PDF Oxu

Siyasət

  • 19

Azərbaycan təhsili: keçmiş və bu gün

Azərbaycan təhsili: keçmiş və bu gün

Müasir zamanda insanlar, xalqlar öz elmi, təhsili ilə tanınır və bu üstünlükləri ilə uğur qazanırlar. Bu səbəbdən də, inkişafa meyilli olan hər bir dövlət öz əhalisinin yüksək təhsilə yiyələnməsini özünün prioritet vəzifəsi sayır. Azərbaycan da belə dövlətlərdəndir. Bu yazımızda 3 respublika dövrünün- son 100 ilin təhsil tarixini və hazırkı durumu təhlil etməyə çalışacağıq.

Təhsilimiz ilk respublika dövründə

1918-ci ilə Azərbaycanda yenidən dövlət müstəqilliyi əldə ediləndə və respublika yarananda hökumətin ən əsas diqqəti elmə, təhsilə yönəldi. Azərbaycan Demokratik Respublikasını yaradanlar maarifin insanların şüuruna təsirini o qədər ciddi dəyərləndirirdilər ki, hətta hökumət Tbilisdən Gəncəyə köçmə ərəfəsində Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi barədə qərar verildi. Gəncə xəzinədarlığından bu məqsədlə 5 min rubl ayrıldı.
1918-ci ilin avqustunda Gəncədə yerləşən hökumət ibtidai, ali ibtidai və orta məktəblərin hamısının Azərbaycan dilinə keçməsi barədə qərar qəbul etdi. Hökumətin qərarıyla, yeni məktəblər, müəllim hazırlamaq üçün gimnaziyalar açıldı, xüsusi 6 aylıq kurslar işə başladı. Bundan başqa, hökumət adamları üçün dil öyrətmə kursları açıldı. Latın əlifbasına keçilməsi də böyük nailiyyətlərdən biri idi.
Ciddi maliyyə çətinliklərinə baxmayaraq, hökumət Azərbaycan Dövlət Universitetinin təşkili və avadanlıqla təchiz edilməsinə 5 mln. manat vəsait ayırmışdı. 1919-cu ilin sentyabrında universitetin təntənəli açılışı oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qiymətli yadigarı olan bu müqəddəs təhsil və elm ocağı mövcud olduğu illər ərzində 100 minə yaxın yüksək ixtisaslı vətənpərvər mütəxəssis hazırlayıb.
ADR hökuməti Kənd Təsərrüfatı İnstitunun açılması haqqında da qanun qəbul etmişdi. Xaricdə kadrlar hazırlanmasına xüsusi önəm verilirdi. Parlamentin 1 sentyabr tarixli iclasında müxtəlif bilik sahələri üzrə 1919-1920-ci tədris ilində 100 nəfər azərbaycanlı tələbənin dövlətin hesabına Avropanın ən yaxşı ali məktəblərinə göndərilməsi üçün vəsait ayırmışdı. Onlardan onu İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə göndərilmişdi.
1920-ci ildə ADR müstəqilliyini itirdikdə və SSRİ tərkibinə daxil olduqda, bu gənclər Azərbaycan SSR-in elmi-mədəni inkişafında böyük rol oynadılar.

Azərbaycan təhsili sovet dövründə

Sovet dövründə təhsilə çox böyük önəm verilirdi və Azərbaycanda da elm və təhsil sahəsində böyük inkişaf erası başladı. Respublikada təhsil kütləvi xarakter aldı və dövlət tərəfindən bu sahəyə çox ciddi təşviq prosesi vüsət aldı. Azərbaycanda yüzlərlə yeni orta və ali məktəblər tikildi, yaşlı nəsil də təhsilə cəlb olundu.
XX əsrin birinci yarısında, ölkəmizdə təhsilin və elmin inkişafının məntiqi yekunu kimi, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olundu və xalqımızın zəngin mədəni irsinin tədqiqi ilə bərabər, müxtəlif elm sahələri üzrə akademik araşdırmaların həyata keçirilməsi sistemli xarakter aldı.
Sovet elminin ümumi strategiyasına uyğun olaraq inkişaf edən Azərbaycan elmi və təhsili ötən əsr ərzində təqdirəlayiq nailiyyətlər əldə edib. Sovetlər dövründə Azərbaycan təhsilinin ən sürətli inkişafı isə 70-ci illərdən başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-in rəhbəri təyin edilməsindən sonra respublikada böyük təhsil inqilabı reallaşdı. Bötün şəhər və kəndlərdə yeni, müasir məktəblər tikilir, yeni institutlar, texnikumlar və peşə məktəbləri açılır, minlərlə azərbaycanlı gənc SSRİ-nin dünyanın tanınmış təhsil mərkəzlərinə oxumağa göndərilirdi.
1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında milli-mənəvi dəyərləri qorumaqla, elm və təhsilin yüksəldilməsinə nail olmaq üçün düşünülmüş elmi siyasət yeritməyə nail oldu. Onun rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılması idi. Məhz bu illəri Azərbaycan təhsilinin ötən əsrdəki inkişafının kulminasiya dövrü adlandırırlar.

Müstəqilliyin bərpasından sonra

Ötən əsrin 91-ci ilində Azərbaycan müstəqilliyini bərpa edəndə, məhz bu kadrlar ölkənin həyatında böyük rol oynadılar. Lakin sosializm sisteminin və sovet təhsil strukturunun dünya standrtlarına uyğun gəlməməsi, ölkənin idarə edilməsi üçün müasir biliklərə yiylənmiş kadrların çatışmazlığı və qlobal dünyaya inteqrasiyada problemlər yaradırdı.
Müstəqilliyin ilk dövründən dərslik probleminin həllinə xüsusi diqqət yetirilirdi və orta ümumtəhsil məktəbləri üçün yeni məzmunlu tədris proqramlarına uyğun dərsliklərin nəşrinə başlandı. Lakin təhsildə həll edilməmiş problemlər qalmaqda idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan prezidenti seçilməsindən sonra bu problemlərin kompleks həlli üçün zəruri addımlar atıldı.
1994-cü ildə "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsələsi qoyuldu. Təhsil sistemində aparılan islahatlar sırasında dərsliklə bağlı məsələlərin həlli əsas yerlərdən birini tuturdu. Bu gün Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, 1-11-ci siniflər bütün dərsliklərlə pulsuz təmin olunurlar.
1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalandı və bunun ardınca "Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi.
Ulu öndər Heydər Əliyevin təhsil sahəsində apardığı siyasəti və islahatları 2003-cü ildə dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyev daha da gücləndirdi. Son 6 ildə təhsil sistemində əsaslı inkişaf hiss olunur. Baxmayaraq ki, dünyada böhran hökm sürür, prezidentin təklifi və təşəbbüsü ilə məktəb tikintisi də davam edir, məktəblərin avadanlıqla təmin olunma işi davam edir, xaricdəki tələbələrin maliyyələşməsi də davam edir. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, son 5 ildə ölkədə 2000 məktəb tikilib. Bu, dünyada analoqu olmayan bir prosesdir.
Heydər Əliyev Fondunun məktəb tikilməsi yönündə apardığı işlər də cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Fondun rəhbəri Mehriban Əliyevanın təşəbüsü ilə son illərdə yüzlərlə yeni məktəb tikilib, məktəblərə dərs vəsaitləri, kompüterlər və digər avadanlıqlar paylanıb.

Xaricdə təhsil alan güclü kadr ordusu yetişir

Dünyanın nüfuzlu elm mərkəzlərinə tələbə göndərilməsi prosesi güclənib. Ölkə Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na start verilib.
Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, hazırda həmin proqram üzrə 30 ölkədə (ABŞ, Rusiya, Çin, Yaponiya, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə və s.) 500-dən çox azərbaycanlı tələbə dövlət vəsaiti hesabına təhsil alır. Xaricdə təhsil almağa göndərilənlər, əsasən, tibb, iqtisadiyyatın müxtəlif sahələri, İKT mütəxəssisi, mühəndislik ixtisaslarına yiyələnir.
Proqrama uyğun olaraq, 2015-ci ilədək 5000 azərbaycanlı gəncin xaricdə təhsil alması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda təhsilin səviyyəsinin getdikcə artması ölkəmizə təhsil almağa gələn əcnəbi təlbələrin sayında özünü büruzə verir. Belə ki, əgər 1999-cu ildə Azərbaycanda 1500 xarici tələbə təhsil alırdısa, ötən il bu rəqəm 7500 nəfərdən çox olub. Bunlar 50-yə yaxın ölkənin vətəndaşlarıdır.

Təhsildə müasir texnologiyaların tətbiqi

Ölkəmizdə müasir təhsil sisteminin yaradılması üçün çox ciddi şəkildə iş gedir. Azərbaycan təhsil sistemi bu gün artıq Qərbə inteqrasiya etməyə cəhd edir. Ölkəmiz 2005-ci ildən Boloniya sisteminə qoşulub. Yeni qiymətləndirmə mexanizminin yaradılması işini Təhsil Nazirliyi artıq uğurla həyata keçirir.
Prezidentin 8 iyun 2008-ci il tarixli sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq edilib. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə, Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.
Dövlət Proqramı çərçivəsində "Elektron məktəb" pilot layihəsi həyata keçirilir. Layihə çərçivəsində kompüterlər nəinki informatika dərslərində, həmçinin, fənn dərslərində geniş istifadə edilir.
İndiyədək 50 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak ediblər. Bir neçə il bundan öncə, hər 1000 şagirdə 1 kompüter düşürdüsə, indi bu rəqəm 22 nəfərə 1 kompüterə qədər enib.
Ümumiyyətlə, son illər təhsilə və informasiya texnologiyalarının gətirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş və bu da öz nəticəsini büruzə verməkdədir. Prezident İlham Əliyevin dediyi kimi- "Azərbaycan öz müasir və güclü təhsil sistemi ilə dünyada tanınmalı və inkişaf etməlidir".

Digər xəbərlər