Vaxt ermənilərin əleyhinə işləyir
Xəbər verdiyimiz kimi, mayın 20-də Avropa Parlamenti "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul edib. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunub. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Avropa Parlamenti tərəfləri konstruktivliyə dəvət edərək, faktiki olaraq, yeniləşdirilmiş Madrid prinsipləri barədə mövqeyini hələ də bildirməyən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı qayıdaraq, danışıqları pozmağa çalışan Ermənistanı qeyri-konstruktiv tərəf kimi göstərir, onu təklifləri qəbul etməyə çağırır.
Avropa Parlamentinin üzvləri ərazi bütövlüyü prinsipini dəstəkləyərək, Azərbaycan Respublikası ərazilərinin hərbi yolla işğalının davam etdirilməsi üçün istifadə olunan faktların təhrif edilməsi taktikasını birmənalı şəkildə rədd ediblər.
Qətnamə mövcud status-kvonun aradan qaldırılmasını tələb edir və göstərilir ki, bu vəziyyət "zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmədən" yaranıb.
Sənəddə bir daha vurğulanıb ki, beynəlxalq birliyin rolu müasir sivil dünyada qəbul edilmiş davranış qaydalarını başa düşmək istəməyən erməni tərəfinə bunu bir daha izah etmək, onu inandırmaqdır ki, təcavüz, etnik təmizləmələr və işğal kimi metodlar keçmişdə qalmalıdır.
Avropa ictimaiyyəti Dağlıq Qarabağ ətrafında Azərbaycan rayonlarının "girov" kimi saxlanması və Dağlıq Qarabağ regionunun statusuna dair danışıqlarda həmin rayonlardan istifadə etmək istəyən erməni tərəfinin taktikası ilə razılaşmadığını nümayiş etdirib.
Qətnamədə erməni tərəfə bir daha xatırladılır ki, indiki durumda öz müqəddəratını təyin etmənin ən yüksək həddi "daxili təyini-müqəddərat" ola bilər. Qətnamənin bütün müddəaları Ermənistana izah edir ki, XXI əsrdə qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən, təyini-müqəddərat hüququ ilə bəraət verilə bilməz.
Bu sənədlə Avropa Yerevana açıq-aydın xəbərdarlıq edir ki, o, işğal edilmiş bölgələrin azərbaycanlı əhalisini Dağlıq Qarabağın qəti statusu müəyyən edilənə qədər təqib etməkdən, onları girov kimi saxlamaqdan əl çəkməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tam, birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər.
Bu əhali həm erməni icmasını, həm də azərbaycanlı icmasını əhatə edir. Bunun üçün öz yurdlarından qovulmuş azərbaycanlıların doğma evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmalıdır, bu isə yalnız hərbi işğal başa çatandan sonra mümkündür.
Sənəddə Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən, onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə Konvensiyasına əsasən, o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır.
"Buta" sarayında 28 May- Respublika Gününə həsr olunmuş rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə də toxunub bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. "Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır".
Dövlət başçısı deyib ki, qətnamədə güc tətbiq etməklə, heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmağın mümkün olmadığı açıq-aydın göstərilir: "Açıq-aydın göstərilir ki, bu vəziyyət- nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir. Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıbdır. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilibdir.
Onların belə isterik reaksiyası bunun əyani sübutudur. Əgər belə olmasaydı, Ermənistan rəsmiləri Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə dair çox gülməli və əsassız şərhlər verməzdilər. Yəni, onlar deyirlər ki, bu qətnamə Madrid prinsiplərinə ziddir. Halbuki bu, Madrid prinsiplərinə və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Belə gülməli və qeyri-ciddi şərhlər, təkcə onu göstərir ki, Ermənistan tərəfi, doğrudan da, təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar".
Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma "seçkilər"ə toxunan Prezident İlham Əliyev bildirib ki, bu "seçkilərə" beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcəkdir.
"Minsk Qrupunun həmsədr ölkələri, Avropa Birliyi, İslam Konfransı Təşkilatı, qonşu dövlətlər, Avropa Şurası, bütün beynəlxalq birlik bu dırnaqarası seçkiləri pislədi, bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bunu açıq şəkildə bəyan etdi. Belə olan halda, şübhəsiz ki, Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcəkdir. Bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım da geri çəkilməyəcək.
Doğrudur, torpaqlarımız işğal altındadır. Bu işğal davam edir və Ermənistanın danışıqlarda qeyri-konstruktiv və riyakar davranışı, onu göstərir ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxtı uzatmaq istəyir. Beynəlxalq vasitəçiləri aldatmaq istəyir ki, o, sanki danışıqlarda iştirak edir. Amma onların danışıqlarda iştirakının əsas səbəbi vaxt uzatmaqdır. Ancaq vaxt uzatmaqla onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyirinə işləmir".
Ümumiyyətlə, bölgədə gedən proseslər, bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz.
Bu gün Azərbaycanın hərbi qüdrəti imkan verir ki, öz torpaqlarını güc yolu ilə azad etsin. Lakin Azərbaycan hər zaman münaqişənin dinc yolla həllinə tərəfdar olub. Ancaq bu variant heç vaxt istisna olunmayıb və ölkə Prezidenti bunu, mütəmadi olaraq, bəyan edir.