Azərbaycan və Gürcüstan güclü strateji tərəfdaşlardır
Azərbaycanla Gürcüstan arasında münasibətlərin dərin köklərə malik olduğu və bu münasibətlərin də getdikcə dərinləşdiyi məlumdur. Sovet İttifaqı dağıldıqıdan sonra müstəqillik qazanan hər iki dövlətin xarici siyasətlərinin prioritet məsələsini də məhz bir-birilə əməkdaşlıq təşkil etmişdir.
Bu yöndə aparılan siyasət ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmış və əlaqələr ən yüksək səviyyəyə çatmışdır. Son dövrlərdə isə ən müxtəlif sahələrdə əməkdaşlığın qurulması iki Cənubi Qafqaz ölkəsi arasında etibarlı tərəfdaşlığın yaranmasına, hətta müəyyən məsələlərdə birgə çıxışa, strateji tərəfdaşlığa yol açmışdır. Bu əməkdaşlığın yaranması üçün şərait yaradan digər bir səbəb kimi də məhz hər iki ölkənin dövlət başçılarının səfərləri göstərilə bilər ki, belə səfərlərdən biri məhz ötən həftə baş tutdu. Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli bir məsələ kimi qeyd olunmalıdır. Bunu görüş zamanı müzakirə olunan məsələlər və prezidentlər tərəfindən verilən bəyanatlar da təsdiqləmiş olur. Belə ki, Gürcüstan prezidenti Mixeil Saakaşvili öz bəyanatında Prezident İlham Əliyevi qarşılamaqdan məmnun olduğunu və bu səfərin ölkələrimiz arasındakı münasibətləri daha da yaxşılaşdırmağa yönəldiyini qeyd etdi. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan M.Saakaşvili ölkələrimizin tarix boyu dar zamanlarda bir-birinə dəstək olduğunu qeyd etmişdir. Gürcüstanın enerji infrastrukturunun partladılması zamanı Azərbaycan dövlətinin bu sahədə Gürcüstana əvəzi olmayan bir köməklik göstərməsini xatırladan M.Saakaşvili gürcü xalqının heç bir zaman bu yardımı unutmayacağını nəzərə çatdırdı. Bunun təkcə strateji tərəfdaşlıq deyil, eyni zamanda, qardaşlıq rəmzi olduğu da Gürcüstan Prezidenti tərəfindən nəzərə çatdırıldı.
Əlbəttə, bu gün regionun ən inkişaf etmiş ölkəsi kimi göstərilən Azərbaycan böyük enerji ixracı ilə də məşğul olur. Nəzərə alsaq ki, Gürcüstanın qaz ilə təminatının 70 faizi məhz Azərbaycan tərəfindən təmin olunur, bunun çox yüksək göstərici olduğunu demək olar. M.Saakaşvilinin bəyanatının bu istiqamətə yönəlməsi də onların Azərbaycanın ixrac etdiyi enerji ehtiyatlarından nə dərəcədə yararlandıqlarını göstərmiş olur.
Münasibətlərimizin normal münasibətlər çərçivəsindən daha geniş olduğunu vurğulayan M.Saakaşvili ölkələrimiz arasında hətta konfederativ münasibətlərin qurulduğunu nəzərə çatdırdı. Azərbaycan üçün ağrılı olan məsələnin Gürcüstan üçün, Gürcüstan üçün ağrılı olan məsələnin Azərbaycan üçün də ağrılı olduğunu nəzərə çatdıran Prezident bundan sonra da respublikaların bir-birilərinə yardım göstərəcəyini bildirdi.
M.Saakaşvilinin nəzərə çatdırdığı məqamlar özünü ölkələrimiz arasında çəkilməsi nəzərdə tutulan yeni dəmiryolu layihəsində də göstərməkdədir. Belə ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi barədə də müzakirələr aparılıb və bu layihənin gerçəkləşəcəyi təqdirdə, regionda irimiqyaslı daha bir layihənin gerçəkləşəcəyi ehtimal olunur. Bununla yanaşı, Çindən gələn yolun mümkün qədər qısa məsafədən - Azərbaycan və Gürcüstandan keçməklə Avropaya çıxması da planlaşdırılır ki, bunun da nəticəsində Azərbaycan və Gürcüstan Avropa və Çin arasında mühüm tranzit ölkəsinə çevriləcək. Bu isə ölkələrimizin geosiyasi mənada rolunun artmasına gətirib çıxara bilər.
Ölkələrimiz arasındakı münasibətlərin bu səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin böyük rolunu xatırladan M.Saakişvili məhz onun strateji baxışları nəticəsində münasibətlərin möhkəmləndiyini, Prezident İlham Əliyevin səyi nəticəsində isə daha da gücləndiyini nəzərə çatdırmışdır.
M.Saakaşvilinin bəyanatının Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində qurulması onun və ümumilikdə, Gürcüstan dövlətinin Azərbaycanla əməkdaşlığa nə dərəcədə əhəmiyyət verməsini göstərmiş olur. Bunun isə bir sıra səbəbləri vardır ki, onların da əsasları yuxarıda göstərildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə öz bəyanatında bir daha ölkələrimiz arasında olan əlaqələrin zəngin tarixə malik olduğunu və əsrlər boyu xalqlarımız arasında mehribançılıq münasibətlərinin mövcud olduğunu bildirdi. İndiki dövrdə isə tarix boyu mövcud olmuş bu əlaqələri inkişaf etdirməyin qarşılarında olan əsas məqsəd olduğunu vurğulayan cənab İlham Əliyev bunun hərtərəfli əməkdlaşlığı əhatə edən münasibətlərdə özünü göstərdiyini qeyd edib. İki ölkə arasında regionda bir sıra irimiqyaslı layihələrin baş tutduğunu da nəzərə çatdıran Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin adlarını çəkərək onların böyük əhəmiyyətindən danışıb. Digər sahələrdə də əməkdaşlığımızda bütün məsələlərin öz həllini tapacağına inamının yüksək olduğunu bildirib. Bu günə qədər müəyyən etdiyimiz məsələlərin birlikdə, güclü koordinasiya şəklində həll edilməsinin bunu deməyə əsas verdiyi Prezident İlham Əliyev tərəfindən bildirildi. O, həmçinin, bildirdi ki, bölgədə mövcud vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması irəliyə baxmalı, yeni layihələr aşkar etməli və onları icra etməli olduğumuzu diktə edir.
Hər iki Prezidentin bəyanatı və keçirilən görüşlər, aparılın müzakirələr onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Gürcüstan səfəri ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm rol oynayıb. Mühüm məsələlərdə razılığa gəlinməsi hər iki ölkənin də xeyir götürə biləcəyi layihələrin reallaşdırılması üçün müsbət zəmin yaratdığı qeyd olunmalıdır. Beləliklə, artıq irimiqyaslı regional layihələrə imza atan Azərbaycan və Gürcüstan bundan sonra da öz əməkdaşlığını genişləndirməyə və daha qlobal layihələri həyata keçirməyə hazırdır.