İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb. Dövlətimizin başçısını İstanbulun Atatürk Beynəlxalq hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə prezidenti Abdullah Gül ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafında məmnunluq ifadə olunub, yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən, energetika sahəsində əməkdaşlığın və bu əməkdaşlığın regional əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təbii qazla bağlı imzalanacaq sənədlər Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni bir mərhələ olacaq.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı, ikitrəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın idarə heyətinin sədri Fazil Şenel imzalayıblar.
Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannaməni, Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız imzalayıblar.
İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız sənədlərin 3 təməl məsələni əhatə etdiyini deyib: "Azərbaycandan daha öncə alınmış təbii qazın qiymət fərqinin ödənməsi, "Şahdəniz-2" layihəsindən alınacaq qazın qiyməti və miqdarı, eləcə də, qazın tranzit tarifləri".
Türkiyəli nazir, daha öncə, köhnə tariflə alınmış təbii qaza görə, Azərbaycana nə qədər pul ödənəcəyini açıqlamayıb: "Həm Türkiyənin təbii qaza olan ehtiyacı, həm də Avropa ölkələrinin qaz təminatına yönəlmiş layihələr üçün Azərbaycan qazı çox önəmlidir. İmzalanan sazişlə Türkiyənin "Şahdəniz-2" layihəsindən qaz alması təmin ediləcək, 11 milyard kubmetrlik ehtiyata malik bu yataqda Türkiyə də söz sahibi olacaq. "Nabucco" kimi layihələrin qazla təmin olunması baxımından da, Azərbaycan çox böyük önəmə malikdir".
T.Yıldız sənədlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən satın alınan Türkiyənin neft-kimya nəhəngi PETKİM-in illik qaz ehtiyacının ödənməsinin də nəzərdə tutulduğunu açıqlayıb. Nazir "hər iki ölkə arasında mövcud olan güclü əlaqələr bundan sonra da davam edəcək. Azərbaycanlı qardaşlarımızı təbrik edirəm" deyə sözünü tamamlayıb.
Taner Yıldız Azərbaycandan alınacaq qazın yeni qiymətini açıqlamayıb. O bildirib ki, qiymət müxtəlif vaxtlara görə dəyişkən olacaq. Bununla belə, nazir deyib ki, Azərbaycan Türkiyəyə qazı Rusiyadan alınan qazdan ucuz satacaq.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də sazişin imzalanmasını çox böyük və tarixi hadisə adlandırıb.
Türkiyə və dünya mediası səfərə və imzalanan sənədlərə böyük yer ayırıb. "Milliyet" qəzetinin saytında yayımlanan "Azərbaycanla enerji razılaşmaları imzalandı" başlıqlı məqalədə "Ayrıca özəlləşdirilməsi əsnasında azərilərə satılan PETKİM-in illik ehtiyacını qarşılayacaq və xərcini qurtaracaq bir tənzimləməylə birlikdə PETKİM-ə qaz verilməsinin də razılaşmalara daxil olduğunu söyləyən Ulduz, razılaşmalarla bağlı məsələlərin önümüzdəki günlərdə həyata keçiriləcəyini" yazdı.
Qəzetin internet saytında yayımlanan geniş məqalədən bir hissəni oxucularımızın diqqətinə çatdırırıq: "T.Ulduz, 'Həm Türkiyənin təbii qaz təhlükəsizliyiylə bağlı önümüzdəki dövrdə ehtiyacının qarşılanması, həm eyni zamanda, Avropadakı ölkələrin təbii qazdakı təhlükəsizliyinin qarşılanmasıyla birlikdə Nabucco, Türkiyə-Yunanıstan-İtaliya təbii qaz boru xətti kimi bir çox inkişaf etdirilə biləcək proyektlərə qaynaq meydana gətirmək baxımından da Azəri qazının son dərəcə önəmli bir qaynaq olduğunu və bunun da önünün bu razılaşma ilə açıldığını söyləyə bilərik' deyə danışdı.
Naxçıvanla bağlı isə T.Yıldız, 'Naxçıvana təbii qaz tədarükü ilə bağlı xoş niyyət çərçivəsində "Socar" şirkətiylə bizim oraya 500 milyon kubmetrlik ehtiyat meydana gətirib, oranın qaz ehtiyacının qarşılanması və orada təbii qaz ilə çıxarılacaq elektrikin barter edilməsi, bizim Azərbaycanla olan siyasi və ictimai əlaqələrimizi daha da gücləndirəcək bir mövzudur' şəklində danışdı.
Azərbaycan sənaye və enerji naziri Natiq Əliyev də, Türkiyə ilə Azərbaycan arasında imzalanan razılaşmaların, təbii qaz xaricində başqa sahələrə də önəmli təsirinin olacağını ifadə edərək, qazdan gələcək sərmayəni PETKİM-ə də istiqamətləndirə biləcəklərini ifadə etdi.
'Nabucco"ya qaz verib verməyəcəklərinə' bağlı bir sual üzərinə N.Əliyev, "Nabucco"nu dəstəklədiklərini müxtəlif şəkildə dilə gətirdiklərini ifadə edərək, Azərbaycanın imkanı olması halında qazını "Nabucco"ya açacağını, ancaq buna istiqamətli rəsmi razılaşmaları olmadığını və bugünkü razılaşmanın bu baxımdan önəm daşıdığını söylədi".
Son vaxtlar regionda yaşanan proseslər və Türkiyə-Azərbaycan münasibətlərinin daha da istiləşməsi fonunda bu səfərin böyük önəm daşıdığını söyləmək olar. İstanbulda imzalanan sənədlər göstərdi ki, iki qardaş ölkə iqtisadi əlaqələri daha da möhkəmləndirərək, bir-birinə inkişaf etməkdə yardımlarını artırırlar. Bu isə, bir daha Türkiyə və Azərbaycanın bütün məsələlərdə bundan sonra da, eyni mövqedən çıxış edəcəyini ortaya qoydu.
İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olub. Görüşdə Azərbaycan ilə Makedoniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi. Ölkələrimiz arasında müəyyən oxşar cəhətlərin olduğunu vurğulayan dövlət başçıları iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlığın faydalı olacağını və əlaqələri inkişaf etdirməyin məqsədəuyğunluğunu bildirdilər. Makedoniya Prezidenti ölkəsinin Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək arzusunda olduğunu bəyan etdi. Görüşdə ölkələrimizin müəyyən məsələlərdə bir-birinə dəstək verdiyi də qeyd olundu.
Dünən həmçinin İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları gəmi ilə Bosfor boğazında gəzintiyə çıxıblar. Sonra "Dolmabaxça" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib. Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib. Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri davam edir.