PDF Oxu

Siyasət

  • 12

Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır?

Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır?

Ölkə ictimaiyyətini narahat edən əsas problemlərdən biri olan işğal olunmuş ərazilərin azad olunması məsələsi son vaxtlar həmişəkindən daha çox gündəmdədir. Bu istiqamətdə keçirilən görüşlərin, danışıqların, açıqlamaların intensivləşməsi fonunda problemin həllinin yaxınlaşdığını göstərən bəyanatlar verilir. Lakin bununla belə danışıqlar prosesində müəyyən fikir ayrılıqlarının olması problemin həlli prosesinin uzanmasına səbəb olur.
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin ilk yarısının yekunlarına həsr olunmuş iclasdakı çıxışında bu məsələyə geniş yer ayırıb. Prezident Azərbaycanın mövqeyini açıq ifadə edib: "Münaqişə Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır!
Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar- məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar".
Bakının rəsmi mövqeyi budur ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud qondarma Dağlıq Qarabağ separatçıları, yaxud hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz.
Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, bu statusun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilib. Münaqişənin sülh yolu ilə həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın sözü həlledici olacaq. Bu ən yüksək səviyyədə elan edilib.
Dövlət başçısı deyib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı isə heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir: "Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz. Ona görə mən bunu bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir".
Qeyd edək ki, dünya təcrübəsinə görə, xalqların öz müqəddəratını təyin etməsi məsələsi ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən, Avropada belə nümunələr çoxdur. Bu səbəbdən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində dayanıb.

Danışıqlar
prosesində
münaqişənin həlli Helsinki prinsipləri əsasında aparılır

Dövlət başçısının da, hər zaman qəti bəyan etdiyi kimi, Azərbaycanda ərazi bütövlüyü bərpa edilməlidir və ediləcək. Danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt şübhə altına qoyulmayıb. Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır.
Bu gün həmsədr ölkələr öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Burada isə, əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də var. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalı, onunla ziddiyyət təşkil etməməlidir. Xalqların özünü idarəetmə və öz müqəddəratını müəyyənetmə imkanları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.
Münaqişənin həlli prosesinin necə həyata keçiriləcəyi haqda da artıq müəyyən detallar məlumdur. Qeyd olunan nizamlanma prinsiplərinə əsasən, ilk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. 5 rayon dərhal, 2 rayon- Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə 5 il müddət nəzərdə tutulub.
Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və bütün təhlükəsizlik təminatları verilir.
Azad olunan bölgələrdə ermənilər üçün təhlükə yaranacağı haqda fikirlər də doğru deyil. Ölkə vətəndaşları olan ermənilərə Azərbaycan dövləti səviyyəsində təhlükəsizlik təminatı verilir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Ermənistan kimi orada etnik təmizləmə siyasəti aparmaq niyyəti yoxdur: "Azərbaycan xalqı heç vaxt belə çirkin əməllərə əl atmayıb. Ona görə Dağlıq Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət göstərib, elə də fəaliyyət göstərməlidir və hesab edirəm ki, bu təklif qəbul oluna bilər.
Təhlükəsizlik zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhəddinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərlərinə götürəcəklər".

Dağlıq Qarabağın statusu
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində
müəyyən ediləcək

Problemin həllində əsas məsələlərdən biri də Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlıdır. Danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur. Dövlət başçısı bildirir ki, bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıdacaq. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıdacaq. Həmsədr ölkələrin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və məsələnin həlli üçün yeganə variant ola bilər.
Azərbaycan tərəfi kiçik istisnalarla bu təklifləri qəbul etsə də, Ermənistan, hələ ki, bunu qəbul etmir. Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər. Müxtəlif dövrlərdə Ermənistan tərəfi danışıqları pozub və Ermənistanda baş verən hadisələr danışıqların gedişatına mənfi təsir göstərib.
Təbii ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək. Lakin görünür, bəzi qüvvələrə bu, sərf etmir və hər vəchlə danışıqlar prosesini pozmağa çalışırlar.
Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur. Azərbaycan bu imkandan istifadə etmək üçün yetərli iqtisadi, hərbi və texniki imkanlara malikdir. Lakin burada siyasi amilin də mühüm rolu var. Bu da dünya birliyinin mövqeyidir.
Azərbaycan sülh prosesinin artıq tükəndiyini görsə, müharibə yoluna üstünlük versə, yenə də beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləmiş olacaq. Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.
Göründüyü kimi, bölgədə yaranmış siyasi, iqtisadi durum, hərbi güc balansı Ermənistanın ziyanınadır. Azərbaycan artıq bütün cəbhələrdə düşməni dalana dirəyib. Bu durum isə, yaxın zamanda münaqişənin Azərbaycanın xeyirinə həll olunacağına böyük inam yaradır.

Digər xəbərlər