Misir Azərbaycan üçün dost və tərəfdaş ölkədir
Prezident İlham Əliyev dünən Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Misirə rəsmi səfəri zamanı keçirdiyi görüşləri xatırlayaraq Azərbaycan ilə Misir arasında müxtəlif səviyyəli tədbirlərin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Misirin xarici işlər naziri Əhməd Abul Ğeytin ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Xarici işlər naziri Əhməd Abul Ğeyt Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. Qonaq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin, sabitlik və əmin-amanlığın, yaradılmış müasir infrastrukturun, inşa olunan yeni obyektlərin onda böyük təəssürat doğurduğunu deyib. Dövlətimizin başçısı son illər ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafın əldə olunduğunu bildirərək paytaxtımızda və bölgələrdə mühüm layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkəmizin güclü və müasir bir dövlətə çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Misir dövlətinin başçısı Hüsni Mübarəkin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misir Prezidentinə çatdırmağı xahiş edib.