Prezident təbrik məktubları göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı münasibətilə Kraliça Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, əlaqələrimizin hərtərəfli genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və rifah arzulayıram".
* * *
Ölkə Prezidenti həmçinin milli bayramı münasibətilə Prezident Dmitri Medvedevə də təbrik məktubu göndərib.
Məktubda deyilir: "Dövlət bayramı - Rusiya Günü münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.
Dost Rusiya iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi üzrə genişmiqyaslı proqramları uğurla həyata keçirir. Ölkənin beynəlxalq birlikdə nüfuzu artır, mövqeləri möhkəmlənir. Azərbaycan ilə Rusiya arasında etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dərin tarixi kökləri vardır. Əminəm ki, bu xeyirxah ənənələr, dövlətlərarası münasibətlərimiz, hərtərəfli əməkdaşlıq xalqlarımızın mənafeyi, Qafqazda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, bütün Rusiya xalqına firavanlıq və tərəqqi arzulayıram".