Azərbaycan İranla mədəniyyət sahəsində əməkdaşlıqa böyük önəm verir
Azərbaycan Prezidenti İlham Əliyev dünən İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Seyid Məhəmməd Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb və bildirilib ki, bu uğurlu əməkdaşlığın mənbəyi məhz xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələridir. Bu işdə mədəniyyətlə bağlı məsələlər xüsusi rol oynayır. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacib məsələ olduğu qeyd edilib. Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.