PDF Oxu

Siyasət

  • 11

Belarus Azərbaycan üçün etibarlı tərəfdaşdır

Belarus Azərbaycan üçün etibarlı tərəfdaşdır
Dünən "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi ziyafət verilib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Prezident İlham ƏLİYEV əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edərək deyib: "Bu gün səfər çərçivəsində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək bir neçə mühüm sənəd imzalanmışdır. Bizim yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri isə bizim münasibətlərin dinamikasına dəlalət edə bilər. Son beş ildə dörd belə səfər olmuşdur. Bu fakt özü bizim ikitərəfli münasibətlərə nə qədər böyük əhəmiyyət verməyimizi göstərir. İqtisadi cəhətdən 2009-cu ilin böhran ili olmasına baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasını müşahidə etmişik. Yəqin ki, bu, 2009-cu ildə nadir hadisələrdən biridir. Biz bu il də əmtəə dövriyyəsinin artdığını görürük".
Dövlətimizin başçısı Belarusun əldə etdiyi uğurların ölkəmizdə maraqla izlənildiyini diqqətə çatdıraraq bildirib: "Belarusda baş verən prosesləri biz Azərbaycanda böyük maraqla müşahidə edirik. Sizin uğurlarınıza sevinirik. Bütün bu uğurların əsasını Belarusun lideri, Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun çox böyük əməyi təşkil edir. Onun rəhbərliyi altında Belarus inkişafda çox böyük uğurlar qazanmışdır".
Prezident İlham Əliyev Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə də danışıb: "Biz Sizin əsl dostlarınız kimi, uğurlarınıza sevinirik. Öz tərəfimizdən çalışırıq ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutduğumuz bütün sahələr dərin məzmun kəsb etsin. Əminəm ki, nəzərdə tutduqlarımıza nail olacağıq. Hər halda, münasibətlərimizin inkişafının tarixi, son illərdə bu münasibətlərin dinamik inkişafı bunu deməyə imkan verir".
X X X
Azərbaycan-Belarus münasibətləri ilə bağlı söylədiyi fikirlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Prezident Aleksandr LUKAŞENKO ötən səfərindən keçən dövrdə Bakıda çox böyük inkişaf proseslərinin şahidi olduğunu bildirərək dedi: "Mən sözümə ona görə bu məqamdan başlayıram ki, hətta dünən axşamdan xeyli keçmiş, son üç ildə olmadığım bu gözəl şəhərə daxil olarkən Bakının axşam mənzərəsinin gözəlliyinə heyran qaldım. Bunu hamı hiss etdi".
Belarus Prezidenti paytaxtımızda əldə edilən bütün bu inkişaf proseslərində, bütövlükdə Azərbaycanın qazandığı uğurlarda Prezident İlham Əliyevin böyük xidmətlərini qeyd edərək bildirdi: "Bu, Sizin torpağınızın hər kilometrində, hətta hər metrində görünür. Mən əminəm ki, yalnız nəinki bu işə, həm də öz xalqına vurğun insan, bu xalqın firavanlığını istəyən insan paytaxtda və bütün ölkədə bu cür quruculuq işləri apara, onun simasını bu cür dəyişə bilər".
Prezident Aleksandr Lukaşneko Azərbaycan xalqına firavanlıq və xoşbəxt gələcək arzulayaraq dedi: "Dünən axşam dəniz kənarında şən, mehriban gəncləri gördüm. Bütün azərbaycanlılar bu cür mehriban, xoşbəxt olacaqlar. Biz belaruslar sizə bunu arzulayırıq. Sizi əmin edə bilərəm ki, biz sizin hətta ən kiçik uğurunuza da sevinirik. Biz sizin uğurlarınızı həyəcanla izləyəcək və sizə həm də ona görə yalnız səadət arzulayacağıq ki, əgər siz güclü və xoşbəxt olsanız, biz də sizin etibarlı dostlarınız kimi güclü və xoşbəxt olacağıq".
X X X
Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib
Dünən Bakıda, Xətai rayonu ərazisində Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər. Prezidentlər gilizi təmələ buraxdılar və beton qarışığı tökdülər.
Dövlət başçıları binanın layihəsi və maketi ilə tanış oldular. Prezidentlər İlham Əliyevə və Aleksandr Lukaşenkoya məlumat verildi ki, ümumi sahəsi 1950 kvadratmetr olacaq səfirliyin üçmərtəbəli binası Qərb və Şərq memarlığının elementlərini özündə əks etdirəcək. Konsulluq şöbəsi də burada yerləşəcəkdir. Binada konfrans zalları, müxtəlif xidməti otaqlar olacaqdır. Diplomatik missiyanın yerləşdiyi kompleksdə səfirliyin əməkdaşlarının yaşaması üçün 2160 kvadratmetrlik ərazidə dördmərtəbəli bina da inşa ediləcək. Sonra dövlət başçıları Gəncə avtomobil zavodunun istehsal etdiyi müxtəlif təyinatlı maşınlarla tanış oldular. Bildirildi ki, 2006-cı ilin oktyabrında əldə olunmuş razılığa əsasən 2007-ci ilin martından Gəncə avtomobil zavodunda "Belarus" markalı avtomobillərin istehsalı həyata keçirilir. Bu, Azərbaycanda həm "Belarus" traktorları, həm də "MAZ" yük avtomobilləri, kommunal və inşaat texnikaları istehsal edən yeganə müəssisədir. Zavod respublikanın səkkiz regionunda yüksək keyfiyyətli servis xidməti də göstərir.

Digər xəbərlər