Dünən Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlmişdir. Ölkənin bütün regionları kimi, Zaqatala da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.
Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Zaqatalaya bir neçə dəfə səfər etməsi rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2009-cu ildə 4,1 dəfə, sənaye məhsulunun həcmi 2,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 20,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 15,7 dəfə artmışdır. Sosial və istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi Zaqatalada işsizliyin səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərmişdir. 2003-cü ildən başlayaraq 2010-cu ilin birinci rübünə qədər Zaqatalada 7805-i daimi olmaqla, 12190 yeni iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində olmuş, son bir neçə ildə 7 tibb məntəqəsi tikilmiş, mərkəzi rayon xəstəxanasının və 2 kənd sahə xəstəxanasının binaları əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər birində 240 şagird yeri olan üç kənd orta məktəb binası, digər mənbələr hesabına isə 10 yeni məktəb binası tikilmişdir. Zaqatalanın qaz və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də mühüm tədbirlər görülmüşdür.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülmüşdür. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmış, fəvvarələr yenidən qurulmuş, yaşıllıq zolağı genişləndirilmişdir. Dünən Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, "Gilan" MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılmışdır. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri vardır. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir. Məqsəd Zaqatalada kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır. Südtoplama məntəqəsinə qəbul edilən xammal müəssisədə pasterilləşdirilir və müvafiq məhsulun istehsalı üçün avtomatik olaraq aidiyyəti sexə göndərilir.
Ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalını həyata keçirən zavodda onlarla sakin işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi.
Dövlətimizin başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxdı. Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində "İntertobakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, iki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulmuşdur. Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcəkdir.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Məlumat verildi ki, iqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Zaqatalada fəaliyyətə başlayan bu zavod rayonda kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradacaqdır. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir. Əgər 2007-ci ildə "İntertobako"nun xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə "Virciniya" növlü ətirli tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq 950 hektara çatdırılmışdır. Burada emal olunan tütün əsasən "Virciniya", qismən də "Berley" sortudur. Dövlətimizin başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxdı, kollektivi təbrik etdi, onlara uğurlar arzuladı. Prezident İlham Əliyev dünən həmçinin Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Məlumat verildi ki, 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir.
Binanın qarşısında geniş abadlıq işləri görülmüş, Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulmuşdur. Üçmərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Birinci mərtəbədə inzibati otaqlar yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik akt zalı ikinci mərtəbədə yerləşir. Burada səsyazma və avtomatik idarəetmə otaqları vardır. Zal müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Üçüncü mərtəbədə də müxtəlif təyinatlı otaqlar yerləşir.
Məlumat verildi ki, Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstərir.
Prezident İlham Əliyev Mədəniyyət evinin qarşısında Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulmuş sahəyə baxdı, habelə yaxınlıqda müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış oldu.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV rayon sakinlərini salamlayaraq görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini səsləndirib:
- Mən sizi ürəkdən salamlayıram, Zaqatalada olmağımdan çox məmnunam. Birinci dəfə deyildir ki, mən Zaqataladayam. Bu, mənim son illər ərzində Zaqatalaya üçüncü səfərimdir və hər dəfə burada olanda yenilikləri, inkişafı görəndə çox sevinirəm.
Bu gün də Zaqatala rayonunun gələcək inkişafı üçün çox əlamətdar bir gündür. Rayonda çox müasir iki yeni sənaye müəssisəsi işə başlamışdır. Hər biri dünya standartları səviyyəsində qurulubdur. Bu gün həm süd, həm tütün zavodunun açılışında iştirak edərkən gördüm ki, burada rayonun inkişafı üçün çox böyük və vacib məsələlər öz həllini tapır. Tütün zavodunun yaradılması əslində Azərbaycanda müasir tütün sənayesinin yaranması deməkdir. Biz bu gözəl ənənələri bərpa edirik və rayonun inkişafı, sənaye potensialının gücləndirilməsi üçün bunun çox böyük mənası vardır.
Süd zavodu da müasir standartlara cavab verir. Bu, həm iş yerlərinin açılmasıdır, həm yerli istehsalın yaradılmasıdır, həm də rayonun inkişafıdır. Yəni bütün bu işlər bir daha onu göstərir ki, rayon dinamik şəkildə inkişaf edir, işlər burada müsbət istiqamətdə davam edir və həm rayonun iqtisadi, sənaye potensialı artır, eyni zamanda, görkəmi gözəlləşir.
Zaqatala tarixi şəhərdir. Çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz - burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Bu bölgəyə xüsusi diqqət göstərilir. Bildiyiniz kimi, keçən dəfə mən burada olarkən Zaqatalanın inkişafı üçün vacib obyektlərin açılışında iştirak etmişdim. Olimpiya Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, mehmanxana yaradılmışdır. Yəni burada bütün başqa sahələrdə işlər görülür ki, insanların rahatlığı üçün şərait yaradılsın. İş yerləri, sosial obyektlər, səhiyyə, təhsil, mədəniyyət müəssisələri açılır. Bu gün mədəniyyət mərkəzinin təmirdən sonra açılışında iştirak etmişəm. Bu da çox gözəl hadisədir. Beləliklə, bu bölgənin gələcək inkişafı təmin ediləcəkdir. Çünki biz elə etməliyik ki, Azərbaycanın hər bir bölgəsi özünə xas olan sənaye sahəsində maksimum səmərə ilə lazımi səviyyəyə çatsın.
Bu bölgənin öz xüsusiyyətləri vardır. Keçən dəfə mən burada olarkən bölgənin, burada turizmin inkişafı üçün böyük əhəmiyyəti olan aeroportun açılışını qeyd etdik. Düzdür, müəyyən müddətdən sonra uçuşlar dayandırıldı və mənə verilən məlumata görə, ona görə ki, sərnişin axını o qədər də güclü deyildi. Ancaq mən bu gün "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verdim ki, yaxın zamanlarda Bakı-Zaqatala xəttində təyyarə uçuşlarını bərpa etsin. Biz insanlar üçün əlavə imkanlar yaratmalıyıq. Çünki təyyarə ilə gəlmək daha da rahatdır. Düzdür, əminəm ki, Bakı-Zaqatala-Balakən sərhəd avtomobil yolu da əsaslı təmirdən sonra yaxın zamanlarda istifadəyə veriləcəkdir. Yolun bir hissəsi artıq hazırdır. Ancaq hava nəqliyyatının öz üstünlüyü vardır və bu, gələcəkdə Zaqatalanın, ətraf rayonların turizm imkanlarının genişləndirilməsi üçün şərait yaradacaqdır.
Hər bir bölgə, hər bir rayon çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin. Düzdür, Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur. Hər bir bölgəyə dövlət büdcəsindən subsidiyalar, dotasiyalar verilir və bu, belə də olmalıdır. Amma biz elə etməliyik ki, rayonların sənaye və iqtisadi potensialından maksimum şəkildə istifadə edək.
Zaqatalanın bu sahədə imkanları genişdir - gözəl təbiəti, iqlimi, turizm imkanları, kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait vardır. Biz elə etməliyik ki, bütün lazımi imkanları yaradaq. Bilirsiniz ki, kənd təsərrüfatının inkişafı, fermerlərin, sahibkarların fəaliyyəti üçün lazımi tədbirlər görülür, kreditlər, subsidiyalar, texnika verilir, sosial sahə xüsusi diqqət mərkəzindədir.
Beləliklə, ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir. O gələcək inkişaf ki, bu gün bunun əsası qoyulur. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr deyə bilərəm ki, dünya miqyasında xüsusi yerə malikdir. Biz dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkəyik. Hətta bu il, keçən il - dünyada böhran illəri kimi tarixdə qalacaq bu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişafdadır. Bütün sosial proqramlar, infrastruktur layihələri icra olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün bütün lazımi tədbirlər nəzərdə tutulub. Büdcəmiz artır. Dünyada böhran nəticəsində bir çox ölkələrdə büdcə yerinə yetirilmir və kəsir yaranır. Biz isə əksinə, büdcədə dürüstləşmə etdik və əlavə böyük vəsait ayırdıq ki, ölkə qarşısında təxirəsalınmaz, yəni vacib olan məsələlər tezliklə öz həllini tapsın.
Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir. Arzum odur ki, daha da yaxşı olsun və əlbəttə ki, buna nail olmaq üçün bu il və gələn illərdə Zaqatalanın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görüləcək və yardımlar ediləcəkdir. Sizi bir daha ürəkdən salamlayıram və sizə xoş arzularımı bildirirəm. Görüşdən sonra xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev Qaladüzü pilləkənləri adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada dövlətimizin başçısına bütövlükdə rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verildi. Bununla da dövlətimizin başçısının Zaqatalaya səfəri başa çatmışdır. Dünən Prezident İlham Əliyev həmçinin Balakən rayonuna səfərə gəlmişdir. Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan Balakən rayonunun uğurları da diqqət çəkir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 9 dəfə artmışdır. 2010-cu ilin birinci yarısında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artım qeydə alınmışdır.
Balakəndə sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülmüşdür. Son bir ildə şəhərin qazlaşdırılması əsasən başa çatdırılmış, bir çox kəndlərə mavi yanacaq verilməsinə başlanılmış, avtomobil yollarında əsaslı və cari təmir işləri görülmüşdür. Ötən il bir neçə məktəb binası tikilmiş, bir çoxunda isə əsaslı və cari təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Balakən rayonunda 4 müasir məktəb binası tikilmişdir.
2004-2009-cu illərdə Balakəndə ümumilikdə 3096-sı daimi olmaqla 8876 yeni iş yeri açılmışdır. Cari ilin birinci yarısında isə açılan iş yerlərinin sayı 1160-dır. Balakəndə abadlıq-qurucluq işlərinə də xüsusi diqqət yetirilmiş, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısının 2006-cı və 2008-ci illərdə Balakənə etdiyi səfərlər rayonun ictimai, siyasi, sosial-iqtisadi həyatında mühüm dəyişikliklərlə yadda qalmışdır. Bu səfərlər Balakənin yeni inkişaf dövrünün başlanğıcı kimi səciyyələndirilir. Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısı abidənin yerləşdiyi ərazidən rayon mərkəzinin ümumi mənzərəsini seyr etdi.
Diqqətə çatdırıldı ki, ulu öndərin abidəsinin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilmiş, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılmışdır. Prezident İlham Əliyev "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, dövlətimizin başçısının 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə respublikamızda külək və su elektrik stansiyalarının inşasının genişləndirilməsi məqsədi ilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır. Mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyası tikmək mümkündür. Kiçik su elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır.
"Balakən-1" su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli "AZENKO" şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcəkdir. Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoydu. Dünən Prezident İlham Əliyev "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, dövlətimizin başçısının 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə respublikamızda külək və su elektrik stansiyalarının inşasının genişləndirilməsi məqsədi ilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır. Mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyası tikmək mümkündür. Kiçik su elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır.
"Balakən-1" su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli "AZENKO" şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcəkdir.
Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoydu.
Dünən Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir.
Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti idmançılarla görüşdü.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır.
Məlumat verildi ki, Balakən Olimpiya-İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2008-ci ildə başlanmışdır. Kompleksin ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir. Kompleksin ikimərtəbəli əsas binasında 814 nəfər tamaşaçı yeri olan əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu "Ekostar" sistemli su qızdırıcıları ilə təchiz olunmuşdur. Burada, həmçinin həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da vardır.
Prezident İlham Əliyev mərkəzin bölmələrində idmançıların məşq prosesini izlədi.
Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilmişdir. Dövlətimizin başçısı kompleksin ərazisindəki 940 tamaşaçı yeri olan süni örtüklü stadiona, mini futbol, voleybol və basketbol meydançalarına, böyük tennis kortuna baxdı. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da vardır. Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar vardır.
Prezident İlham Əliyevə məlumat verildi ki, kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 6 kottec tikilmişdir.
Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu vardır. Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır. Kompleksin elektrik yarımstansiyası da vardır.
Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir. Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının təməli 2006-cı il aprelin 11-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Xəstəxananın ümumi ərazisi 4 hektardır, əsas binanın köməkçi tikililərlə birlikdə ümumi sahəsi 19 min 500 kvadratmetrdir. Prezident İlham Əliyev xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısını əks etdirən fotostendə baxdı.
Bildirildi ki, xəstəxana özündə stasionar şöbələri, rayon təcili tibbi yardım stansiyasını və poliklinikanı birləşdirir. Tibb ocağında 99 həkim, 202 orta və 153 kiçik tibb işçisinin işlə təmin olunması nəzərdə tutulmuşdur. Ən müasir tibb avadanlığının quraşdırıldığı 187 çarpayılıq xəstəxana kompleksində 11 şöbə fəaliyyət göstərir.
Prezident İlham Əliyev poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetlərində yaradılmış şəraitlə tanış oldu.
Xəstəxanada inzibati və stasionar şöbələr, fizioterapiya, stomatologiya kabinetləri, laboratoriya otaqları da fəaliyyət göstərir. Respublikanın şimal-qərb bölgəsinin stomatoloji xəstəliklərə görə endemik zona olduğu və bölgədə yaşayan insanların bu xidmətlərə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılmışdır.
Kompleksə daxil olan üçmərtəbəli korpusun birinci mərtəbəsində uşaq şöbəsi, qəbul, təcili yardım, lor, qadın məsləhətxanası, habelə doğum şöbəsinin qəbul otaqları vardır. İkinci mərtəbədə doğum, reanimasiya və terapiya şöbələri yerləşir. Üçüncü mərtəbədə isə cərrahiyyə şöbəsi, 4 otaqdan ibarət cərrahi əməliyyatlar bloku və ginekologiya şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, kompleksin həyətində 20 çarpayılıq infeksion və patoloji anatomik şöbələr də yaradılmışdır. Ərazidə yeməkxana, qaraj, qazanxana inşa edilmiş, transformator və generator quraşdırılmışdır. Xəstəxana fasiləsiz su ilə təmin olunmuş, binada müasir havalandırma sistemi quraşdırılmış, qaz xətti çəkilmişdir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi. Prezidenti İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:
- Sizi ürəkdən təbrik edirəm. Bu gün Balakəndə çox gözəl tarixi hadisə baş verir. Balakəndə ən müasir standartlara cavab verən yeni gözəl rayon xəstəxanası öz fəaliyyətinə başlayır. Bu, çox gözəl, əlamətdar hadisədir və bu, onu göstərir ki, bizim bütün planlarımız həyatda öz əksini tapır.
Mən Balakənə birinci dəfə gələndə bura boş yer idi. Biz burada bu xəstəxananın təməl daşını qoyduq. Bu gün biz bu gözəl xəstəxananın açılışında iştirak edirik. Bu, doğrudan da gözəl hadisədir. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxana Balakən xəstəxanasıdır. Bu, bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət vardır. Mən çox şadam ki, burada artıq tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün şərait vardır. Ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar, tibb məntəqələri, tibb ocaqları tikilir. Dövlət Neft Şirkəti bu işlərə çox fəal qoşulmuşdur. Bu xəstəxana da Dövlət Neft Şirkətinin vəsaiti hesabına yaradılmışdır. Başqa bölgələrdə də müalicə-diaqnostika mərkəzləri tikilir. Yəni, bu, çox güclü bir sosial siyasətin əlamətidir. Çünki insanların sağlamlığı bizim üçün prioritet məsələdir.
Bu xəstəxanada bütün şöbələr - doğum şöbəsi də vardır. Azərbaycanda son illərdə uşaq ölümünün səviyyəsi aşağı düşür. İlk növbədə, ona görə ki, müasir imkanlar yaradılıbdır. Bir sözlə, bu xəstəxana balakənlilərin sağlamlığının keşiyində duracaqdır. Ümid edirəm ki, həkimlər də burada öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər. Burada quraşdırılmış müasir avadanlıqdan istifadə etmək üçün əlbəttə ki, xüsusi bacarıq lazımdır. Burada treninqlər, kurslar keçiriləcəkdir. Bir sözlə, bu gözəl hadisəni sizinlə bərabər qeyd etmək üçün mən bu gün yenidən Balakənə gəlmişəm. Bu gün Balakəndə xəstəxananın açılışı ilə bərabər, digər vacib hadisələr də baş verib. Bu gün gözəl Olimpiya Mərkəzinin açılışını qeyd etdik. Bu da Azərbaycanda idmana olan diqqətin nəticəsidir. Mən bu gün yeni müasir mehmanxananın açılışında da iştirak etdim. Hesab edirəm ki, bu, Balakənə turizm axınının təmin edilməsi üçün vacib amil olacaqdır. Mehmanxana da dünya səviyyəli mehmanxanalardan heç fərqlənmir. Balakənin enerji təminatını yaxşılaşdırmaq üçün bu gün kiçik su elektrik stansiyasının təməl daşını qoyduq. Bu, birinci addımdır. Artıq proqrama görə, yaxın illərdə Balakəndə çaylarda 10 elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Biz rayonun bütün potensialının gücləndirilməsi üçün işlər görürük. Səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye - yəni Azərbaycanın bölgələri, o cümlədən də Balakən bu cür inkişaf etməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir.
Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin. Keçən dəfə mən burada olanda böyük parkın açılışında iştirak etdim, xəstəxananın, mehmanxananın tikintisi ilə tanış oldum. Yəni, bütün bu işlər bir gündə həll olunmur. Bütün bunları etmək üçün məqsədyönlü, düşünülmüş siyasət, diqqət və ölkəmizin hərtərəfli inkişafı üçün proqramlar lazımdır. Bu proqramlar da vardır. Biz bütün işləri proqramlar əsasında qururuq, o cümlədən hər bir rayon üzrə xüsusi inkişaf planı da mövcuddur.
Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir. Rayonun sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər də nəzərdə tutulubdur ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq hər yerdə ən yüksək səviyyə ilə təmin olunsunlar, xüsusilə, paytaxtdan uzaqda yerləşən bölgələrdə. Balakən də Bakıdan uzaqda yerləşir. Buna baxmayaraq, burada ən müasir standartlar tətbiq olunur və bundan sonra da tətbiq olunacaqdır.
Bu gözəl hadisə münasibətilə mən sizi ürəkdən təbrik edirəm və sizə bütün işlərinizdə uğurlar arzulayıram.
X X X
Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış oldu.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev dövlətimizin başçısına məlumat verdi ki, inşasına 2008-ci ildə başlanan məntəqənin ümumi sahəsi 4 hektardır. Bu məntəqədən gündə, təxminən 190 avtomobil və 500-600 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc yeri və anbarlar, yeməkxana, inzibati bina inşa edilmişdir. Məntəqə bütün zəruri avadanlıqla tam təmin edilmişdir.
Məntəqənin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin həyatını, eləcə də gömrük sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.
Binanın ikinci mərtəbəsində yerləşən 100 yerlik konfrans zalına baxan Prezident İlham Əliyev qaçaqmalçılığa qarşı mübarizə üzrə əməliyyat mərkəzinin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış oldu. Altmışa yaxın insanın işlə təmin olunacağı gömrük-sərhəd buraxılış məntəqəsində yüklərin və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir.
Dövlətimizin başçısına Azərbaycana idxal olunan avtomobillərin "Avro-2" standartlarına uyğunluğunu yoxlayan cihaz, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki, burada ixrac və idxal gömrük nəzarəti və sərnişin xətləri vardır. Gömrük buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilir. Burada, həmçinin sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidməti də vardır. Quraşdırılmış xüsusi monitorlarda Tovuz, Xaçmaz, Sınıqkörpü gömrük-sərhəd buraxılış məntəqələrindəki vəziyyəti izləmək mümkündür. Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da oldu. Diqqətə çatdırıldı ki, terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır. Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
X X X
İyulun 8-də Zaqatala və Balakən rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev Bakıya qayıtdı.