Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Kristian Vulfa təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Almaniya münasibətləri bu gün dinamik inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığı əlaqələrimizin hərtərəfli genişlənməsi üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir çox sahələrdə səmərəli iş birliyimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."
* * *
Prezident İlham Əliyev həmçinin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik şəkildə və sürətlə inkişaf edəcəkdir. Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm."