Azərbaycan vətəndaşlarının gəlirləri inflyasiyanı qabaqlayır
Azərbaycanda davamlı olaraq həyata keçirilən çevik iqtisadi siyasət və islahatlar nəticəsində respublikamız dinamik inkişaf yolundadır. Sənaye, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, nəqliyyat, xidmət, turizm və digər bölmələrdə müşahidə olunan inkişaf iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi strategiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində inkişaf və modernizasiya strategiyasının davamlılığına və sosial inkişafına səbəb olub. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ölkəmizdə dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi qarşılıqlı iqtisadi strategiyanın işlənib hazırlanmasının forma və metodları özünəməxsus inkişafı Azərbaycanı Cənubi Qafqazda ən güclü dövlətlərdən birinə çevirmişdir. Bu vəziyyət avronun dəyərini itirməsi Azərbaycanın milli valyutası olan manatın regionun aparıcı valyutalarından biri kimi daha da möhkəmlənməsinə səbəb oldu. Dünya maliyyə bazarlarında baş verən tendensiyaların təhlili göstərir ki, ən inkişaf etmiş ölkələrin iqtisadi, sosial, maliyyə, fiskal, vergi, investisiya, pul-kredit bölmələri böhranın təsirləri nəticəsində müəyyən fəsadlara məruz qaldı. Dünya maliyyə böhranına qarşı mükəmməl iqtisadi strategiya hazırlayaraq həyata keçirən Azərbaycan hökuməti isə maliyyə sabitliyinin davamlı şəkildə qorunmasını təmin edərək, makroiqtisadi inkişafın və real sektorda iqtisadi dinamizmin artmasına nail ola bildi.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın iqtisadi inkişafın istiqamətlərinin çoxşaxəli olduğu və qeyri-neft sektorunun inkişafına üstünlük verildiyi vurğulandı.
İclasda Azərbaycanda Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafına üstünlük verildiyinə toxunaraq, qeyd edir ki, bu bizim prioritet məsələmizdir: "O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq. Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək, görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir".
Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət, müvəffəq iqtisadi strategiya ona gətirib çıxarmışdır ki, hazırda Azərbaycanda iqtisadiyyatın inkişafında neft amilindən uğurla istifadə edilməsi, ölkənin bütün sahələrini inkişafına əsas yaratmışdır. Uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azalmasını önə çəkən Prezident İlham Əliyev digər iqtisadi göstəriciləri də sadalayaraq, müsbət nəticənin əldə olunduğuna nümunə gətirir: "İnflyasiya 4,9 faiz təşkil etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri isə 9 faiz artmışdır. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini də qabaqlayır".
Ölkədə böyük maliyyə resursları yaradılması, uğurlu neft siyasəti bu gün Azərbaycanın öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artaraq - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Ölkədə srateji ehtiyatların davamlı olaraq artması imkan verir ki, iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini Azərbaycan öz gücünə arxalanaraq icra etsin.
Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulması ölkə rəhbərliyinin siyasi iradəsinin nəticəsdir. İclasda Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumatların verilməsi, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərildiyini bildirən Prezident İlham Əliyev qeyd edir ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır: "Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir".
Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirdiyinə toxunan Prezident İlham Əliyev bildirib ki, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik: "Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi. Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir".
"Altı ayın göstəriciləri arasında ən təsirli və mənim üçün ən əhəmiyyətlisi məhz qeyri-neft sektorunun artmasıdır", -deyə qeyd edən Azərbaycan Prezidenti əlavə edib ki, qeyri-neft sektorunun 15,3 faiz artması bizim iqtisadi siyasətimizin nəticəsidir: "Digər göstəricilər də, əlbəttə ki, çox vacibdir - inflyasiya, əhalinin pul gəlirləri, ÜDM, sənaye istehsalı, 15 faiz artan qeyri-neft sektorunun inkişafı görülən işlərin nəticəsidir".
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri davamlı olaraq sürətlə inkişaf edir. İqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı xalqımızın sosial rifahına xidmət edir.