Sosial siyasət əsas prioritetlərdən biridir
"Biz həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar, orta pensiyaların həcmi təxminən 130 dollar təşkil edir.
Bu rəqəmlər ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur"- Azərbaycan Prezidentinin hökumətin iclasında söylədiyi bu sözlər dövlətin əhalinin sosial müdafiəsinə nə qədər böyük önəm verdiyini göstərir .
Qeyd edək ki, ölkədə güclü sosial infrastrukturun yaradılması- xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqlarının tikilməsi üçün konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
Azərbaycanda gedən inkişaf 2010-cu ilin 1-ci yarısının yekunlarında da özünü göstərdi. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Çünki Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir.
Ölkədə özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, qazlaşdırma prosesi sürətlə gedir.
Dövlət başçısı cənab İlham Əliyev deyir: "Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq".
Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb. Bu sahə bizdə, demək olar ki, cəmi 5 il əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq".
Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirir: "Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb.
Dünyada 2 ildir ki, qlobal maliyə böhranı hökm sürür. Sadə Azərbaycan vətəndaşları isə bu böhranın acı nəticələrini, demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, qiymətlərin artımına imkan verilmədi. Maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Yaxın aylarda maaşların, pensiyaların artımı nəzərdə tutulur.