Azərbaycanda iqtisadi inkişaf sürətlənir
Böhran qlobal ticarətə, sərnişin və yükdaşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurub. Kreditləşmə imkanlarını azaldıb, bir çox ölkədə iqtisadi tənəzzül yaradıb. Böhranın dalğası Azərbaycanın aid olduğu bölgədəki ölkələri də sarsıdaraq iqtisadi vəziyyətin pisləşməsinə, ÜDM-in həcminin və gəlirlərin azalmasına gətirib çıxarıb.
Azərbaycan hökuməti isə, çevik iqtisadi siyasət tədbirləri hesabına böhranın mənfi təsirlərini dəf edə bilib. Böhrana baxmayaraq, keçən il hökumət müdafiə xərcləri üçün nəzərdə tutulan bütün vəsaitləri maliyyələşdirib.
Hazırda Azərbaycanın dövlət borcları təhlükəli həddə deyil. Ölkəmizin xarici dövlət borcu ÜDM-in 8 faizə qədərini təşkil edir ki, bu da neft ixrac edən ölkələr üzrə orta göstəricidən 2 dəfəyə qədər aşağıdır.
Bu il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4336,1 min nəfər olub ki, onlardan 4076,7 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2010-cu ilin yanvar-aprel aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1336,8 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 848,2 min nəfər, qeyri-dövlət bölməsində 467,9 min nəfər olmaqla orta siyahı sayı isə 1316,1 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,2%-i məhsul istehsalı sahələrində, onlardan 2,7%-i mədənçıxarma sənayesində, 5,6%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 4,5%-i tikintidə, 2,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub.
Xidmət sahəsində çalışanların 26,2%-i təhsil, 20,2%-i topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Bununla yanaşı, 2010-cu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40,2 min nəfər olub, onların da 43,5%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.
Dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilib, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilib. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılıb.
Bank və maliyyə sektorunun dayanıqlılığını artırmaq məqsədilə banklara və sığorta təşkilatlarına nizamnamə kapitalının artırılmasına yönəldilən məbləğlərin mənfəət vergisindən azad olunması barədə qanunvericiliyə edilmiş dəyişiklik bu sektorun inkişafına çox əhəmiyyətli müsbət təsir göstərib. Təkcə bu il banklar və sığorta təşkilatları 145 milyon manat məbləğində bu güzəştdən istifadə etmək barədə qərarlar qəbul ediblər ki, bu da mövcud şəraitdə sektora ölkə başçısı tərəfində göstərilən diqqət və qayğının bariz nümünəsidir.
Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyəvi olub. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsidir. Ölkə Prezidenti İlham Əliyevin dediyi "Gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaqdır" fikri günün reallığına çevrilir.
Cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrin dövlət tərəfindən ardıcıl olaraq davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması sahibkarlığın inkişafına əlavə güclü impuls verəcək.
Dünyada maliyyə böhranının zəifləməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa olunması, maliyyə-kredit bazarlarında baş verən canlanma, dünya bazarlarında enerjidaşıyıcılarına münasib qiymətlərin bərqərar olması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır.
Belə bir şəraitdə hazırkı sosial-iqtisadi siyasət, dövlət proqramları və regional layihələrin icrası qarşıda yeni vəzifələr qoymaqla islahatların davamlı olmasını tələb edir. Bu baxımdan, cari ildə də bütün zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcək, 2010-cu ildə qarşıya qoyulan vəzifələrin və tapşırıqların tam şəkildə icra olunması üçün bütün tədbirləri həyata keçiriləcək.
Prezident İlham Əliyev ötən müşavirədə bununla bağlı bildirib: "Bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir. Büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir".