İqtisadiyyata investisiya qoyuluşu artır
Ölkələrin reytinqini və etibarlılığınıə göstərən əsas amillərdən biri də iqtisadiyyata qoyulan xarici investisiyalardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin birinci rübündə ölkə iqtisadiyyatına 1309,2 milyon ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz çox xarici investisiya yönəldilib.
Sərmayələrin 54,2 faizi (709 milyon dollar) iqtisadiyyata birbaşa investisiyalar, 45,8 faizi (599,8 milyon dollar) isə maliyyə kreditləri şəklində daxil olub. İqtisadiyyatın neft-qaz sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi 44,3 faiz artaraq 619 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 525 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 37,9 faiz çox olub.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitin 477,3 milyon manatı (90,9 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Koreya investorlarına məxsusdur.
Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2291,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 5,5 fax çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində reallaşdırılmış vəsaitin 69,2 faizini təşkil edərək 1587,7 milyon manat olub.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 1384,4 milyon manat, qeyri-dövlət müəssisələri 906,9 milyon manat vəsait sərf ediblər. Məhsul istehsalı obyektlərinin inşasında 1152,6 milyon manat, xidmət sahələri üzrə müəssisələrin işə salınmasında 1138,7 milyon manatlıq vəsaitdən istifadə edilib. Əsas kapitala yönəldilmiş vəsaitin 77,1 faizini daxili, 22,9 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib.
2010-cu ilin 1-ci rübü ərzində ölkədə 17017 yeni, o cümlədən 12578 daimi iş yerləri açılıb. 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin aprelin 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 90630, o cümlədən 67093 daimi iş yeri yaradılıb.
Birinci rübdə yeni açılmış daimi iş yerlərinin 14,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 16,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 68,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.
Yeni iş yerlərinin 74,5 faizi regionlarda, o cümlədən 18,9 faizi Aran, 17,2 faizi Gəncə-Qazax, 8,4 faizi Quba-Xaçmaz, 6,9 faizi Şəki-Zaqatala, 5,8 faizi Lənkəran, 4,9 faizi Abşeron, 4,8 faizi Naxçıvan, 4,4 faizi Dağlıq Şirvan, 2,7 faizi Yuxarı Qarabağ, 0,5 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında açılıb.
Yeni açılmış iş yerlərinin 92,2 özəl sektorun payına düşür, mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərindən 6,2 faizi tikinti, 4,2 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3,4 faizi emal sənayesi, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələrdə açılıb.
Xüsusilə nəzərə alaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir. Prezident İlham Əliyev bununla bağlı deyib: "Əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək". Artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Ölkə başçısı deyib: "Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir".
Göründüyü kimi, iqtisadi inkişaf nəticəsində ölkənin gəlirlərinin artması iqtisadiyyata qoyulan dövlət investisiyalarının da həcmini artırır. Artıq yerli sərmayənin həcmi xarici sıərmayənin həcmini üstələyib. Azərbaycan artıq xarici ölkələrə sərmayə qoyuluşunu həyata keçirir. Bu da, birbaşa olaraq həyata keçirilən iqtisadi siyasətin məntiqi nəticəsidir.