Son aylarda Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla bağlı ümidverici bəyanatlar səslənməyə başlayıb. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm həmsədrlərin, həm də beynəlxalq təşkilatların nümayəndələrinin verdiyi bəyanat və açıqlamalar danışıqlarda artıq əsas məsələlərdə razılığın əldə olunması haqda rəy yaradıb.
Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil
Ölkə ictimaiyyətini narahat edən əsas problemlərdən biri olan işğal olunmuş ərazilərin azad olunması məsələsi son vaxtlar həmişəkindən daha çox gündəmdədir. Bu istiqamətdə keçirilən görüşlərin, danışıqların, açıqlamaların intensivləşməsi fonunda problemin həllini yaxınlaşdıran bəyanatlar verilir.
Bir qədər öncə Nazirlər Kabinetinin 2010-cu ilin ilk yarısının yekunlarına həsr olunmuş iclasdakı çıxışında bu məsələyə geniş yer ayırıb. Prezident Azərbaycanın mövqeyini açıq ifadə edib: "Münaqişə Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar- məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar.
O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz hissəsidir. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz.
Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyil. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, bu statusun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır".
Dövlət başçısı deyib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı isə heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir. "Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz. Ona görə mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir".
Qeyd edək ki, dünya təcrübəsinə görə, xalqların öz müqəddəratını təyin etməsi məsələsi ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən, Avropada belə nümunələr çoxdur. Bu səbəbdən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində dayanıb.
Beynəlxalq təşkilatların qətnamələri nə vəd edir?
Qeyd etməliyik ki, son vaxtlar beynəlxalq təşkilatlar tərəfindən bu münaqişənin həlli ilə bağlı önəmli qətnamələr qəbul olunub. BMT-nin məlum 4 qətnaməsini və Avropa Parlamentinin qətnaməsini buna misal göstərmək olar. Bu sənədlərdə Ermənistanın işğalçı olduğu açıq göstərilib və torpaqların azad olunması, qaçqınların öz yurdlarına qayıtması tələb olunub. İstənilən anda Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq əsasında, istənilən yolla bərpa etmək istəyəndə, hüquqi əsas həlledici rol oynayacaq. Beləliklə, bugünkü vəziyyət, yəni beynəlxalq hüquq normaları əsasında həllini gözləyən münaqişə ilə bağlı proseslər müsbət istiqamətdə davam edir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda vacib qərarlar qəbul edilib.
Əlbəttə, beynəlxalq təşkilatların qərarları çox önəmlidir, lakin bu sənədlərin tələblərini məcburi icrasını təmin edilməsində problemlər var. Prezident İlham Əliyev bu məsələni belə ifadə edir: "Bəzi hallarda belə bir fikir yarana bilər ki, bu qərarlar qəbul edilir, Azərbaycan haqq səsini artıq bütün beynəlxalq forumlarda dünya birliyinə çatdırır, ancaq münaqişə həllini tapmır. Bu, həqiqətdir. Ancaq bununla bərabər, beynəlxalq təşkilatların qərarları məsələnin həlli üçün əsasdır.
Məsələnin istənilən yolla həlli üçün əsasdır. Çünki beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulmasına baxmayaraq, onları heç kim inkar etmir. Yəni, dünya birliyi və beynəlxalq aləm beynəlxalq hüquq normaları əsasında formalaşıb və fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı, digər təşkilatlar, yəni bu təşkilatların nizamnaməsi, məramı ədalət, demokratiya, hüquq normaları üzərində qurulubdur və istənilən formada münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır".
Məlum olduğu kimi, bu günlərdə Haaqa Məhkəməsi Kosovonun müstəqilliyinin tanınmaması ilə bağlı Serbiyanın müraciətinə baxıb və iddianı təmin etməyib. Yəni, Kosovonun müstəqilliyinin beynəlxalq hüquqa zidd olmadığını bəyan edib. Bundan presedent kimi yaralanmağa çalışan ermənilər həmin prinsipin (öz müqəddəratını təyinetmə) Dağlıq Qarabağa da tətbiq olunmasını tələb edirlər. Lakin həm beynəlxalq təşkilat rəsmiləri, həm də tanınmış siyasi xadimlər Kosovo məsələsinin spesifik xarakter daşıdığını və bunun heç bir digər münaqişəyə (o cümlədən, Qarabağa) )presedent yarada bilməyəcəyini qeyd ediblər.
Əgər məntiqlə və beynəlxalq hüquqla yanaşsaq, bu bölgənin müstəqil dövlət olması gündəliyə gəlirsə, o zaman Dağlıq Qarabağ oranın aborigen əhalisi olan azərbaycanlılar tərəfindən müstəqil dövlət kimi yaradıla bilərdi, çünki belə bir tarixi baza var- xanlıqlar dövründə bu ərazi azərbaycanlıların yaşadığı və idarə etdiyi müstəqil bir dövlət olub.
Ermənilərin dünyada 2 alban dövlətinin olması ilə bağlı durumun öz xeyirlərinə istifadə olunması cəhdləri də heç bir normal kriteriyalara uyğun deyil. Ona qalsa, dünyada bir millətin bir neçə dövlətinin (məsələn, 21 ərəb dövləti, 7 türk dövləti və s.) olması faktı var. Belədə hər millət özü üçün 5-6 dövlət yaratmağa qalxmaq hüququ əldə edər və bunun sonu da bəşəriyyətin sonunu gətirən 3-cü dünya savaşı ilə nəticələnər.
Beynəlxalq təbliğat və informasiya müharibəsi
Xüsusilə, qeyd edilməlidir ki, beynəlxalq təşkilatların mövqeyinə və dolayısı ilə danışıqlar prosesinə təsir edən amillərdən biri də, münaqişənin tarixi və əsil həqiqətlər haqda informasiya və təbliğat işinin aparılmasıdır ki, bu sahədə də Azərbaycan son vaxtlar erməniləri üstələyib. Yəni, erməni təbliğat maşınının bütün yalanları faktlarla ifşa olunub və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Düzdür, münaqişənin ilk illərində erməni lobbisinin fəaliyyəti nəticəsində və Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmaması səbəbindən münaqişənin səbəbləri, bölgənin tarixi ilə bağlı çox yanlış və təhrif edilmiş məlumatlar mövcud idi. Ancaq bu gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilib. Bu isə, öz növbəsində, problemin həlli ilə bağlı dünya birliyində daha ədalətli fikrin yaranmasını şərtləndirir və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinə səbəb olur.
Fakt odur ki, bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul edilmiş qərarları ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur. Lakin buna baxmayaraq, biz yenə də bəzi hallarda Azərbaycana qarşı ədalətsizliklər görürük. Bəzi hallarda həqiqətlərə göz yumulur.
Bu reallıqlar nəzərə alınmır və bəzi xarici dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu ikili standartlar siyasəti dünyada mövcud olan bir yanaşmadır. Lakin son vaxtlar Azərbaycan diplomatiyası dünya birliyini fakt qarşısında qoyub və bu yanaşmanın beynəlxalq sülhə maneçilik törətdiyini nəzərə çatdırıb.
Danışıqlarda hansı prinsiplər əsas götürülür?
Dövlət başçısının da, hər zaman qəti bəyan etdiyi kimi, Azərbaycanda ərazi bütövlüyü bərpa edilməlidir və ediləcək. Danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt şübhə altına qoyulmayıb. Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır.
Bu gün həmsədr ölkələr öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Burada isə, əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də var. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalı, onunla ziddiyyət təşkil etməməlidir. Xalqların özünüidarəetmə və öz müqəddəratını müəyyənetmə imkanları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.
Münaqişənin həlli prosesinin necə həyata keçiriləcəyi haqda da artıq müəyyən detallar məlumdur. Qeyd olunan nizamlanma prinsiplərinə əsasən, ilk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. 5 rayon dərhal, 2 rayon- Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə 5 il müddət nəzərdə tutulub.
Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və bütün təhlükəsizlik təminatları verilir.
Azad olunan bölgələrdə ermənilər üçün təhlükə yaranacağı haqda fikirlər də doğru deyil. Ölkə vətəndaşları olan ermənilərə Azərbaycan dövləti səviyyəsində təhlükəsizlik təminatı verir. Prezident İlham qeyd edib ki, Azərbaycanın Ermənistan kimi orada etnik təmizləmə siyasəti apamaq niyyəti yoxdur: "Azərbaycan xalqı heç vaxt belə çirkin əməllərə əl atmayıb. Ona görə Dağlıq Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət göstərib, elə də fəaliyyət göstərməlidir və hesab edirəm ki, bu təklif qəbul oluna bilər.
Təhlükəsizlik zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərlərinə götürəcəklər".
Dağlıq Qarabağın statusu necə müəyyənləşəcək?
Problemin həllində əsas məsələlərdən biri də Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlıdır. Danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur. Dövlət başçısı bildirir ki, bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıdacaq. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıdacaq. Həmsədr ölkələrin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və məsələnin həlli üçün yeganə variant ola bilər.
Azərbaycan tərəfi kiçik istisnalarla bu təklifləri qəbul etsə də, Ermənistan, hələ ki, bunu qəbul etmir. Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər. Müxtəlif dövrlərdə Ermənistan tərəfi danışıqları pozub və Ermənistanda baş verən hadisələr danışıqların gedişatına mənfi təsir göstərib.
Təbii ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək. Lakin görünür, bəzi qüvvələrə bu, sərf etmir və hər vəchlə danışıqlar prosesini pozmağa çalışırlar.
Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur. Azərbaycan bu imkandan istifadə etmək üçün yetərli iqtisadi, hərbi və texniki imkanlara malikdir. Lakin burada siyasi amilin də mühüm rolu var. Bu da dünya birliyinin mövqeyidir.
Ölkə Prezidenti vurğulayır ki, Azərbaycan sülh prosesinin artıq tükəndiyini görsə, müharibə yoluna üstünlük versə, yenə də beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləmiş olacaq: "Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz istəyirik ki, ərazi bütövlüyümüz dinc yolla, danışıqlar yolu ilə bərpa olunsun. Ancaq hələlik, bu, mümkün deyil. Bununla bərabər, mən hesab edirəm ki, biz diplomatik səylərimizi bundan sonra da davam etdirməliyik.
Praqa prosesi- danışıqlar prosesində ermənilər üçün sonuncu şans
Əvvəlki dövrlərdə bəzi hallarda Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqların pozulmasına gətirib çıxarıb. Son 5-6 il ərzində Praqa prosesi adlandırılan danışıqlar formatı formalaşıb. Ötən ilin dekabr ayında Madrid prinsipləri əsasında yenilənmiş təkliflər verildi. Azərbaycan tərəfi prinsip etibarilə bu təkliflərlə razıdır. Ermənistan isə ya razı deyil, ya da, hələlik, vaxt uzatmaqla məşğuldur. Əgər qarşı tərəf- Ermənistan bu təkliflərə müsbət reaksiya verməsə, onda danışıqların bu formatda davam etdirilməsində heç bir məna qalmayacaq.
Azərbaycan Prezidenti Praqa prosesi adlanan formatı münaqişənin sülh yolu ilə həllində "son şans" adlandırıb: "Bu, Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın. Ona görə bu mərhələ həlledicidir. Bu yaxınlarda həmsədr ölkələrin nümayəndələri ilə danışıqlar zamanı biz bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirik ki, bu həlledici məqamda məsələnin həlli üçün lazım olan bütün addımlar atılmalıdır. Bir daha demək istəyirəm, mən şəxsən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Birinci növbədə beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ermənistan ilə Azərbaycan arasında inkişaf sahəsində böyüyən uçurum mövqeyimizi gücləndirir. Azərbaycan xalqının iradəsi mövqeyimizi dəstəkləyir. Ermənistanın müxtəlif rəhbər dairələrində belə bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır, danışıqlar gedir, hələ bir 10 il də davam etsin və biz burada sadəcə bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək, o bölgə ilə bağlı olmayacaq. Bütün bu fikirlərin qarşısına Azərbaycan xalqı öz iradəsini qoyur.
Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaq. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq".
Münaqişə tərəflərinin müqayisəli durumu
Bu gün Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti bizim xeyirimizə dəyişib. İstənilən sahədə Azərbaycan Ermənistandan qat-qat üstündür. İqtisadi potensial cəhətdən Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir.
Demoqrafik potensial da Azərbaycanın mövqelərini gücləndirir. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Ermənistan əhalisi qeyri-rəsmi məlumatlara, amma dəqiq mənbələrə görə 1 milyon 800 min nəfər ətrafındadır.
Bu gün bizdə olan məlumata görə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 60 minə yaxın, yəni bir rayonun əhalisi qədər əhali var. İqtisadiyyat, coğrafi şərait, demoqrafiya, ordu quruculuğu, sənaye potensialı, geosiyasi durum və Azərbaycanın bölgədəki, dünyadakı mövqelərinin gücləndirilməsi- bütün bu amillər Azərbaycanın mövqelərini gücləndirir və məqsədə çatmaq üçün imkanlar yaradır.
Bu gün Azərbaycan güclü ölkə olaraq bölgədə gedən proseslərə təsir edir. Azərbaycan bütün ölkələrlə, hətta böyük dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlər qurur. Heç kimin qabağında gözükölgəli deyil. Heç kimdən heç nə istəmir, xahiş eləmir. Əksinə, Azərbaycandan xahiş edirlər.
Ermənistanın müstəqilliyi isə şərti xarakter daşıyır. Özünə forpost imici qazanan bu ölkə müstəqil sayıla bilməz. Çünki müstəqil siyasət apara bilmir. Başqa dairələrin iradəsi ilə idarə olunur. Öz müstəqil iqtisadi siyasəti yoxdur. Bütün infrastruktur, bütün strateji obyektlər başqa ölkələrin əlindədir. Əhali azalır, demoqrafik iqtisadi böhran yaranıbdır. Əgər onlara xaricdən yardımlar edilməsə, ölkə tamamilə dağılacaq.
Azərbaycanla Ermənistanı müqayisə edən cənab İlham Əliyev qeyd edib ki, müharibənin 1-ci mərhələsində ermənilərin qalib gəldiyi düşünülsə də, hazırda Azərbaycan üstün durumdadır: "Ermənistanda bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük və uğurlu yol keçmişdir. Biz bu gün böyük zirvələrə çatmışıq.
Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz".
Atəşkəs dövründə, Azərbaycan bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda böyük inkişaf əldə edib. Bununla paralel olaraq uğurlu xarici siyasət həyata keçirilib. Həm hərbi, həm də diplomatik üstünlük danışıqlar prosesində Ermənistanı dalana dirəyib.
Ermənilərin utopik qələbə eyforiyası
Öz xarici himayəçilərinin fəal yardımı ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanda hələ də yalançı psixoloji eyforiya müşahidə olunur. Əslində, sadə ermənilər həqiqəti yaxşı bilirlər və görürlər. Amma terrorçu hakimiyyət xalqın hissləri ilə oynayaraq yalançı miflər yaratmağa cəhd edirlər.
Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, Ermənistanda yanlış olaraq vaxt keçdikcə mövqelərinin gücləndiyi barədə fikir formalaşır: "Bu, səhv bir yanaşmadır. Onların bütün sahələrdə mövqeləri zəifləyir. Sadəcə, dünya ermənilərinin güclü mövqelərə malik olması bugünkü status-kvonun saxlanmasını təmin edir. Hələlik, təmin edir. Amma status-kvo əbədi, uzunmüddətli ola bilməz. Atəşkəs rejimi vardır. Ancaq bu gün o bölgədə sülhməramlı qüvvələr yoxdur, erməni əsgəri, Azərbaycan əsgəri vardır. Onların arasında bəzən məsafə 40-50 metrdir. Heç kim zəmanət verə bilməz ki, orada xoşagəlməz hadisə baş verməyəcək. Azərbaycan xalqı nə vaxta qədər dözməlidir? Nə vaxta qədər bu ədalətsizliklə barışmalıdır? O vaxt ki, Ermənistan ilə Azərbaycan arasında hərbi balans var idi, bunu müəyyən mənada izah etmək olardı. Amma bu gün bu hərbi balans yoxdur. Biz bunu yaxşı bilirik".
Fakt odur ki, Azərbaycan getdikcə, öz hərbi potensialını gücləndirir. Ölkənin dövlət büdcəsi hazırda 15 milyard dollar səviyyəsindədir. Bunun 2 milyarddan çoxu hərbi xərclərə ayrılır ki, bu da Ermənistanın ümumi büdcəsinə bərabərdir. Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib: "Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik.
Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman, əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir"- dövlət başçısı bildirib.
"Paralel olaraq, bir daha demək istəyirəm ki, biz hərbi gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb".
* * *
Göründüyü kimi, bölgədə yaranmış durum Ermənistanın ziyanınadır. Azərbaycan artıq bütün cəbhələrdə düşməni dalana dirəyib. Bu durum isə, yaxın zamanda münaqişənin Azərbaycanın xeyirinə həll olunacağına böyük inam yaradır. İstər sülh yolu ilə olsun, istər digər yollarla Azərbaycan öz ərazilərini geri qaytaracaq. Buna bu prosesi başa çatdırmaq qüdrətində olan siyasi və hərbi qüvvələrə başçılıq edən Ali Baş Komandan səviyyəsində təminat verilib.