Ölkəmiz öz hərbi potensialını gücləndirir
2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkədə ilk altı ayda əldə olunmuş iqtisadi və sosial inkişafla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də Prezident tərəfindən diqqət yetirilmiş və cənab Prezident bu barədə öz fikirlərini giriş nitqi zamanı müşavirə iştirakçılarına çatdırmışdır. Münaqişənin hazırkı durumunu şərh edən ölkə başçısı onun tezliklə tənzimlənməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və bu məsələnin yalnız ərazi bütövlüyümüz çərçivəsində həll olunacağını bildirmişdir. Prezident münaqişənin həll edilməsi üçün Azərbaycan dövlətinin öz hərbi potensialını da günü-gündən artırdığını bildirib.
Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı ölkəmizin müharibə vəziyyətində olduğunu və bu üzdən də müdafiə potensialımızın artırılmasının mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır. Bu istiqamətdə görülən işlərdən danışan cənab Prezident hərbi potensialımızın artırılması ilə bağlı bəzi rəqəmləri də xüsusilə qeyd etdi. "Biz öz müdafiə potensialımızı gücləndiririk. Bu, bizim məqsədyönlü siyasətimizin bir hissəsidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik. Bu gün Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz vaxtilə, bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində, güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik."
Ölkəmizdə hərbi sahəyə ayrılan diqqət və qayğı günü-gündən özünü göstərməkdədir. Ötən illərlə müqayisədə son dövrlərdə ordumuza qarşı bu diqqət və qayğı ordunun hərbi potensialının artmasına, ölkəmizin digər sahələrdə olduğu kimi, kompleks şəkildə orduda da böyük bir inkişafın baş qaldırmasına səbəb olmuşdur. Bu sahəyə birbaşa Prezident tərəfindən diqqətin ayrılması da təqdirəlayiq haldır. Artıq müdafiə sənayesi səhəsində əldə olunan uğurlar Azərbaycanı dünyanın qabaqcıl ölkələri ilə bir sıraya qoymağa kömək edir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış istehsal bazası müdafiə təyinatlı məmulatların istehsalı ilə məşğul olur. Artıq Azərbaycanın öz istehsal etdiyi yüksək keyfiyyətli və müasir standartlara uyğun silahların malik olması bu sahədə olan inkişafı bir daha göstərmiş olur. Prezident İlham Əliyevin də müşavirədə vurğuladığı kimi, hərbi xərclərimiz artıq xeyli artıb. Bu artım bundan əvvələki illərdə də müşahidə olunmuşdur və gələcək illərdə əldə olunan iqtisadi nailiyyətlər nəticəsində bu artımın daha genişmiqyaslı olacağı proqnozlaşdırılır. Bu səviyyədə inkişaf isə ölkəmizin istənilən xarici hücuma qarşı hazır olmasına, eyni zamanda, öz torpaqlarını işğaldan azad etməsinə şərait yaradır. Halbuki cənab Prezident son müşavirdə, eləcə də, bütün digər çıxışlarında Azərbaycan tərəfinin bunu istəmədiyini, lakin lazım olacağı təqdirdə, hərbi potensialımızın işə düşmək və düşmən üzərində qələbə çalmaq iqtidarında olduğunu bildirmişdir.
Prezidentin müşavirədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərində əsas məsələ ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində mövqeyimizin dəyişmədiyi və dəyişməyəcəyi məsələsi oldu. "Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar."
Həmişəki kimi, Prezidentin ərazi bütövlüyümüzün bərpası məsələsi üzərində dayanması bir daha Azərbaycan dövlətinin bu məsələdə qəti mövqeyini nümayiş etdirir. Bunu bir növ işğalçı dövlətə və beynəlxalq siyasi qüvvələrə bir mesaj kimi də qəbul etmək olar ki, onlar Azərbaycanın bu məsələdə mövqeyini birdəfəlik qəbul etsinlər.
Ölkə başçısı çıxışı zamanı münaqişənin demokratik prinsiplər çərçivəsində həll olunmasının vacibliyini bildirib. Bu demokratik prinsiplərin isə ərazi bütövlüyünün bərpası və xalqların öz müqəddəratını təyin etməsi ilə şərtləndiyini bildirən Prezident onların eyni anda tətbiq olunmasının istisna olunmadığını da vurğuladı. "Amma bu iki amil bir-birilə ziddiyyət təşkil etməməlidir və etmir. Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən, Avropada belə nümunələr çoxdur."
Bu iki məsələ Azərbaycanla Ermənistan arasında daha çox müzakirə olunan və razılaşdırıla bilməyən məsələlərdəndir. Belə ki, hər iki tərəf münaqişənin beynəlxalq normalara uyğun tənzimlənməsinin tərəfdarı olduğu halda bu beynəlxalq normalar hər iki ölkədə müxtəlif anlamlarda başa düşülür. Azərbaycanda daha çox ərazi bütövlüyü prinsipi əsas götürüldüyü halda, Ermənistan birmənalı tərzdə xalqların öz müqəddəratını təyin etməsi prinsipini önə çəkir. Belə olan təqdirdə, təbii ki, arada kəskin bir ziddiyyət yaranır. Prezident İlham Əliyevin bu problemi aradan qaldırmaq üçün təklif etdiyi variant isə çox müasir və tətbiqi səmərəli olan bir variantdır.
Bununla yanaşı, Prezident, həmçinin, Dağlıq Qarabağın statusu məsələsinə də öz münasibətini bildirərək, bu məsələnin yalnız və yalnız Azərbaycan xalqının iradəsi ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu nəzərə çatdırdı. "O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz."
Dağlıq Qarabağın statusu ilə bağlı böyük narahatçılıq keçirən və tez-tez Dağlıq Qarabağın müstəqil olması ilə bağlı bəyanatlar verən Ermənistan rəhbərliyinə Prezident İlham Əliyevin çıxışı bir növ sərt ismarıc idi desək, yanılmarıq. Yəni bununla bir daha ermənilərə xatırladıldı ki, Dağlıq Qarabağın statusu onların istəyi, arzusu ilə deyil, beynəlxalq hüquq və normalara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır.
Bütövlükdə müşavirə zamanı Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsi ilə bağlı fikirləri bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti tərəfindən bu yöndə aparılan siyasət çox düzgündür və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpasına yönəlmişdir. Azərbaycan öz haqq işini məhz sülh yolu ilə həll etmək məqsədini qarşıya qoyub. Lakin danışıqlar prosesinin baş tutmayacağı təqdirdə, torpaqlarımızın işğaldan azad olunması üçün müharibə variantından istifadə olunması da istisna edilmir. Bunun üçün ölkəmizin hərbi potensialının da kifayət qədər inkişaf etdirildiyi yuxarıda göstərdiyimiz faktlarda və rəqəmlərdə özünü göstərir. Bir sözlə, Azərbaycan istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlaya və müharibəni uğurla başa vura bilər.