Çin Azərbaycanla iqtisadi tərəfdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Çin Xalq Respublikasının Mərkəzi Bankının sədri Çjou Syaoçuanı qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Çin Xalq Respublikası ilə əlaqələri bütün sahələrdə genişləndirmək niyyətində olduğunu bildirib. Dünya maliyyə böhranına baxmayaraq ölkələrimizin yaxşı iqtisadi artım templəri nümayiş etdirdiyini qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində birgə təşəbbüslər barədə qarşılıqlı fikir mübadiləsi aparmağın önəmini vurğulayıb. Dövlətimizin başçısı Çin Xalq Respublikası Mərkəzi Bankının sədrinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə və uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Çjou Syaoçuan yaxın vaxtlarda "Böyük iyirmiliyin" toplantısında müzakirə olunacaq beynəlxalq maliyyə sistemində aparılan islahatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini öyrənməyin səfərinin əsas məqsədlərindən biri olduğunu deyib. Çin Xalq Respublikasının Mərkəzi Bankının sədri Çjou Syaoçuan ölkəmizə səfərinin səmərəli keçəcəyinə əmin olduğunu vurğulayıb.