Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Lənkəran rayonuna gəlmişdir. Respublikamızın digər rayonlarında olduğu kimi, Lənkəranda da regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq geniş abadlıq və quruculuq işləri aparılır.
Bunun nəticəsidir ki, rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2009-cu ildə 2,9 dəfə artaraq 175 milyon manatdan çox olmuşdur. Kənd təsərrüfatı məhsulunun həcmi 2,5 dəfə artaraq 77,1 milyon manata çatmış, sənaye məhsulunun həcmi 2 dəfə artmış, əsas kapitala yönəldilən investisiyalar 3,1 dəfə çoxalmışdır. Tikinti-quraşdırma işlərinin həcmi 3,7 dəfə artaraq 22,7 milyon manat təşkil etmişdir.
Rayonda 2003-cü ildən 2010-cu ilin iyununa qədər 14 min 451-i daimi olmaqla, 25 min 790 yeni iş yeri açılmışdır.
Dövlətimizin başçısı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Lənkəranlıların sevimli istirahət guşələrindən olan parkda orijinal fəvvarələr yaradılmış, dekorativ gül kolları və ağaclar əkilmiş, çəmənlik salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada uşaqların əylənməsi üçün də gözəl şərait vardır. Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak etmişdir. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu.
Məlumat verildi ki, son illərdə Lənkəranda da yeni müəssisələrin istifadəyə verilməsi davamlı xarakter almışdır. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətədavamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. Zavodun ümumi sahəsi 10 hektar, tikinti sahəsi 1 hektardır. 2008-ci ilin mayında başlanılmış inşaat işləri bu ilin martında başa çatdırılmışdır. Müəssisə üç əsas binadan - inzibati korpus, istehsalat və soyuducu anbar sexlərindən ibarətdir. Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Müəssisədə şüşə qablar xətti, bütün növ cem və bal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti vardır. Ən müasir xarici avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilmişdir. Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaqdır. Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni sıxdı, istehsal sahələrində prosesi izlədi. Soyuducu anbarı da gəzən Prezident İlham Əliyev burada qablaşdırma prosesini izlədi. Dövlətimizin başçısı müəssisənin kollektivini təbrik etdi, onlara uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində konserv zavodunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham Əliyev Lənkəranın Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak etmişdir. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev əvvəlcə fabrikin maketi ilə tanış oldu. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı üzrə hazırlanan tədbirlərə əsasən inşa edilmiş fabrikdə tikinti işləri bir ilə başa çatdırılmışdır. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi isə 2 min kvadratmet olan fabrik inzibati bina və istehsalat sexindən ibarətdir. Üç korpusdan ibarət istehsal sexində ilkin emal, çeşidləyici və bükücü sexlər fəaliyyət göstərir. Burada xammalın qəbulu, təmizlənməsi, qurudulması, çeşidlənməsi və nəhayət qablaşdırılması prosesi aparılır. Məhsulun keyfiyyətli və rəqabətədavamlı olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilmişdir. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Bu, ildə 100 ton yaşıl çay yarpağının emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlə təmin olunacaqdır. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni sıxdı, qurutma, təmizləmə və qablaşdırma sahələrində istehsal prosesini izlədi.
Qeyd olundu ki, burada gündə 250-300 kiloqram yaşıl çay yarpağı emal etmək mümkün olacaqdır. İlkin mərhələdə çay iki adda - "İmperial" və "Lənkəran" adı ilə bazara çıxarılacaqdır. Fabrikdə hazırlanan məhsulların nümunələrinə baxan Prezident İlham Əliyev çay içdi. Dünən Prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Liman şəhəri ərazisində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak etmişdir.
Mərkəzin kollektivi, idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Ümumi sahəsi 3 hektar olan mərkəzdə yaradılmış şəraitlə yaxından tanışlıq zamanı məlumat verildi ki, 1986-cı ildə istifadəyə verilmiş Sağlamlıq Kompleksində idmanın 6 növü - boks, ağır atletika, karate, cüdo, güləş və sambo tədris olunmuşdur. Ötən müddətdə burada beynəlxalq arenalarda yüksək nəticələr əldə edən idmançılar nəsli yetişmişdir. Lakin son illər istifadəyə yararsız hala düşən idman kompleksi 2008-ci ildən başlayaraq yenidən bərpa olunmuşdur. Burada idmançıların fiziki, taktiki və texniki hazırlıqları üçün hər cür şərait yaradılmış, lazımi avadanlıq quraşdırılmışdır. Eyni vaxtda 60 idmançının məşq edə biləcəyi mərkəzdə 2 boks rinqi, məşqçi müəllimlər, soyunub-geyinmə otaqları, duşxana, trenajor zalı vardır. Qeyd olundu ki, uşaq, gənc və yeniyetmələrlə yanaşı, boks üzrə yığma komandamız da burada təlim-məşq toplanışı keçirəcəkdir. Eyni zamanda, bu mərkəzin xidmətindən cənub bölgəsindəki rayonların idmançıları da yararlana biləcəklər. Bu ilin aprelində Beynəlxalq Boks Assosiasiyasının üzvləri mərkəzlə tanış olmuş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişlər. Kompleksdə ümummilli lider Heydər Əliyevin idmana qayğısını əks etdirən guşə yaradılmışdır. Mərkəzin ərazisində basketbol, qaçış və mini futbol meydançaları da vardır. Prezident İlham Əliyev boks rinqlərində, basketbol və futbol meydançalarında gənc idmançıların məşq prosesini izlədi.
Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində "Palmali Holdinq" şirkətlər qrupuna daxil olan "Palfood" MMC-nin dondurma fabrikinin açılışında iştirak etmişdir. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu.
Məlumat verildi ki, "Palfood" MMC dondurma fabrikinin tikintisinə 2008-ci ildə başlamış, ötən ilin sonlarında isə "Paldad" markası ilə dondurma istehsalına başlanılmışdır. Lənkəran şəhərinin Ləvəngi dairəsində yerləşən fabrikin ümumi sahəsi 20 min kvadratmetrdir. Müəssisədə 120 nəfər işlə təmin olunmuşdur. Burada keyfiyyətli süddən istifadə edilməklə "Türk üsulu", "Palegriya", "Buz qələm" və digər adlarda 28 çeşiddə dondurma istehsal olunur. Beynəlxalq İSO 22000 qida təhlükəsizliyi idarə sistemi çərçivəsində xam məhsulun emalından son qablaşdırmayadək dondurma ən yüksək səviyyədə əl vurulmadan hazırlanır. Fabrik ayda 500 min litr dondurma istehsal etmək gücünə malikdir.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı.
Məlumat verildi ki, hazır məhsul mənfi 30 dərəcədə olan soyuducu anbara göndərilir. 720 kvadratmetr sahədə tikilən soyuducu anbarda 250 ton qablaşdırılmış dondurma saxlanılır. Dondurma sexinin investisiya dəyəri 15 milyon manatdır. Ən son texnologiya ilə qurulan zavoda avadanlıq Danimarkadan gətirilmişdir. Dondurmanın qabları isə Türkiyə istehsalıdır. Hazırda Azərbaycan bazarı ilə yanaşı, "Paldad" dondurmalarının Türkiyə, Gürcüstan, Özbəkistan və digər dövlətlərə ixracı istiqamətində danışıqlar aparılır.
Prezident İlham Əliyev müəssisənin məhsullarının nümunələrinə və dadına baxdı, kollektivi təbrik etdi. Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonuna gəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edildiyi rayonlardan biri də Lerikdir. 2010-cu ilin birinci rübündə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı, adambaşına düşən gəlir xeyli artmışdır. Ümumi məhsul buraxılışının həcmində ötən ilə nisbətən 2,7 faiz, pərakəndə əmtəə dövriyyəsində 7,5 faiz, pullu xidmətdə 17,5 faiz, təmir-tikinti işlərində isə 11 faiz artım qeydə alınmışdır.
Rayonda kənd təsərrüfatı sahəsində də mühüm uğurlar əldə edilmişdir. Əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün rayonda mühüm işlər görülmüş, sahibkarlığa göstərilən diqqət nəticəsində yeni müəssisələr istifadəyə verilmiş, işsizlik xeyli azalmışdır. Lerik şəhərində yaşayan 1321 ailənin mənzilinə Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildə qaz xətti çəkilmişdir. Bu bölgənin turizm üçün böyük potensiala malik olması da diqqətdən kənarda qalmamışdır. Lənkəran-Lerik yolu boyunca yeni istirahət mərkəzləri inşa edilmişdir. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət etdi.
Prezident İlham Əliyev Heydər Əliyev meydanında aparılmış tikinti işləri ilə tanış oldu. Məlumat verildi ki, 8200 kvadratmetr sahəni əhatə edən meydan yenidən qurulmuş, müasir oturacaqlar qoyulmuş, işıqlanma sistemi quraşdırılmışdır. Burada 35 metrlik qüllə üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham Əliyev dünən Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu. Heydər Əliyev meydanında inşa edilmiş mərkəzdə dahi rəhbərin büstü qoyulmuşdur. Məlumat verildi ki, ümumi sahəsi 420 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ümummilli liderin həyatını əks etdirən eksponatlar, ulu öndərin şəxsi arxivindən götürülmüş sənədlər və fotoşəkillər yerləşdirilmişdir. Mərkəz görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır. Mərkəzin kitabxanasında ulu öndər haqqında maraqlı kitablar toplanmışdır. Burada internetə qoşulmuş müasir kompyuterlər, monitor quraşdırılmış, ümummilli liderin həyatına dair sənədli filmlər toplanmışdır.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı. Prezident İlham Əliyev həmçinin Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. Məlumat verildi ki, 1973-cü ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir. Mədəniyyət evinin 300 nəfərlik zalı müasir avadanlıqla və işıq effektləri ilə təmin edilmişdir.
Prezident İlham Əliyev rayonda aparılan abadlıq-quruculuq işlərini və turizm potensialını əks etdirən fotostendlərə baxdı.
Bildirildi ki, rayonun coğrafi baxımdan əlverişli yerdə yerləşməsi və yüksək turizm potensialına malik olması ilə əlaqədər son illər onlarla yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilmişdir.
Prezident İlham Əliyev məktəblilərin əl işləri, dekorativ sənət əsərləri və rəsmlərdən ibarət sərgiyə baxdı.
Dövlətimizin başçısı rayonda istehsal olunan kənd təsərrüfatı malları və istehsal müəssisələrinin məhsullarının sərgisi ilə də tanış oldu. Sərgidə mineral sular, arıçılıq təsərrüfatlarının məhsulları, musiqi alətləri, taxtadan hazırlanan müxtəlif məişət əşyaları, mebel, Lerikin tarixini əks etdirən və rayon ərazisində aşkarlanan qədim əşyalar, xalq sənətkarlıq nümunələri, habelə qum-çınqıl və kərpic zavodlarının məhsulları nümayiş olunur.
Rayonda təbii üsullarla hazırlanmış bitki mənşəli dərmanlar sərgidə maraqla qarşılanmışdır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Həmin gün Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotostend vardır.
Məlumat verildi ki, 4 mərtəbəli binanın ümumi sahəsi 2100 kvadratmetdir. 90 çarpayılıq xəstəxana hər cür müasir tibbi avadanlıqla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunmuşdur. Burada 200-ə yaxın həkim və tibb personalı əhaliyə xidmət göstərəcəkdir. Səhiyyə ocağında poliklinika, qəbul, infeksion, terapiya, doğuş-ginekologiya, cərrahiyyə, reanimasiya və intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Burada ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya vardır. Reanimasiya və cərrahiyyə şöbələrində 20 çarpayılıq 12 palata vardır.
Xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərini müalicə və müayinə üçün başqa yerlərə getməkdən azad edir. Burada yaradılan lazımi şərait qonşu rayonların sakinlərinə də tibbi xidmət göstərməyə imkan verir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində "Şəhidlər" abidə kompleksini də ziyarət etmişdir. Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış "Əbədi məşəl"in önünə gül dəstəsi qoydu.
Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Lerikdə də Qarabağ və Böyük Vətən müharibələrində həlak olanların xatirəsi daim əziz tutulur. 2008-ci ildə yaradılan "Şəhidlər" abidə kompleksi bu ehtiramın nümunəsidir. Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid vermişdir. Onların 5-i şücaətlərinə görə Milli qəhrəman adına layiq görülmüşlər. Lerikli şəhidlərin adları mərmər lövhənin üzərində həkk olunmuşdur. Hazırda rayonda 80 nəfər Qarabağ müharibəsi əlili vardır. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir.
Lerik rayonunun sakinləri Böyük Vətən müharibəsində də qəhrəmanlıq nümayiş etdirmişlər. Faşizmlə mübarizədə 6500 lerikli iştirak etmiş, onlardan 1584-ü qəhrəmanlıqla həlak olmuşdur. Hazırda rayonda Böyük Vətən müharibəsinin 34 iştirakçısı yaşayır.
Diqqətə çatdırıldı ki, kompleksin ümumi ərazisi 650 kvadratmetrdir. Burada fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır.
Prezident İlham Əliyev buradan Lerikin ümumi mənzərəsini seyr etdi. Prezident İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, muzeylə yaxından tanış oldu. Məlumat verildi ki, bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyildir. Bu rayon dünyada uzunömürlülər diyari kimi şöhrət qazanmışdır. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşamışdır. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini vardır.
Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunmuşdur. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş etdirmişdir. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid guşələr yaradılmışdır. Muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaqdır. Prezident İlham Əliyevin Lənkəran və Lerik rayonlarına olan səfərləri bir daha subut etdi ki, Azərbaycanın bütün regionları uğurla və dinamik şəkildə inkişaf edir. Yeni iş yerlərinin açılması isə onu göstərir ki, regionlarda əhalinin sosial durumu yüksəlir və inkişaf edir. Bu isə parlaq və zəmanətli sosial inkişafdan xəbər verir.