İlham Əliyev: "Ermənistanda bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində qalib gəldilər, mən isə hesab edirəm ki, onlar məğlub olublar"
"Biz öz müdafiə potensialımızı gücləndiririk. Bildiyiniz kimi, bu yaxınlarda büdcəyə dəyişiklik edilmişdir və bütövlükdə, bizim dövlət büdcəmiz hazırda 15 milyard dollar səviyyəsindədir. O cümlədən, 500 milyon dollar vəsait hərbi məsələlərin həllinə əlavə olaraq ayrılmışdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik"- bu sözləri Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.
Müşavirədə qeyd olunub ki, bu gün Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır- bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. "Biz vaxtilə, bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik.
Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman, əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir"- dövlət başçısı bildirib.
Danışıqların gedişi ilə məqamlara aydınlıq gətirən Prezident Azərbaycanın mövqeyini açıq ifadə edib: "Bu yaxınlarda mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə geniş məlumat verdim. Bir daha vurğulamaq istəyirəm ki, bizim bu sahədəki bütün fəaliyyətimiz çox şəffafdır, açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Bu, bizim ümumxalq işimizdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoyubdur. Münaqişə Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Yenə də deyirəm, bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir.
Bu gün bir məsələyə toxunmaq istəyirəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar- məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar.
O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyildir. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır".
Dövlət başçısı deyib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir. "Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz. Ona görə mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir.
Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən, Avropada belə nümunələr çoxdur. Biz isə istəyirik ki, ən qabaqcıl təcrübə hər sahədə tətbiq olunsun, o cümlədən, bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində durubdur. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaqdır.
Paralel olaraq, bir daha demək istəyirəm ki, biz hərbi gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb".
Azərbaycanla Ermənistanı müqayisə edən dövlət başçısı qeyd edib ki, müharibənin 1-ci mərhələsində ermənilərin qalib gəldiyi düşünülsə də, hazırda Azərbaycan üstün durumdadır: "Ermənistanda bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük və uğurlu yol keçmişdir. Biz bu gün böyük zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz".
Ümumiyyətlə, 2010-cu ilin birinci yarısının yekunları göstərdi ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda böyük inkişaf əldə edib. Bununla paralel olaraq uğurlu xarici siyasət həyata keçirilib. Həm hərbi, həm də diplomatik üstünlük danışıqlar prosesində Ermənistanı dalana dirəyib. Bu durum isə, yaxın zamanda münaqişənin Azərbaycanın xeyrinə həll olunacağına böyük inam yaradır.