Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu göndəribö Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edərək tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin gücləndirilməsi sahəsində birgə fəaliyyətimiz əməkdaşlığımızın mühüm istiqamətlərindəndir. Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Biz həmçinin xalqımızın ən ağrılı probleminin - ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik. Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
* * *
Prezident İlham Əliyev həmçinin Malavi Respublikasının Prezidenti Binqu Va Mutarikaya da təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Malavi arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malavi xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."