PDF Oxu

Siyasət

  • 9

Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir

Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində  açıqlanan statistik rəqəmlər  reallığı əks etdirir.
Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında diqqəti ötən ildə ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlara yönəldərək, bildirdi ki, bu nailiyyətlərin təməlində düşünülmüş siyasət, ölkənin milli maraqlarının qorunması, siyasi, iqtisadi  islahatlar, demokratik proseslər dayanır. Cənab Prezident qeyd etdi ki, ölkəmizdə makroiqtisadi göstəricilər, bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur.

Eldar İbrahimov: "Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatının inkişafını daha da sürətləndirəcək önəmli hadisələr baş verib"
 Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Eldar İbarihimov hökumətin qarşısında duran əsas məsələni insanların yaşayış səviyyəsinin yüksək olması və yoxsulluğun tezliklə ləğv olunması kimi dəyərləndirdi. Qeyd etdi ki, Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 31,8 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 6,8 faizlik real artım deməkdir. Lakin beynəlxalq təşkilatlar və ekspertlər bunun daha çox olacağını proqnozlaşdırır deyən E.İbrahimov proqnozlara görə, 2010-cu ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4 faiz səviyyəsinə qədər yüksəlməsinin müşahidə olunacağını bildirdi. Bu il, həmçinin, ÜDM-in tərkibində sənaye sahəsi üzrə 7,8 faizlik artımın gözlənildiyini bildirən E.İbrahimov qeyri-neft sənayesində 2,4 faiz səviyyəsində real artımında  olacağının proqnozlaşdırıldığını diqqətə çatdırdı. Ötən illə müqayisədə bu ilin ilk rübündə əldə olunan uğurların ölkədə sürətli inkişaf meyillərinin davam etdiyindən xəbər verdiyini deyən E.İbrahimov Azərbaycanda kənd təsərrüfatında, nəqliyyatda, rabitədə, sosial və digər xidmətlərdə artımın nəzərəçarpacaq səviyədə olduğunu bildirdi. "Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə əhəmiyyətli dərəcədə yüksəlib. E.İbrahimov bildirdi ki, hazırkı durumda Azərbaycan dünyada hökm sürən qlobal maliyyə böhranından ziyan çəkməyən və sabit inkişafda olan çox az sayda ölkədən biridir. Bütün bunlar isə, onu göstərir ki, ölkə rəhbərliyi düzgün iqtisadi siyasət yeridir və bu siyasət Azərbaycanda yeni bir inkişaf dövrünün əsasını qoyub deyən millət vəkili ötən ildə Azərbaycanın investisiya cəlbediciliyini qoruyub saxladığını bildirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Azərbaycanın  iqtisadi potensialına  daxili və xarici investorlar tərəfindən  böyük inamın olmasının və investisiyalar üçün cəlbedici ölkə kimi   mövqelərini saxlaya bilməsinin göstəricisidir.
"İqtisadiyyatı şaxələndirmək, ölkənin hərtərəfli inkişafına nail olmaq istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında  bəyan edir ki, iqtisadiyyatın inkişafını yalnız neft amili ilə bağlamaq olmaz.  2009-cu ildə ölkəyə qoyulan 9,3 milyard dollar investisiyanın 7,2 milyardı özəl sektorun payına düşür. Bu faktın özü dövlətin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqəti bir daha ortaya atır. Yeni iş yerlərinin yaradılması, yoxsulluq probleminin həlli dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında dayanır. Son altı ildə 850 min yeni iş yaradılıb. O da bəllidir ki, yeni iş yerlərinin əksəriyyəti bölgələrdədir.  Bu gün Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələri də sosial-iqtisadi inkişaf baxımından dünyanın diqqət mərkəzindədir. Ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Regionların sosial-iqtisadi inkşafına dair Dövlət Proqramı"nın uğurla yerinə yetirilməsi əldə olunan nəticələrdə də qabarıq şəkildə özünü büruzə verir. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı tam şəkildə yerinə yetirilib. İkinci Dövlət Proqramının ilk ili də uğurla sona çatdı. Qeyd edək ki, proqramın uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün regionlarda yeni infrastruktur layihələri həyata keçirilib. Ötən 6 ildə Prezident İlham Əliyevin bölgələrə 60-dan artıq səfəri olub. Dövlət başçısı, mütəmadi olaraq, regionlarda yaşayan əhalinin sosial problemləri şəxsən öz diqqətində saxlayır. Prezidentin hər bir səfəri isə yeni müəssisələrin, təhsil, səhiyyə ocaqlarının, idman komplekslərinin açılış və təməlqoyma mərasimləri ilə  yadda qalır. Təbii ki, bu diqqət və qayğı ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir" - deyən E.İbrahimov bütün bunların vətəndaşlarımızın gələcəyə olan ümidlərini daha da artırdığını bildirdi.
E.İbrahimov onu da əlavə etdi ki, region və dünya əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsinin nəticəsində ölkəmizin artan maliyyə imkanları yeni layihələrin icrasına imkan yaradıb. Millət vəkili  Azərbaycanın mövcud zəngin neft-qaz potensialına baxmayaraq, uğurlarımızın təməlində ciddi islahatların dayandığını vurğulayaraq bildirdi ki, həyata keçirilən tədbirlər, iqtisadiyyatın liberallaşması istiqamətində görülən işlər nəticəsində Azərbaycan hətta böhranlı 2009-cu ili də uğurla başa vurdu, ölkədə 9,3 faizlik iqtisadi artıma nail olunduğunu da diqqətə çatdırdı. Məhz bu uğurların 2010-cu ilin ilk rübündə də böyük sürətlə davam etdirildiyini bildirən E.İbrahimov Azərbaycanın yaxın gələcəkdə dünyanın aparıcı iqtisadi dövlətlərini qabaqlayacaq dərəcədə potensiala malik olduğunu söylədi.
E.İbrahimov onu da bildirdi ki, bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycanın növbəti inkişaf konsepsiyası üçün müəyyən olunan konkret tədbirləri özündə əks etdirən ikinci regional inkişaf proqramı ölkənin tarazlı və davamlı tərəqqisinin təmin olunması istiqamətində mühüm, bitkin bir sənəddir. Elə adıçəkilən proqram çərçivəsində ötən bir ildə həyata keçirilən tədbirlər də bunu bir daha sübut edir.

Aydın Hüseynov: "Bu gün Azərbaycanın valyuta ehtiyatları əhəmiyyətlə dərəcədə artmışdır"
YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 2009-cu il xalqımız və dövlətimiz üçün uğurlu, həm də yaddaqalan illərdən olduğunu bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanın valyuta ehtiyatları dünyanın aparıcı dövlətləri ilə müqayisə olunacaq səviyyədə artmışdır. A.Hüseynovun sözlərinə görə, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi-iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Təbii ki, bu uğurun əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır: "Prezident İlham Əliyevin son beş ildə iqtisadi islahatlar sahəsində qazandığı uğurların dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayıb. Müəllifi ulu öndər Heydər Əliyev olan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının ölkəmizə qazandırdığı uğurlar göz qabağındadır. Azərbaycan son illər iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alıb. İqtisadi tərəqqi güclü sosial siyasətə zəmin yaradır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasını təşkil edir"- deyən A.Hüseynov ölkəmizin iqtisadi imkanlarının daha da artması müqabilində Azərbaycanın dünyada liderliyini qoruyub saxlayacağına əminliyini ifadə etdi.
Geridə buraxdığımız 2009-cu ilin  ölkəmiz üçün olduqca uğurlu və əlamətdar hadisələrlə zəngin il olduğunu söyləyən A.Hüseynov inkişaf stategiyamızın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də bildirdi. "Məhz bu uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi qüdrəti daha da artaraq, siyasi arenada güclü dövlət kimi özünü təsdiq edib. Güclü dövlətə və dövlətçilik ənənələrinə, siyasi sabitliyə, davamlı iqtisadi inkişafa, sülhsevər xarici siyasətə malik hər bir azərbaycanlının vətəni olan müstəqil Azərbaycan dövlətini dünyaya qovuşduran ulu öndərin müstəqil dövlət quruculuğu modeli, prinsipləri dünya siyasi təcrübəsini zənginləşdirməyə xidmət edib. Bütün dünya üzrə müqayisəli təhlil aparsaq, görərik ki, Azərbaycanın 5-6 il ərzində əldə etdiyi uğurları heç bir ölkə əldə edə bilməyib. Bütün bu nailiyyətlərə ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin nəticəsində nail olunub" -deyən A.Hüseynov 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin toplantısında səslənən rəqəmlərin ölkəmizdə uğurlu inkişaf istiqamətlərinin reallıqlarını özünə ehtiva etdirdiyini bildirdi. Qeyd etdi ki, ötən ildə olduğu kimi, bu ilin ilk rübündə də ölkəmizin əldə etmiş olduğu uğurlar, xüsusən də, iqtisadi sahədə əldə olunan nailiyyətlər göstərdi ki, Azərbaycan özünün inkişaf modelinə əsaslanaraq, dünyanın aparıcı dövlətinə çevrilib.
Təşkilat sədri onu da vurğuladı ki, 2009-cu ildə dünyanın əksər ölkələrində gedən kəskin böhrana baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəldilməsi davam etdirilirb. O, ötən il əhalinin banklardakı əmanətlərində, iqtisadiyyatın bank və kredit təşkilatlarında, kredit qoyuluşunun həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ildə nəzərə çarpacaq dərəcədə yüksəliş olduğunu bildirdi. A.Hüseynov ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi ilə yanaşı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və tikinti sahələrində bu ilin ilk rübündə də artımın müşahidə olunduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın bu nəticələrə yalnız neft sektorunun sürətli inkişafı hesabına deyil, həm də qeyri-neft sektorunun inkişafı hesabına nail olduğunu bildirən A.Hüseynov ölkəmizdə neft gəlirlərindən səmərəli istifadə olunduğundan, əhalinin yaşayış səviyyəsi də ÜDM-in artım tempinə uyğun yüksələn xətt üzrə davam etdiyini söylədi.

Digər xəbərlər