Sahibkarlığa dövlət qayğısı artır
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir. Hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadi artım tempinə görə beynəlxalq miqyasda lider dövlətə çevrilərək, dünyanın ən islahatçı ölkəsi kimi tanınır. Belə ki, Qərb standartlarına cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılır. Regional inkişafa dair Dövlət Proqramının ikinci mərhələsi də uğurla həyata keçirilməkdədir. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə məsələ ilə bağlı açıqlamasında bildirib ki, həyata keçirilən dövlət proqramları ölkə iqtisadiyyatını qüdrətləndirir, insanların rifah halını daha da yaxşılaşdırır. Z.Səmədzadə bu nailiyyətlərdə xüsusi olaraq, sahibkarlığın daha yüksək inkişaf etdiyini söylədi: "Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini xüsusi qeyd etdi: "Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir".
Millət vəkili dünya iqtisadiyyatının zəiflədiyi 2009-cu ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərin, xüsusən də, ümumi daxili məhsul istehsalının 9,3 faiz artımı olduğunu, 73613 yeni iş yerinin açıldığını söylədi: "Bu gün Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu dünyanın aparıcı iqtisadçıları və nüfuzlu nəşrləri də təsdiqləyirlər. "İnternational Livinq" jurnalı ölkələrin 2009-cu il reytinq göstəricisində Azərbaycan iqtisadiyyatının göstəricilərini region ölkələri arasında ən yüksək nəticə kimi qeydə almışdır. Son altı ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını sübut edir. 2004 - 2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmış, ölkədə 33 mindən artıq yeni müəssisə və 840 mindən çox iş yeri açılmışdır. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilən birinci regional inkişaf proqramı mühüm rol oynayır. Xatırladaq ki, 2004-2008-ci illəri əhatə edən bu mühüm ümummilli proqramın uğurla yerinə yetirilməsi Azərbaycanın sürətli inkişafını təmin etdi, ölkə regionlarının sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırdı".
Z.Səmədzadənin sözlərinə görə, ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlığa dövlət qayğısı daha da artmaqdadır: "Ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər öz əksini tapıb. Ümumiyyətlə, son 2 ildə 88 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb. Cənab İlham Əliyevin ötən illərdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırıbdır. 2010-cu ilin əvvəlindən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması da qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığa ciddi dəstəkdir. Bu ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilibdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır".
Göründüyü kimi, əldə edilən uğurların böyük hissəsi qeyri-neft sektorunun, özəl bölmənin payına düşür. Bu isə dövlətin sahibkarlığa, iş adamlarına göstərdiyi diqqətin getdikcə artırılması ilə bağlıdır.