Hər bir dövlətin gücü onun iqtisadiyyatının dinamik inkişafı ilə ölçülür. Əlbəttə, başqa amillər haqqında da danışa bilərik. Ancaq dövlətin apardığı uğurlu iqtisadi siyasət başqa sahələrin də sürətli inkişafına səbəb olur. İqtisadiyyatın inkişafında təbii resurslardan daha çox insan faktoru mühüm rol oynayır. Belə ki, təbii sərvətlərdən düzgün istifadə edərək, qabaqcıl texnologiyaların tətbiqi sayəsində sürətli inkişafa nail olmaq olar. Ölkələr misal gətirə bilərik ki, zəngin sərvətlərə malik olmasına baxmayaraq, öz inkişafını təmin edə bilmir. Bunun da əsas səbəbi düzgün iqtisadi siyasətin aparıla bilməməsədir.
Ancaq ölkələrdə var ki, insan zəkasının gücü sayəsində sıçrayışlı inkişafa nail olublar. Misal üçün Yaponiyanı göstərə bilərik. Bu fakt onu göstərir ki, iqtisadiyyatı yüksək templə inkişaf etdirmək üçün şəffaf bir mühit formalaşdırmaq, xarici kapitalın axınını təmin etmək, həmçinin, yüksək ixtisaslı kadr hazırlığını həyata keçirmək lazımdır. Necə ki, fəlsəfədə "Şəxsiyyəti sosial mühit formalaşdırır" deyildiyi kimi, iqtisadiyyatında inkişafı şəffaf mühitdən yaranır. Ölkəmizin iqtisadi inkişafı ilə bağlı bəzi faktlara nəzər yetirək: Məlumdur ki, ölkəmiz zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Zamanın bəzi dönəmlərində, xüsusilə də, Sovet İttifaqının tərkibində olarkən, bu sərvətlər Moskvaya daşınırdı. Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra ölkəmiz öz daxili potensialı hesabına sürətlə inkişaf etməyə başladı. Çox qısa vaxt ərzində, onlarla zavod və fabrik istismara verildi, əhalinin sosial rifahı yüksəlməyə başladı. İttifaq miqyaslı sənaye obyektləri inşa edildi. Başdan-başa inşaat meydançasını xatırladan Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilməyə başladı. Əlbəttə, bütün bunlar ulu öndər Heydər Əliyevin xalq qarşısında gördüyü misilsiz xidmətlərdən sadəcə bir neçəsidir.
Müstəqillik qazandıqdan sonrakı inkişaf
1983-cü il ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra qarşıya qoyulan vacib vəzifələrdən biri də dağıdılmış iqtisadiyyatın inkişaf etdirilməsi idi. Ulu Öndərimiz məhz buistiqamətdə tarixi bir addım atdı. 1994-cü il sentyabrın 20-də "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı. Bu, ölkəmizdə neft strategiyasının başlandığı "Əsrin müqaviləsi" idi. Həmin vaxtdan başlayaraq, ölkəmizin neft və qaz sektoruna xarici sərmayələr qoyulmağa başladı. "Əsrin müqaviləsi"nin həyata keçirilməsinin mühüm bir hissəsi 1997-ci ilin noyabrında istifadəyə verilən Bakı-Novorossiysk neft kəmərinin işə düşməsi oldu. Bununla da, Azərbaycan neftinin xarici bazarlara çıxışının təməli qoyuldu.
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin sərvətlərə malik olması sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri ilə iqtisadi və mədəni əlaqələr qurub. Tarixi "İpək Yolu"nun yenidən dirçəldilməsi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirdi. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Asiya-Qafqaz-Avropa ticarət dəhlizinin-Böyük İpək yolunun bərpasının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. Bu isə, öz növbəsində, beynəlxalq tarixi tranzit ticarət yolunun Çindən başlayıb, Afrika və Avropaya qədər uzanaraq, demək olar ki, dünyanın bütün ölkələrinibirləşdirməyə xidmət edir.
Enerji təhlükəsizliyində ölkəmizin dünyada yeri və rolu
1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri Bakı-Tbilisi-Ceyhan marşurutunu müdafiə edən "Ankara bəyannaməsi"ni imzaladılar. Əsrin ən böyük enerji lahiyəsi hesab olunan, 1695 km uzunluğa malik olan Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Bu kəmər vasitəsilə Azərbaycan nefti Türkiyənin Ceyhan limanına, oradan isə Avropaya daşınmağa başladı. Bu yerdə bir məqam diqqət çəkmək istərdik. Hələ 2004-cü ildə cənab Prezident İlham Əliyev xarici televiziyalardan birinə müsahibəsində deyirdi: "Bizim nəhəng neft yataqlarımız var. Bundan başqa böyük qaz yataqları da aşkar edilmişdir. Əminəm ki, Azərbaycan qazı tezliklə Avropaya nəql olunacaqdır və artıq Türkiyə ilə bu barədə razılıq əldə olunmuşdur. Yəqin sizə məlumdur ki, Türkiyə də, öz növbəsində, Yunanıstanla razılıq əldə etmişdir. Yunanıstandan isə Avropanın digər ölkələrinə qazın nəqli nəzərdə tutulur".
Prezidentin bu fikirləri 6 ildən sonra öz real təsdiqini tapdı. Belə ki, 2010-cu il iyunun 7-də Türkiyənin İstanbul şəhərində, Çırağan sarayında dövlət və hökumət başçılarının iştirakı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin (CİCA) üçüncü zirvə toplantısı keçirildi. 18 üzv ölkənin qatıldığı zirvə çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxdan gözlənilən qaz sazişinin imzalanması mərasimi reallaşdı. Tarixi hadisə kimi qiymətləndirilən bu saziş "Şahdəniz" qazının Türkiyəyə, oradan isə Avropaya ixracı üçün real zəmin yaratdı. Bununla da cənab Prezident İlham Əliyevin 6 il öncə verdiyi proqnozlar tamamilə reallığa çevrildi. Burada bir maraqlı məqam diqqəti cəlb edir. Türkiyənin enerji naziri Taner Yıldız saziş çərçivəsində, üç təməl prinsipinin olduğuna toxunub. Belə ki, onlardan birincisi 2008-ci ildən bəri Türkiyəyə satılan qazın qiymətinin müəyyənləşməsidir. İkinci təməl prinsip "Şahdəniz" 2 lahiyəsinin 2016-2017-ci illərdən sonra həyata keçməsi, həm qiymət, həm də miqdarının razılaşdırılmasıdır. Üçüncü prinsip isə tranzit ölkə kimi Türkiyə ərazisindən istifadə olunması, "Şahdəniz" qazının Avropaya nəqlinin nəzərdə tutulmasıdır. İlkin mərhələdə 13 milyard kubmetr qazın 2017-2018-ci illərdə satışı nəzərdə tutulur. Qeyd edək ki, bunun da 4 milyard kubmetrini İtaliyanın alması gözlənilir. Həmçinin, Türkiyə Avropaya nəql olunan hər 1000 kubmetr üçün 77 avro qazanacaq. Burada bir əsas məsələ də var ki, o da enerji təhlükəsizliyi məsələsidir. Məlumdur ki, ölkəmizin bu sahədə böyük təcrübəsi var. Bütün bu faktları saymaqda əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmizin son illərdə qazandığı uğurları qısa da olsa bir daha diqqətə çatdıraq. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi: "Ölkəmiz rəqabət yox, əməkdaşlıq meydanıdır". Düzgün iqtisadi siyasətin aparılması onu göstərir ki, Azərbaycan neft və qazdan gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldir. Ən başlıcası isə insan kapitalının inkişafını sürətləndirir. Bu, onu göstərir ki, ölkəmiz davamlı inkişafa nail olacaqdır. Artıq regionda güc mərkəzinə çevrilən Azərbaycan, elmin ən son nailiyyətlərdən istifadə edərək, bir sənaye ölkəsi kimi daim uğurlar qazanır. Əminik ki, bu sıçrayışlı inkişaf nəticəsində hərbi gücünü artıran dövlətimiz işğal altında olan torpaqlarımızı da azad edəcəkdir.