Azərbaycan uğurlu inkişaf yolundadır
2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirib. Bütün sosial-iqtisadi göstəricilər yüksək səviyyədədir. Nəzərə almalıyıq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalıb və 2009-cu ildə ölkə iqtisadiyyatı təxminən 10 faiz artıb. Bu, yüksək artım hesab olunur. Çünki qlobal böhran nəticəsində əksər ölkələrdə tənəzzül müşahidə olunur. Bir çox ölkələrdə ötən il iqtisadiyyat 10-15 faiz tənəzzülə uğrayıb. Belə bir məqamda Azərbaycanın yüksək sürətli inkişafı ölkədə iqtisadi siyasətin düzgün qurulduğunu bir daha göstərdi.
"Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq, bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır.
İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da, öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, - bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, - görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir"- hökumətin iclasında Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, bütün makro-iqtisadi göstəricilərimiz, bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur: "Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir. Büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir.
Xüsusilə, nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə, neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində, həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək".
Müşavirədə qeyd olunub ki, artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Ölkə başçısı deyib: "Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir.
Aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız uğurludur, bərabərhüquqludur. Biz bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha da çox inteqrasiya edəcəyik.
Dövlət İnvestisiya Proqramı icra edilir. Proqramın icrası ilə bağlı heç bir problem yoxdur. Nə maliyyə problemi, nə də ki, texniki problem. Bizim həm texniki imkanlarımız artır və həm də keçən il nəzərdə tutulmuş bütün investisiya layihələri uğurla icra edilir. Əminəm ki, bütün investisiya layihələrimiz vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir".
İclasda qeyd edildiyi kimi, ilin birinci rübündə ölkə iqtisadiyyatı üçün önəmli hadisələr baş verib. Bütün ölkədə müxtəlif obyektlər, yeni iş yerləri açılır. Eyni zamanda, ölkəmizin sənayeləşməsi üçün çox vacib olan nəhəng tikinti-infrastruktur obyektləri inşa edilməyə başlayıb. Xüsusilə, qeyd etmək lazımdır ki, bu yaxınlarda Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməl daşı qoyulub.
Prezident bildirib ki, bu zavoda çox böyük ehtiyac var: "Çünki biz donanmamızı müasirləşdirməliyik. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Dövlət Neft Şirkətinin donanmalarını müasirləşdirməliyik. Eyni zamanda, tikiləcək yeni müasir gəmiqayırma zavodu bizə imkan verəcək ki, istənilən növ gəmiləri - katerləri, hərbi döyüş gəmilərini istehsal edək. Bu, eyni zamanda, Azərbaycanın döyüş potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.
Biz Xəzərdə öz mövqelərimizi möhkəmləndiririk. İstər neft-qaz əməliyyatları, istər infrastruktur, istərsə də, donanmanın gücü baxımından, Azərbaycan, əlbəttə ki, Xəzərdə çox güclü mövqelərə malikdir. Gəmiqayırma zavodunun işə başlaması nəticəsində biz artıq idxaldan asılı olmayacağıq. Son illər ərzində xaricdən kifayət qədər müxtəlif tipli gəmilər alınmışdır ki, bu da, öz növbəsində, Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdən biridir.
Mən gəmiqayırma zavodunu xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir də onu göstərir ki, həm Azərbaycan dövləti və hökuməti ölkəmizin müasirləşməsi istiqamətində çox düzgün və vaxtında addımlar atır, eyni zamanda, xarici tərəfdaşlar Azərbaycan ilə birgə işlər görmək əzmindədirlər. Gəmiqayırma zavodunun səhmdarları arasında Azərbaycan qurumları və eyni zamanda, xarici tərəfdaşlar da vardır.
Onlar da böyük həcmdə investisiyalar qoyacaqlar. Yəni bu, özlüyündə göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkə kimi öz funksiyalarını, imkanlarını genişləndirir. Əminəm ki, bu istiqamətdə atdığımız addımlar Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir".
Dövlət başçısı vurğulayıb ki, ölkənin sənaye potensialının gücləndirilməsi üçün başqa addımlar da atılır. "Böyük tədbirlər, ixtisaslaşdırılmış texnoparkların tikintisi nəzərdə tutulur. Hərbi sənaye kompleksinin inkişafı sürətlə gedir və mən bu ilin birinci rübündə müdafiə sənayesi kompleksini təşkil edən iki böyük zavodun açılışında iştirak etmişəm. Bütün bu istiqamətlərdə planlarımız icra edilir".
Hökumət üzvləri qarşısında çıxışında Prezident bölgələrin inkişafı məsələsinə də toxunub. "Keçən ay ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramının müzakirəsini keçirdik. Regionların inkişafı geniş şəkildə müzakirə edildi. Mən o iclasda səslənən fikirləri təkrarlamaq istəmirəm. Bütün vəzifələr qoyuldu, istiqamətlər müəyyən edildi, konkret tapşırıqlar verildi ki, regionların inkişafı sürətlə getsin, bütün maliyyə resursları səfərbər olunsun. Dövlət investisiya layihələri, eyni zamanda, regionların inkişafını təmin edir.
Bank sektorunun inkişafı və əlavə resursların əldə edilməsi kreditləşməni asanlaşdırır. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlət xətti ilə kifayət qədər böyük məbləğdə vəsait ayrılır, texnika alınır. Yəni regionların, kənd təsərrüfatının, emal sənayesinin inkişafı üçün praktik addımlar atılır. Bu addımlar artıq bir neçə ildir ki, atılır. Biz bu addımların səmərəsini, nəticələrini görürük. Bunu həm iqtisadi göstəricilərdə, eyni zamanda, gündəlik həyatda görürük".
İlham Əliyev bildirib ki, Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. "Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir.
Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkan yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq".
Dövlət başçısı informasiya-kommunikasiya texnologiyalarının inkişafı məsələsinə də toxunub: "Bu yaxınlarda növbəti sevindirici xəbər gəldi ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Nəzərə alsaq ki, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda cəmi 5-6 ildir inkişaf etməyə başlamışdır, bu da çox gözəl göstəricidir. Biz qısa müddət ərzində böyük uğurlara nail ola bilmişik. Bu, həm iqtisadi inkişaf, həm müasirlik, həm də təhsil deməkdir.
İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir. O ölkələr ki, bu sahədə birinciliyi əldə edir, yaxud da, apardıqları islahatlarla bu istiqamətdə uğurlar qazanır, onlar gələcəkdə daha da böyük imkanlara malik olacaqlar".
Beləliklə, Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr edilmiş iclası Azərbaycanın bu dövrdə sosial-iqtisadi mədəni həyatında əldə olunan uğurları əyani surətdə göstərdi. Bu isə, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin düzgün olduğunu göstərir.