Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar bir ilə yaxındır ki, yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Həmin prinsiplər əsasında aparılan danışıqların detallarını Prezident İlham Əliyev iyulun 6-da Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşdə açıqladı.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. "Məhz buna görə Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir. Çünki biz bütün dövrlərdə çalışmışıq və buna nail olmuşuq ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır, münaqişə həllini bunun əsasında tapmalıdır. Bu gün həmsədr ölkələr öz fikirlərini daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, problem öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Helsinki prinsiplərinin mahiyyətini açıqlayan Prezident vurğulayıb ki, burada əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də vardır. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalıdır, onunla ziddiyyət təşkil etməməlidir".
Bunun əsasında həmsədr ölkələr tərəfindən işlənilmiş təkliflərin ortaya qoyulduğunu nəzərə çatdıran dövlətimizin başçısı bildirib ki, Azərbaycan müəyyən istisnalarla bu təklifləri qəbul edir. Həmin təkliflər barədə danışan dövlətimizin başçısı qeyd edib ki, ilk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. Beş rayon dərhal, 2 rayon- Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır.
Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıb. Bunun münaqişənin həlli üçün vacib olduğunu bildirən Prezident qeyd edib ki, bütün təhlükəsizlik təminatları verilməlidir.
Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsilə bağlı verdiyi bütün bu tipli açıqlamalar həmin dövlətin ictimaiyyətinin aldadılmasına hesablanıb. Çünki bir ilə qədər Ermənistan bandokratiyasının rəhbərləri yenilənmiş prinsiplər əsasında aparılan danışıqların detallarını öz ictimaiyyətindən gizlətməyə çalışdı. Amma Azərbaycanın diplomatik təzyiq vasitələrindən istifadə etməklə, Ermənistanın həqiqəti söyləməyə məcbur etdi.
Hazırda həm Minsk Qrupunun həmsədrləri, həm də İrəvan hərbi ssenarinin tətbiqinə qarşı çıxır və problemin dinc yolla nizamlanması üçün danışıqları davam etdirməyə çağırırlar. Ermənistan müharibə variantının arxa plana atılması məqsədilə beynəlxalq təşkilatların təsir imkanlarından faydalanmağa səy göstərir. Bu gün Ermənistanın düşdüyü ağır siyasi və iqtisadi böhran onun münaqişənin həllində hər hansı fərqli situasiyaya hazır olmadığından xəbər verir.
Siyasi müşahidəçilərin fikrincə, burada Rusiya faktoru da var. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı öz təsiri altında saxlamaq üçün, ümumiyyətlə, münaqişənin həllində irəliləyişin olmasını istəmir. Bu amillərin təsiri altında Ermənistan hakimiyyəti özünün maraqlarına uyğun olan varianta razılaşmır.
Lakin Ermənistan hazırda ciddi siyasi, iqtisadi, sosial və hərbi böhran yaşadığından Yerevanın başqa seçimi yoxdur. Çünki erməni hakimiyyəti danışıqların baş tutmayacağı təqdirdə, müharibənin qaçılmaz olacağını və bunun da nə ilə sonuclanacağını yaxşı anlayır.
Beynəlxalq təcrübə göstərir ki, vəziyyət pisləşməyə doğru getdikdə çıxış yolu üçün təcili tədbirlər görmək əvəzinə vaxtı uzatmağa çalışmaq nəticə vermir. Çünki zaman Azərbaycanın xeyirinə işləyir. Hər il bu balans Bakının xeyirinə daha çox dəyişir.Artıq danışıqların hansı istiqamətdə aparıldığı hər kəsə bəllidir. Eyni zamanda, diplomatik sahədə, hərbi sektorda üstünlük Azərbaycan tərəfindədir. Bu amillərin sırasına beynəlxalq hüququn müdafiə sipərini də əlavə etsək, o zaman daha aydın bəlli olur ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını yaxın müddət ərzində istənilən yolla azad edəcək.