"İşsizlik və yoxsulluq Azərbaycan tarixindən silinəcək"
Artıq birmənalı şəkildə demək olar ki, ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülübdür. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcəkdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Buta" sarayında 28 May- Respublika Gününə həsr olunmuş rəsmi qəbulda etdiyi çıxışında bildirib.
Dünyada maliyyə və iqtisadi böhran hələ başa çatmayıb, bu yaxınlarda Azərbaycan mötəbər reytinq agentlikləri tərəfindən çox yüksək qiymət alıb. Bu, çox önəmli bir hadisədir. Çünki dünyada mövcud olan və davam edən böhran bir çox ölkə qarşısında çox böyük problemlər yaradıb.
Azərbaycan isə o ölkələrdəndir ki, iqtisadi böhrandan ən az itkilərlə çıxa bilib. Keçən il böhrana, dünya neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız 9,3 faiz artıb. Bu artım və dinamika bu gün də davam edir. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların dünya birliyi tərəfindən yüksək dəyərləndirilməsi ölkə Prezidentinin və hökumətin fəaliyyətinə verilən qiymətdir.
Bəzən qeyd olunur ki, bütün bunlar ölkənin neft gəlirlərinin çoxluğu hesabına mümkün olub. Lakin onu da nəzərə almaq lazımdır ki, dünyada Azərbaycandan qat-qat, böyük həcmdə neft hasil və ixrac edən ölkələr də var. Bu ölkələrin bir çoxunda hökumət sosial müdafiə sahəsində Azərbaycan qədər böyük proqramlar həyata keçirmir.
Qlobal böhran onu göstərdi ki, burada neft gəlirlərinin çoxluğu heç də həlledici rol oynamır. Həlledici rol oynayan amillər- düşünülmüş siyasət, siyasi iradə, sabitlik, investisiya qoyuluşuna cəlbedicilik və ölkədə biznes üçün yaranan çox gözəl, əlverişli mühitdir.
Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür və bu gün Azərbaycanda artıq güclənən sahibkarlar sinfi yaranmaqdadır.
Biz iqtisadi sahədə siyasətimizi davam etdirəcəyik- deyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, "bu siyasət imkan verir ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək, güclü sosial siyasət aparaq. Baxmayaraq ki, keçən il müəyyən maliyyə daxilolmaları azaldı, heç bir sosial proqram təxirə salınmadı, bütün sosial proqramlar vaxtında icra edildi, manatın məzənnəsi sabit olaraq qaldı. Bu, çox sevindirici haldır, bizim düşünülmüş siyasətimizin nəticəsidir. Beləliklə, Azərbaycan vətəndaşları bu böhrandan ən az əziyyət çəkən insanlar olmuşlar.
Biz bundan sonra da güclü sosial siyasət aparacaq, iqtisadi imkanlarımızı genişləndirəcəyik. Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur.
Bizim daxili imkanlarımıza əsaslanaraq, dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib, ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır. Bizim bu istiqamətdə siyasətimiz öz nəticələrini verir".
Dövlət başçısı vurğulayıb ki, neft-qaz sahəsində bu vaxta qədər görülmüş işlər təqdirəlayiqdir. "Bundan sonrakı işlərimiz də görülmüş işlər əsasında həyata keçiriləcəkdir. Qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır. Biz enerji təhlükəsizliyi məsələlərinin həllində həm bölgədə, həm qitədə çox müsbət rol oynayırıq. Əminəm ki, qarşıda yeni layihələrin icrası nəticəsində Azərbaycan daha da böyük enerji resurslarından istifadə edə biləcəkdir.
Bizim ixrac imkanlarımız artır. İxracın strukturu müsbətə doğru inkişaf edir, idxal isə azalır. Bu gün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac edirik. Görülən və görüləcək tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafının gələcəyi də çox müsbət, ümidverici olacaqdır".
Göründüyü kimi, Azərbaycan hakimiyyəti ölkənin neft gəlirlərini, əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkə iqtisadiyyatının inkişafına yönəltməklə sosial siyasətin əsas prioritet olduğunu ortaya qoyub. Prezident İlham Əliyev isə dəfələrlə qeyd edib ki, ölkənin sərvətləri xalqa məxsusdur və bu resurslardan ölkə vətəndaşlarının maksimum bəhrələnməsi üçün lazımi fəaliyyət həyata keçiriləcək.