İlham Əliyevə daha bir beynəlxalq mükafat
Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey Narışkin RF-nin Azərbaycandakı səfirliyində "1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki Qələbənin 65 illiyi" stolüstü medallarını təqdim edib. Medallar Rusiya prezidenti Dmitri Medvedevin başçılıq etdiyi "Qələbə" təşkilat komitəsi tərəfindən təsis olunub.
"Qələbə" mükafatlarının təqdim edilməsi zamanı Azərbaycanın ictimai təşkilatlarının və ayrı-ayrı vətəndaşlarının veteranlarla işlərdə və Qələbənin 65 illik yubiley təntənələrinin keçirilməsində önəmli rolu qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Müharibə Veteranları Şurası medallar və fəxri fərmanlarla təltif ediliblər.
Həmçinin, medallar "Leninqrad Blokadası İştirakçıları" İctimai Birliyinə, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, eləcə də, RF-nin Azərbaycandakı səfirliyinə təqdim olunub. Mərasimdə Böyük Vətən müharibəsi veteranları, eləcə də, Leninqrad mühasirəsinin iştirakçıları iştirak ediblər.
"Biz heç vaxt əlində silah Qələbə naminə döyüşənlərin qəhrəmanlığını unutmayacağıq. Sovet xalqının birliyi sayəsində bizim üçün və bütün Avropa üçün qələbə əldə olundu", - Narışkin tədbirdə deyib.
"Biz Prezident İlham Əliyevə minnətdarıq, biz Azərbaycan hakimiyyəti və siyasətçilərinin, eləcə də, Böyük Vətən müharibəsinin ibrət dərslərinin qorunub-saxlanması üçün əllərindən gələn hər şeyi edən tarixçilərin mövqeyini qiymətləndiririk. Bu gün mən böyük məmnuniyyətlə fəxri fərmanı və medalı İlham Heydəroviç Əliyevə təqdim etmək istəyirəm", - Rusiya Prezident Administrasiyasının rəhbəri deyib.
Ümumiyyətlə, bu, Prezident İlham Əliyevə verilən yeganə beynəlxalq mükafat deyil. Azərbaycan Prezidenti son 6 ildə dəfələrlə beynəlxalq səviyyəli mükafatlara, orden-medallara layiq görülüb, dünyanın nüfuzlu liderləri sırasında öndə olub. Bu yazımızda Azərbaycan Prezidentinin belə beynəlxalq mükafatlara layiq görülməsinə gətirib çıxaran fəaliyyəti haqda danışmaq istərdik.
2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri müstəqil ölkəmizin tarixində yeni səhifə açdı. Prezidentliyə namizədlərin sayının çoxluğuna baxmayaraq, ölkə ictimaiyyəti Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevi yenidən ən ali postda- prezident kürsüsündə görmək istədi. İlham Əliyev şəffaf və demokratik seçkidə 88,73 % səs toplayaraq, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.
"Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir" deyən Prezident İlham Əliyev 2008-ci ilin Prezident seçkilərinə bu amalı əldə rəhbər tutaraq qatıldı. Məhz Azərbaycan xalqının rəğbəti sayəsində İlham Əliyev 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərinin əsas favoriti olaraq seçicilərin 88,8 faiz səsini qazanaraq siyasi mübarizədən qalib çıxdı. Xalqın yenidən İlham Əliyevə etimad göstərməsi ötən 5 ildə onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı oldu.
İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı.
"Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir"- İlham Əliyev öz fikrini açıq ifadə edib.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
Son 6 ildə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi inkişafına görə, dünyada lider dövlət olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası "Duing business" hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.
Ölkədə 850 mindən artıq yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşdü, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu.
Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin, XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu. Yeri gəlmişkən, 2 il öncə beynəlxalq sorğuda İlham Əliyevin Şərqin lider dövlət başçısı seçilməsi də bunun nəticəsi idi.
Elə bu ilin fevralında İlham Əliyevin Kanadada "İlin adamı" seçilməsi də təsadüfi deyildi. Azərbaycan lideri bu ada Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən XXI əsrin görkəmli siyasi xadimi kimi layiq görülüb. Göründüyü kimi, bu gün dünya ölkələri bu siyasətə böyük qiymət verirlər.
Prezidentimiz dünya səviyyəsində balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının mənafeyini, inkişafını və perspektivini müəyyənləşdirir. Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. İnkişaf etmiş və yeni inkişaf yoluna qədəm qoymuş ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində müqavilələr bağlanılır.
Azərbaycanın xarici siyasətində balanslaşdırma ana xətdir. Ona görə də əksər ölkələr tərəfindən Azərbaycanın bu uğurları dəstəklənir. Xarici siyasət sahəsində başlıca problemlərimizdən biri Qarabağdır. İndi hər bir Azərbaycan vətəndaşı yaxşı anlayır ki, Prezident İlham Əliyev bütün görüşlərində, beynəlxalq aləmdə öz çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycanın sərhədlərinin toxunulmazlığı məsələsi bu çıxışların əsasını təşkil edir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həll olunması Azərbaycan Prezidentinin başlıca qayğısıdır və fəaliyyətinin əsasını təşkil edir. Düzdür, Qarabağ probleminə beynəlxalq səviyyədə ikili yanaşma halları bu gün də var. İlham Əliyev bu standartların aradan qaldırılmasını və problemin BMT çərçivəsində, beynəlxalq hüququn normaları, ərazi bütövlüyümüzün toxunulmazlığı əsasında çözülməsini tələb edir.
Dövlət başçısı Qarabağ probleminin təkcə sülh variantı həllinə çalışmaqla kifayətlənmir, Azərbaycanın qüdrətli, müasir və peşəkar Silahlı Qüvvələrin formalaşdırılması işi ilə ciddi məşğul olur.
Prezidentimizin ayrı-ayrı ölkələrə rəsmi səfərləri zamanı Azərbaycanın inkişafı, tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, möhkəmlənməsi sahəsində mühüm işlər görülür. Prezidentimiz, nəinki dünyanın inkişaf etmiş ölkələrinə səfərlər edir, eləcə də, Azərbaycanın gələcəyi, xalqımızın mənafeyi üçün hardasa faydalı olacaq tədbirləri həyata keçirə bilən ölkələrlə də əməkdaşlığı zəruri hesab edir. Bu əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlir.
Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Demokratik təsisatlar möhkəmləndirilir. Söz və mətbuat azadlığı, din azadlığı var. Bütün bunlar ölkədə ictimai-siyasi sabitliyə rəvac verir. Vətəndaş cəmiyyətinin bərqərar olunması sahəsində ciddi addımlar atılır.
Prezidentliyi müddətində İlham Əliyev bir çox humanist addımlar atıb, əfv fərmanları imzalayıb. Qeyd edilməlidir ki, bu məsələlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da çox böyük xidmətləri var. Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə Amnistiya Aktı qəbul edilib. Bu sıranı xeyli genişləndirmək olar. Bütün bunlar isə, ölkədə vətəndaş həmrəyliyinə nail olunması deməkdir.
"Mənim bir məqsədim var- Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, xalqın rifah halını yaxşılaşdırmaq, müxtəlif proqramların həyata keçirilməsi ilə Azərbaycanı müasir güclü ölkəyə çevirmək"- Prezident İlham Əliyevin son 6 ildə həyata keçirdiyi tədbirlərə, imzaladığı fərman və sərəncamlara, təsdiqlədiyi Dövlət Proqramlarına diqqət yetirsək, onların hər birinin əsasında bu məqsədə nail olmaq istəyinin dayandığı özünü qabarıq şəkildə büruzə verir.
Bu gün Azərbaycanda aparılan siyasət ulu öndər Heydər Əliyev siyasi kursunun davamıdır və yeganə düzgün siyasətdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək, sadəcə olaraq, mümkün deyil. Bunun üçün, sadəcə, obyektiv olmaq yetər.