Azərbaycan regionda mühüm rol oynayır
Bu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Bu, təsadüfi deyildir. Çünki Prezident İlham Əliyevin tapşırığı ilə indi bu sahəyə çox böyük diqqət yetirilir. Dövlətimizin başçısı demişdir ki, biz xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyəti qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Eyni zamanda, bölgələrdə də bu məsələyə diqqət göstərilməlidir.
Konkret proqramlar vardır və yerli icra orqanları bu işlərə fəal qoşulublar. Prezident İlham Əliyev Bakı Biznes Mərkəzinin açılışında demişdir: "Daha da fəal olmaq lazımdır ki, istədiyimizə nail olaq. Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik. Baxmayaraq ki, əsrlər boyu xüsusilə Bakıda, Bakının ətrafında neft mədənlərində hasilatla bağlı məsələlər o qədər də ekoloji standartlara uyğun deyildi. Bizi böyük işlər gözləyir. Neftlə çirklənmiş bütün əraziləri, gölməçələri, Xəzər dənizinin buxtasını təmizləməliyik. Məişət tullantıları zavodunun tikintisi nəticəsində artıq ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaqdır. Biz bütün bu işləri planlı, sistemli şəkildə aparmalıyıq və bölgələrdə buna bənzər işlər aparılmalıdır".
Dövlətimizin başçısının bəyan etdiyi kimi, 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, 2009-cu il bütün dünya üçün sınaqlar və məhrumiyyətlər ili olmuşdur. Ölkəmiz bu sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Düşmənlərimiz, eləcə də bizi qısqanclıqla müşahidə edənlər, Azərbaycanın bütün uğurlarını neft sektoru ilə əlaqələndirənlər artıq başa düşmüşlər ki, bu uğurların əsasında hərtərəfli düşünülmüş siyasət, konkret proqramlar dayanır.
Gizli deyildir ki, əgər dövlətin inkişafı ölkənin bütün regionlarını məcmu halda əhatə etməsə, onun işləri uğurlu ola bilməz, çünki şəhər ilə kənd arasında fərqlərin tədricən aradan qaldırılması yalnız periferiyanın sürətli inkişafı və onun mərkəzlə planauyğun şəkildə yaxınlaşması şəraitində mümkündür. Bu da öz növbəsində, gənclərin regionlardan kənara axınını, daxili miqrasiya proseslərini dayandırar, buradan irəli gələn bütün demoqrafik və həyati əhəmiyyətli digər məsələləri həll etməyə imkan verər.
2009-2013-cü illərdə ölkəmizin sosial-iqtisadi inkişafının istiqamətlərini müəyyən edən Dövlət Proqramı artıq bir ildir ki, həyata keçirilməkdədir.
Dövlətimizin başçısı Biznes Mərkəzinin açılışındakı nitqində demişdir: "Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir. Proqramın uğurla icra edilməsində başlıca səbəb və əsas şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi. Bu, bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədimliyini saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi".
Proqramla hətta ötəri tanışlıq bunu yəqin etməyə imkan verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir və bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, onların inkişafı üçün Dövlət Proqramı olmasın. Lakin hər halda bu gün qarşıda duran əsas vəzifə, dövlətin öz qarşısına qoyduğu əsas məqsəd qeyri-neft sektorunun, regionlarda sahibkarlığın inkişaf etdirilməsi məsələsidir.
"Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik... Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar. 2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir" - deyən Prezident İlham Əliyevin fikrincə, bütün bunlar onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirməyə nail olmuşuq. Əlbəttə, bu heç də o demək deyildir ki, bütün məsələlər həll edilmişdir, qarşıda böyük fədakarlıq tələb edən işlər hələ çoxdur.
Prezident belə hesab edir ki, biz 50 il irəliyə baxmalı və enerji mənbələri tükənməyə başlayanda iqtisadiyyatımızın hansı yollarla və nəyin hesabına inkişaf edəcəyi barədə artıq bu gün fikirləşməliyik. Bu gün mühüm infrastrukturlar yaratmaqla, biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş addımlar atmaqla, investisiyalar cəlb etməklə biz dünyada Azərbaycan haqqında real və müsbət fikir formalaşdırırıq. Azərbaycanda işsizliyin aradan qaldırılması üzrə səmərəli iş aparılması da proqramın mühüm məqsədlərindən biridir. Birinci Dövlət Proqramının həyata keçirildiyi beş il müddətində ölkədə 800 minə yaxın yeni iş yeri açılmışdır. Bu gün deyə bilərik ki, Azərbaycanda işsizlik kimi sosial problem, əsasən həll edilmişdir. Bunu hər bir regionda, eləcə də son illərdə işləmək üçün Azərbaycana gələn əcnəbi vətəndaşların sayının artmasında müşahidə edirik.
Buna görə də tamamilə təbiidir ki, bu gün Azərbaycan ilk növbədə, əmək bazarının tənzimlənməsi məsələlərinin yüksək səviyyədə həll edilməsi və Azərbaycan vətəndaşlarının hüquqlarının daha etibarlı müdafiə olunması üçün miqrasiya məsələlərini daha ciddi tənzimləməlidir. Azərbaycan dövlətinin başçısının fikrincə, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin edilməlidir. Yaxın perspektivdə Azərbaycan dövlətinin qarşısında duran qlobal məsələlərə toxunaraq kiçik bir epizod üzərində dayanmaq, onu yuxarıda deyilənlərə əyani nümunə kimi ümumi inkişaf kontekstində nəzərdən keçirmək istərdik.
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Dövlətimizin başçısı demişdir: "Ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək. Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır".