“Prezidentin diqqəti sabaha inamımızı özümüzə qaytarır"
Məlum olduğu kimi, Kür və Araz çaylarında suyun səviyyəsinin yenidən artması təbii fəlakət bölgəsində vəziyyəti nisbətən gərginləşdiribdir. Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Bağırovun məlumatına görə, Kür boyu ərazilərdə bəndbərkitmə tədbirləri gücləndirilməkdədir. Araz və Kür çaylarında suyun qalxması su anbarlarında da ciddi vəziyyət yaradıbdır. Lakin vəziyyət nəzarət altındadır, səfərbər olunmuş qüvvələr Araz və Kür çaylarının sahilləri boyunca bəndlərin möhkəmləndirilməsi üçün intensiv iş aparırlar.
Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Bağırovun sözlərinə görə, bütün qüvvələr, səylər bəndlərin bərkidilməsinə yönəldilibdir ki, təkrar subasma hallarına yol verilməsin. Vəziyyəti ciddiləşdirən səbəblərdən biri də Sarısu gölündə suyun səviyyəsinin qalxmasıdır. Hal-hazırda küləkli hava göldə dalğalanma əmələ gətiribdir ki, bu da müəyyən qədər təhlükə ehtimalı yaradır. Bununla belə, xilasetmə qüvvələri daşqın sularının idarə olunması üçün ciddi tədbirlər görürlər.
Sabirabad rayon icra hakimiyyətinin məsul işçisi İlham Əsgərovun "Səs"ə verdiyi məlumatına görə, dalğalar küləklə müşayiət olunduğuna görə xilasedicilərin işlərini çətinləşdirir. Lakin buna baxmayaraq, yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Ərazidə Müdafiə Nazirliyinin 2 min əsgəri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bəndvurma işlərinə cəlb olunubdur. Sabirabadın Sarısu gölünün ətrafında yerləşən Naxırlı kəndinin əhalisi köçürülübdür. Gölün yaxınlığında olan Murazbəyli kəndinin köçürülməsinə də başlanılıbdır. Əhalinin mal-qarası da köçürülür. Əgər Sarısu gölündə su daşarsa, mütəxəssislərin qənaətinə görə İmişlinin Allahmədətli, Telişli, Saatlının Kamallı, Hacıqasımlı, Musalı, Sabirabad rayonunun Muradbəyli və Çığırğan kəndlərini də su basa bilər. Sabirabad rayonunun Çığırğan kəndində Kürün bəndinin aşması nəticəsində sahil zonasında gərgin vəziyyət yaranıbdı. Ən qısa müddətdə əlavə, qoruyucu bənd möhkəmləndirilərək, suyun kəndi basmasının qarşısı alınıbdır. Hazırda Kür çayından Sabirabad rayonu ərazisindən hər saniyədə 2450 kubmetr su keçir. Bu, çox böyük göstəricidir. Bir gün əvvəlkinə nisbətən Kürün səviyyəsi 3 santimetr qalxıb.
Təbii fəlakət zonası ilə əlaqə yaradarkən, son vəziyyətlə və görülən işlərlə bağlı hadisə yerində rayon əhalisilə bir yerdə olan Milli Məclisin deputatı Rüstəm Xəlilov məlumat verərək, bildirdi ki, bəndbərkitmə işləri aparılır. Doğrudur, çox çətin vəziyyət yaranıb. Bu, təbiətin yaratdığı fəlakətdir. Lakin daşqından əziyyət çəkən insanlar böyük ümidlərlə yaşayırlar. Xüsusilə də, ölkə Prezidenti İlham Əliyevin təbii fəlakət zonasına gəlməsi, orada müvəqqəti məskunlaşmış əhali ilə görüşməsi, onlara hər cür yardım ediləcəyi, kompensasiya veriləcəyi, uçmuş evlərin dövlət tərəfindən bərpa ediləcəyi barədə vəd verməsi təbii fəlakətdən zərər çəkən insanların gələcəyə ümidini xeyli artırıbdır. Onlar yalnız dövlət başçımıza inandıqlarını və güvəndiklərini bildirdilər. Xüsusilə də, ölkə Prezidenti İlham Əliyev cənablarının təbii fəlakətin nəticələrini aradan qaldırılması ilə bağlı dövlət komissiyalarının yaradılması əhali arasında sabaha daha böyük ümid yaradıb. Belə ki, hadisə baş verən gündən buradayam. Eyni zamanda, hadisə yerində Baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, demək olar ki, bütün günü təbii fəlakət zonasında olublar. Onlar bəndbərkitmə işlərinə şəxsən nəzarət edirlər. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da müvəqqəti məskunlaşan sakinlərə baş çəkib. Onu da qeyd edim ki, yerli sakinlər də özlərini itirməmiş, dövlət tərəfindən təşkil olunmuş canlı qüvvələrlə birlikdə uçmuş bəndlərin bərpasında yüksək fəallıq göstərirlər.
R.Xəlilov müxalifət mətbuatında qeyri-obyektiv, böhtanlı yazılara da münasibətini bildirdi: "Müxalifət qəzetinin təbii fəlakətlə bağlı yazılanlar tamamilə yalan məlumatlardır. Təəssüf hissi ilə qeyd edim ki, bəzi qüvvələr təbii fəlakətin törətdiyi fəsadları siyasiləşdirərək, belə məqamda, çirkin niyyətlərlə xalqı dövlətə qarşı qaldırmağa çalışırlar. Onlar bu yolla siyasi dividend qazanmaq istəyirlər. Ancaq əksinə, xalqın nifrətini qazandılar. Belə qüvvələrin himayədarlıq etdikləri kütləvi informasiya vasitələrində dərc olunan məqalələri oxuyanda, hiss edirsən ki, onlar bu hadisədən sevinirlər. Mən təbii fəlakət zonasına gəlmiş "Yeni Müsavat" qəzetinin əməkdaşına da iradımı bildirərək, dedim ki, elə yazırsınız ki, guya nəsə çox sevindirici bir hadisə baş verib. Ona xatırlatdım ki, bu fəlakətdən ziyan çəkənlər azərbaycanlılardır, doğmalarımızdır, yaxınlarımızdır. Bunu siyasiləşdirməklə heç nəyə nail olmaq mümkün deyil. Çünki xalq yalnız cənab Prezidentə inanır. Mən "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə, həmçinin, bəzi televiziya kanallarına demək istəyirəm ki, heç bir real faktlara əsaslanmayaraq, sensasiya yaratmaq naminə yalan məlumatlar yaymasınlar. Bu "Kütləvi informasiya vasitələri haqqında" Qanunun da norma və prinsiplərinə ziddir. Onlara xatırlatmaq istəyirəm ki, belə şayiələrlə heç kimi çaşdıra bilməyəcəklər. Hadisələrin gərgin, çətin məqamlarında baş verən proseslər bir daha təsdiqlədi ki, xalq Prezidentlə həmrəydir və yalnız Prezidentə inanır. Belə yalan məlumatlar yayanlar isə həm özlərinə, həm də təmsil olunduqları kütləvi informasiya vasitələrinə nifrət qazandırırlar".