bütün təbəqələrinin nümayəndələri ilə bilavasitə təmas qurur, sadə insanları narahat edən müxtəlif problemlərin həllində öz diqqət və qayğısını əsirgəmir. Dövlət başçısı ölkənin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir. Onların həlli üçün konkret planlara, proqramlara, peşəkar, yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı bu istiqamətdə böyük qətiyyət, iradə və əzmkarlıq nümayiş etdirir.
Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədilə, onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlərin görülməsi deyilənləri bir daha təsdiq edir.
Dövlət başçısının ölkədə cərəyan edən ictimai-siyasi proseslərə praqmatik yanaşması bir çox cəhətdən böyük maraq doğurur. O, dəfələrlə vurğulayıb ki, siyasi müstəvidə sivil rəqabətin tərəfdarıdır və Azərbaycanda zorakı vasitələrlə hakimiyyətə gəlməyin mümkün olmadığını hər kəs aydın dərk etməlidir. Prezident Yeni Azərbaycan Partiyasının fəaliyyətindən də razı qaldığını bildirib, partiya qarşısında bir sıra müvafiq vəzifələr müəyyənləşdirib: "Yeni Azərbaycan Partiyasının üzvlərinin, fəallarının vəzifəsi ondan ibarətdir ki, hər kəs öz yerində, bu məsələlərlə gündəlik həyatda məşğul olmalıdır. Çünki bizim çox böyük potensialımız var. Biz elə etməliyik ki, siyasətimiz daim diqqət mərkəzində olsun və bu siyasət real nəticələrə gətirib çıxarsın." Eyni zamanda, dövlət başçısı hər zaman siyasi dialoqun və fikir plüralizminin tərəfdarı olduğunu vurğulayıb.
Özlərini "aparıcı" müxalifət partiyaları hesab edənlər isə heç bir siyasi parametrləri saya salmır, qeyri-sağlam rəqabət formalarına üstünlük verirlər. Radikalların 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindəki destruktiv, dağıdıcı davranışı buna tipik nümunə sayıla bilər. Müxalifətin öz elektoratı-nı seçkilərə hazırlamaq metodları da qətiyyən dəyişməyib. Bu metodlar əvvəlki kimi çox bəsit, primitivdir. Bununla onsuz da çox məhdud olan sosial dayaqlarını tamamilə itirmiş olurlar.
Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə yönələn prinsipial mövqe
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli perspektivinə dair prinsipial mövqeyi ölkə ictimaiyyəti tərəfindən geniş şəkildə dəstəklənir. Dövlət başçısı dəfələrlə bildirib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, bir milyondan çox adam qaçqın və köçkün vəziyyətinə düşüb, amma bu siyasət dünya birliyi tərəfindən qətiyyətli şəkildə pislənməyib. BMT-nin üzvü olan suveren dövlətin ərazisinin 20 faizi işğal edilib, dünya birliyi isə bu məsələyə lazımi münasibət göstərmir. Dövlət başçısının sözlərinə görə, bütün bunlar böyük ədalətsizlikdir və təəssüf ki, dünya birliyi tərəfindən bu işğala son qoymaq üçün təcavüzkara lazımi təzyiq edilmir.
Buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz mövcud potensialını yüksək səviyyədə inkişaf etdirməyi bacaran Azərbaycan Ermənistanı diplomatik və sosial-iqtisadi müstəvidə maksimum sıxışdırmağa nail olub, bu öz müstəqilliyi dönəmində ölkəmizin əldə etdiyi ən böyük nailiyyətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə üstündür. Bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü ordudur, onun gücü və büdcəsi hər il artır.
Bütün bunlar hazırkı şəraitdə Azərbaycanın üstün mövqeyini şərtləndirən amillərdir. Nəticə ondan ibarətdir ki, bu şərtlər daxilində Azərbaycanın regionda liderlik mövqeyi və nüfuzu daha da möhkəmlənərək strateji əhəmiyyət kəsb etməyə başlayır. Prezident İlham Əliyevin siyasi strategiyası bu istiqamətdə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirir.
Prezident Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həlli üçün səy göstərdiyini dəfələrlə vurğulayıb. Bu məqsədlə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesi davam etdirilir. BMT Baş Məclisini, Avropa Şurasını, İslam Konfransı Təşkilatını və digər təşkilatları məsələnin müzakirəsinə cəlb etməklə problemin dinc yolla nizama salınması üçün bütün imkanlardan istifadə edilir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı və müdafiə sahəsi möhkəmləndirilir.
Prezident İlham Əliyev dəfələrlə xatırladıb ki, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mümkündür və Azərbaycan öz ərazisində başqa bir erməni dövlətinin yaranması ilə heç vaxt razılaşmayacaq. Eyni zamanda, dövlət başçısı erməni işğalı nəticəsində 1 milyon insanın qaçqın həyatı yaşadığını dönə-dönə xatırladır, münaqişə ilə bağlı BMT-nin məlum 4 qətnaməsinin olduğunu məqsədyönlü şəkildə vurğulayır, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu, lakin Ermənistan tərəfinin hər vəchlə bundan yayındığını hər zaman önə çəkir. Dövlət başçısı İlham Əliyev münaqişənin hərbi yolla həlli imkanları haqqında danışarkən hər zaman qeyd edir ki, əgər danışıqlar bir fayda verməsə, Ermənistan bizim torpaqlarımızı azad etməsə, onda Azərbaycan müxtəlif variantları nəzərdən keçirəcək və müharibə variantı da istisna edilmir.
Azərbaycan Prezidentinin ölkənin xarici siyasəti, digər dövlətlərə münasibətdə tarazlaşdırılmış siyasətin vacibliyi barədə fikirləri də ciddi maraq doğurur. Dünya ölkələri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici ölkələrdəki səfirliklərimizin fəaliyyətinin genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər problemi ilə bağlı dünya ictimaiyyətində dolğun təsəvvür yaradılması, xaricdə yaşayan azərbaycanlıların potensialından səmərəli istifadə edilməsi, Azərbaycanın iqtisadi maraqlarının qorunması kimi məsələlər Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetləri kimi dəyərləndirilir.