Türkiyə-Azərbaycan əməkdaşlığı daha da möhkəmləndi
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında iştirak edib. Dövlətimizin başçısı Türkiyənin dövlət rəsmilərindən başqa sammitdə iştirak edən digər dövlətlərin nümayəndələri ilə görüşmüş və onlarla ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq həmişə yüksələn xətt üzrə inkişaf edib. Bu iki qardaş ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Sonuncu işgüzar səfər zamanı da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanla Türkiyə arasında sənədlərin imzalanması mərasimi oldu.
Son günlərdə Azərbaycandan Türkiyəyə təbii qazın satışı və nəqlinə dair Bəyannamənin imzalanması dünya mediasının diqqət mərkəzində olub. Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüş zamanı hər iki dövlət rəsmisi iki qardaş ölkə arasında energetika sahəsində əməkdaşlığın regional əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, təbii qazla bağlı imzalanmış sənəd iki ölkə arasında energetika sahəsində yeni bir mərhələ olacaq. Həmişəki kimi bu dəfə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Türkiyə tərəfi bu məsələdə mövqeyinin dəyişməz olduğunu bir daha vurğulayıb, Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması, doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların öz doğma ocaqlarına qaytarılmasının əsas şərt olduğu bildirilib. Bir daha qeyd olunub ki, "bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyənin həmrəyliyi sarsılmazdır və iki qardaş ölkə arasındakı əlaqələr qırılmaz tellərlə bağlıdır. Hər hansı bir qüvvənin bu əlaqələri qırmaq cəhdi əbəsdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan tərəfi həmişə qeyri-konstruktivlik nümayiş etdirir, müxtəlif vasitələrlə danışıqlar prosesini uzatmağa çalışır. Təbii ki, Ermənistan öz mövqeyini uzun zaman davam etdirə bilməz. Çünki artıq beynəlxalq təşkilatlar, həmçinin münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də Ermənistan prezidentinin qeyri-ciddiliyindən təngə gəliblər.
ATƏT-in Minsk Qrupu tərəfindən təklif olunmuş yeniləşmiş Madrid prinsipinə Ermənistan tərəfinin bu vaxta qədər münasibət bildirməməsi də onların prosesi süni şəkildə uzatmalarından xəbər verir. Hazırda əsas variant kimi qəbul edilən Praqa prosesinin son nəticəsi yeniləşmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərə Azərbaycan tərəfi razılıq verib. Baxmayaraq ki, bəzi müddəalar bizi qane etmir. Bunlar bir o qədər də əhəmiyyət kəsb etmir. Ancaq Azərbaycanın mövqeyi sülh, ədalət, əmin-amanlıqdır.
Dövlətimizin başçısı münaqişənin nizamlanmasında həmişə dövlətlərin ərazi bütövlüyünə əsas kimi üstünlük verib. Beynəlxalq hüququn norma və prinsiplərini də zəruri hesab edir. Artıq demək olar ki, dünyanın əksər dövlətləri, həmçinin bütün nüfuzlu beynəlxalq qurumlar da dövlət başçımızın bu mövqeyinə tərəfdar olduqlarını bildiriblər. Ermənistan tərəfi artıq təkləndiyini açıq şəkildə hiss edir.
Ermənistanın Minsk Qrupu həmsədrlərinin təkliflərini qəbul etməməsi, münaqişənin nizamlanması prosesini süni yollarla uzatması və qeyri-konstruktivlik nümayiş etdirməsi çox davam edə bilməz. Dövlətimizin başçısı da bunu xüsusi vurğulayaraq deyib: "...Nə baş verə bilər? Burada çox da böyük seçim yoxdur. Ya məsələ belə asılı vəziyyətdə qalacaqdır. Yəni, status-kvo davam edəcək ki, biz bunu heç cür qəbul edə bilmərik. Status-kvo dəyişməlidir.
Ya danışıqlar bir görüntü üçün, imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan heç vaxt buna da razı olmayacaqdır. Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır.
Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar bax bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir".
Hər dəfə münaqişənin nizamlanmasında son mərhələnin hərbi variant olması barədə fikirlər səsləndiriləndə Ermənistan tərəfi həyəcanını ört-basdır edə bilmir və dərhal buna reaksiya verir. Onlar beynəlxalq aləmdə guya Azərbaycanın müharibə tərəfdarı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq unudurlar ki, digər dövlətlərin ərazisini uzun müddət işğalda saxlamaq qeyri-mümkündür. Hər bir dövlətin öz ərazisini qorumaq onun konstitusion hüququdur. Bu hüquq beynəlxalq hüququn norma və prinsipləri ilə də tənzimlənib.
Digər tərəfdən isə Ermənistanı qorxuya salan məsələlərdən biri də Azərbaycanın güclü, qüdrətli milli orduya malik olmasıdır. ABŞ Prezidenti Barak Obama bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da Azərbaycanın güclü, qüdrətli milli ordusu olmasına işarə edərək yazmışdı: "Bu gün Azərbaycan əsgərləri Əfqanıstanda nümunəvi xidmət göstərir və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (BTYY) təkrar təchizatın asanlaşdırılması məqsədilə Azərbaycanın yollarını, dəmir yollarını və hava məkanını açmaq qərarınız ölkənizin təhlükəsizlik sahəsində qətiyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi".
ABŞ kimi qüdrətli bir dövlət başçısının Azərbaycan əsgərlərinə belə yüksək qiymət verməsi, təbii ki, Ermənistanı qorxuya salıb və onlar çıxış yolunu təklif olunan varianta razılıq verməkdə görəcəklər.
Azərbaycan Prezidentinin ölkənin işğal olunmuş əraziləri ilə bağlı yaranmış problemi mütamadi olaraq dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatlarının diqqətinə çatdırması münaqişənin həllini daha da aktuallaşdırır. ABŞ Müdafiə nazirinin Bakıya səfəri zamanı da bu məsələ müzakirə olunub. Hesab etmək olar ki, qarşıdakı müddətdə Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər daha da güclənəcək.