YAP ölkənin inkişafında aparıcı siyasi qüvvədir
Azərbaycanın ictimai-siyasi həyatında özünün çoxşaxəli fəaliyyəti ilə xüsusi yeri olan Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının 17 illik yubileyi ilə bağlı keçirilən tədbirdə rayon təşkilatının şura üzvləri, partiyanın veteranları və fəalları iştirak etdilər. Yığıncaq iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqlik sükutla yad etdilər.
Yığıncağı giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq rayon təşkilatının 17-ci ildönümü münasibətilə rayon təşkilatının bütün üzvlərini təbrik etdi. R.Tatarov YAP-ın yaranma tarixindən, keçdiyi inkişaf yolundan bəhs etdi. O, vurğuladı ki, bugünün uğurları Ulu Öndər Heydər Əliyevin "YAP dünənin, bugünün, gələcəyin partiyasıdır" fikrinin həqiqət olduğunu təsdiqlədi. 1992-ci ildə ölkənin ağır şəraitində bütün təzyiqlərə rəğmən YAP-ın təsis edildiyini xatırladan R.Tatarovun sözlərinə görə, o zaman AXC-Müsavat hakimiyyəti Naxçıvanda dövlət çevrilişi etməyə cəhd göstərirlər. Ancaq əhali çevriliş etməyə çalışanlara öz sözünü deyərək Ümummilli Liderimiz Heydər Əliyevi dəstəklədilər və Onu qorudular. YAP-ın tarixi zərurətdən yarandığını deyən Ağstafa rayon təşkilatının sədri hazırda partiyanın xeyli gücləndiyini bildirdi: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə partiyamız inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu gün YAP-ın üzvlərinin sayı 500 mindən artıqdır. Gənclər haqlı olaraq bizim partiyanı seçirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən düzgün siyasət nəticəsində sürətli inkişaf baş verməkdədir. Bu inkişaf gələcəkdə daha böyük vüsət alacaq. İnkişaf prosesində partiyamızın fəalları da yaxından iştirak edir. Çünki YAP xalqın partiyasıdır".
R.Tatarov 17 il ərzində YAP-ın Ağstafa rayon təşkilatının da sıralarının xeyli genişləndiyini söylədi: "Təşkilatda kəmiyyət və keyfiyyət baxımından xeyli irəliləyiş var. Bu, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın bariz nümunəsidir. Bu, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük qüvvədir. Partiyamızın bütün proseslərə təsir imkanları çox genişdir və bu imkanlar getdikcə artır".
Tədbirdə YAP-ın veteranlarından Həmid Əliyev, NTK-nın sədri Mayıl İsmayılov, rayon təşkilatının sədr müavini Elmar Kərimov və başqaları çıxış edərək, partiyanın yaranma tarixindən, o dövrün çətinliklərindən, cəbhə hakimiyyətinin törətdiyi əngəllərdən, çox çətinliklə partiya təşkilatının rayonda yaranmasından ətraflı danışdılar. Çıxış edənlər bildirdilər ki, Azərbaycan dövlətçiliyinin quruculuğunda və onun hərtərəfli inkişafında Yeni Azərbaycan Partiyası böyük rol oynamışdır. Belə ki, bu gün ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycan, nəinki Qafqazda, eyni zamanda, dünya dövlətləri sırasında lider dövlətə çevrilmişdir. Hazırda ölkəmizdə bütün sahələrdə uğurlu işlər gedir. Məhz Heydər Əliyev strategiyasını davam etdirən partiyamızın Sədri İlham Əliyev müstəqil Azərbaycanı inkişaf etmiş firavan bir Azərbaycana çevirmişdir.
Yığıncağın sonunda qarşıdakı parlament seçkiləri ilə əlaqədar YAP Ağstafa rayon təşkilatının inzibati idarə binası və seçki qərargahı müəyyən edildi. 19 nəfərdən ibarət qərargah üzvü seçildi.