PDF Oxu

Siyasət

  • 12

Tarixi dostluq və qardaşlıq strateji tərəfdaşlığa çevrilir

Tarixi dostluq və qardaşlıq strateji tərəfdaşlığa çevrilir
Məlum olduğu kimi, iyun ayının 7-də Azərbaycan və Türkiyə dövlətləri arasında tarixi bir razılaşma əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirakı üçün səfəri çərçivəsində imzalanan bu müqavilə iki ölkə ərasında qaz alqı-satqısı və tranzitini ehtiva edir ki, bu məsələnin də, artıq uzun bir müddətdir ki, razılaşdırılması üzərində danışıqlar aparılmaqdadır.
Nəhayət ki, təbii qazın qiyməti barədə hər iki ölkənin nümayəndələrinin gəldiyi razılıqdan sonra müqavilənin imzalanması qalmışdı ki, bu da məhz ayın 7-də baş tutdu.
Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətləri, həmçinin, hərtərəfli əməkdaşlıq münasibətləri çərçivəsində energetika sahəsində də əməkdaşlığın yaranması qarşılıqlı əməkdaşlığı şərtləndirən amillərdəndir. Regionda bir sıra enerji layihələrinin müəllifləri olan Azərbaycan və Türkiyə arasında imzalanan son saziş də onların gələcəkdə tutacaqları mövqeyi və regionun enerji təhlükəsizliyində oynayacaqları rolu bir daha göstərmiş oldu. Bu müqavilənin imzalanması ilə, həm də, Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayacaq. Regionda aktiv siyasi aktorlar sayılan Azərbaycan və Türkiyə bu sahədə də öz əməkdaşlıqlarını genişləndirməklə gələcək perspektivli inkişafın əsasını qoymuş oldu. Ekspertlərin də qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın yaranması iqtisadi baxımdan onların hər ikisi üçün əlverişli olduğu kimi, bu, ümumilikdə, regionda da enerji təhlükəsizliyinə təminat vermiş olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Abdullah Gül və baş nazir R.T.Ərdoğan arasında keçirilən ikitərəfli görüşlərdə də iki ölkə arasında münasibətlərin müasir durumu və gələcək inkişaf prespektivləri müzakirə olunub. Görüşlərdə iki ölkə arasında yaranan əməkdaşlıqdan məmnunluq duyulub. İmzalanmış qaz sazişinin isə Azərbaycan ilə Türkiyənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ olduğu bildirilib. Azərbaycanla Türkiyə arasında energetika və bütün digər sahələrdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyindən əminlik ifadə olunub. Bu əminliyin nəyə arxalandığına gəldikdə isə, onu qeyd etmək lazımdır ki, iki ölkə arasında kimin və yaxud hansı hökumətin mövcud olmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə dostluğu daim mövcud olmuşdur və xalqlarımız arasında dostluq əlaqələri dərin tarixi köklərə malikdir. Bu dostluğu, mehribançılığı isə qarşılıqlı yardımlaşma və dəstək münasibətlərində görmək olar. Bu münasibətlərə qarşı müxtəlif dövrlərdə qərəzli münasibət və ya onu pozmaq cəhdləri olsa da, belə cəhdlər həmişə uğursuzluqla nəticələnmişdir.
İndiki dövrdə də belə bir qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri çox qabarıq şəkildə özünü göstərməkdədir. Ötən ay Türkiyənin baş nazirinin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş də bunu deməyə əsas verir. Görüşdən sonra verilən bəyanatlar da iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını sübut etmiş oldu. Bundan bir ay sonra isə, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və səfər zamanı imzalanmış qaz müqaviləsi iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqla müşahidə olundu.
İki ölkə arasında belə yüksək səviyyəli əməkdaşlığın yaranması onların problemlərinin də birgə həllinə şərait yaratmış olur. Hər iki ölkənin problemlərinin həllində bir-birinə dəstək verilməsi problemlərin həllinin aktivliyini də gündəmə gətirmiş olur. Türkiyənin Azərbaycanı Dağlıq Qarabağ probleminin həllində dəstəkləməsi və bu barədə Ermənistanı öz qeyri-konstruktiv siyasətindən əl çəkməsi üçün ona qarşı müxtəlif təzyiqlər etməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının müzakirəsi zamanı daim gündəmdə olmuşdur. Minsk Qrupunun məhz bu sahədə fəaliyyətini genişləndirməsi ilə bağlı Türkiyənin öz nüfuzundan istifadə edərək, ona müəyyən xəbərdarlıqlar etməsi də Türkiyənin Dağlıq Qarabağ probleminə verdiyi diqqətin təzahürüdür. Bu münaqişənin nizamlanmasının, bütövlükdə, regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini anlayan Türkiyə dövləti bu sahədə də Azərbaycanı dəstəkləməyə davam edir.
Azərbaycan dövlətinin də Türkiyəyə münasibətdə eyni mövqe nümayiş etdirməsi müşahidə olunmaqdadır. Son zamanlar Türkiyə ilə İsrail arasında yaşanan gərginlik də Azərbaycan Prezidenti İlham Əliyevin R.T.Ərdoğanla görüşündə müzakirə olunmuş və İlham Əliyev bu məsələdə Türkiyənin yanında olduğunu nəzərə çatdırmışdır.
Azərbaycan və Türkiyə arasında belə mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin yaranması bir sıra qüvvələr tərəfindən qısqanclıqla qarşılanır desək, yanılmarıq. Bu qüvvələrin başında duran isə, heç şübhəsiz ki, Ermənistan dövləti və onun havadarlarıdır. Azərbaycanla Türkiyə arasında yaranan belə münasibətlər fonunda Ermənistanın regional layihələrdən kənarda qalması və hər iki ölkə ilə sərhədlərinin bağlı olması onun inkişafdan geri qalmasına şərait yaradır. Bu isə Ermənistanın regionda artıq öz nüfuzunu itirmiş olduğu hakimiyyətinin apardığı səmərəsiz siyasətin nəticəsidir.
Beləliklə, Azərbaycan və Türkiyə dövlətləri arasında daha bir tarixi hadisənin baş tutması ilə müşahidə olunan Azərbaycan Prezidentinin Türkiyə səfəri iki ölkə arasında sıx dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmlətmiş oldu. Əlbəttə, Prezident İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində zirvə toplantısında iştirak edəcək və daha bir neçə dövlət başçısı ilə görüşlər keçirəcək. Lakin heç şübhəsiz ki, Türkiyə ilə imzalanan qaz müqaviləsi daha yaddaqalan və önəmlidir.

Digər xəbərlər