PDF Oxu

Siyasət

  • 8

Təbii fəlakət zonasında durum stabildir

Təbii fəlakət zonasında durum stabildir

Mayın əvvəllərində ölkənin bəzi bölgələrinə yağan leysan yağışları nəticəsində Kür çayı məcrasından çıxaraq bir neçə rayonun kəndlərində sahil-mühafizə bəndlərini dağıdıb və tikililəri su altında qoyub. Dövlət orqanlarının operativ müdaxiləsindən sonra əraziyə xeyli sayda müvafiq texnika və canlı qüvvə cəlb olunub. Son günlərdə Kür çayının səviyyəsinin daha da artması nəticəsində Aran rayonlarında durum çətinləşsə də, bölgəyə ezam olunan yüksək rütbəli dövlət məmurlarının başçılığı ilə görülən tədbirlər öz nəticələrini verməkdədir.

Proses dövlət başçısının şəxsi nəzarəti altındadır
Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq dövlət qurumları səfərbər olunub. Mayın 11-də dövlət başçısı Şirvan şəhərində müvəqqəti salınmış çadır düşərgəsində olub. Dövlət başçısına burada görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, əhali ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunub. Bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı var. Dövlət başçısı çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
Sakinlər Prezident İlham Əliyevə onlarla görüşə gəldiyinə, problemlərlə yerindəcə tanış olduğuna görə razılıq ediblər. Bildirilib ki, 24 saat ərzində onlara hər cür qayğı göstərilir. Dövlət başçısı bundan sonra da daşqından zərər çəkənlərin bütün problemlərinin həllinin diqqətdə saxlanılacağını deyib.
Prezident İlham Əliyev bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkənlərin məişət problemlərinin həlli daim onun diqqət mərkəzindədir. Bu məsələlərin həlli üçün artıq lazımi tapşırıqlar verilib və onların icrası nəzarətdədir. Çadır düşərgəsində insanlara hərtərəfli tibbi xidmət də göstərilir. Prezident İlham Əliyev tibb məntəqəsində yaradılan şəraitlə tanış olub. Dövlət başçına məruzə olunub ki, burada epidemioloji vəziyyətə də ciddi nəzarət olunur. Prezident İlham Əliyev çadırlardakı şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyevin Sədrliyi ilə səyyar müşavirə keçirilib. Dövlət başçısı bildirib ki, Azərbaycanda baş verən təbii fəlakət zamanı itkilərin minimuma endirilməsi yalnız görülən qabaqlayıcı tədbirlər sayəsində mümkün olub. "Verilən tapşırıqlara uyğun olaraq vahid komanda halında təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür" deyən dövlət başçısı sahilbərkitmə və bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Su altında qalan və əhalisi köçürülən kəndlərin hərtərəfli diqqətdə saxlanılması üçün tədbirlərin daha da gücləndirilməsini tapşırıb.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, meliorasiya və su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, daxili işlər naziri Ramil Usubov, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, "Azrenerji" ASC-nin prezidenti Etibar Priverdiyev və Sabirabad rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov dövlət başçısına təbii fəlakətlə bağlı durum barədə məlumat veriblər.
Prezident İlham Əliyev bir daha görülən tədbirlərin sürətləndirilməsi, zərərçəkən əhalinin qayğılarına həssas yanaşılması, onların sosial problemlərin vaxtında həll olunması ilə bağlı tapşırıqlarını verib.

"Kürün deltasının lildən təmizləməsi prosesində müsbət nəticələr var"
Bir neçə gün öncə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov fəlakət bölgəsində jurnalistlərə açıqlamasında bildirib ki, Neftçala ərazisində Kürün deltasına baxış keçirilib, Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisi orada işləyir: "Çayın dənizə tökülən hissəsində lildən təmizləmə işləri aparılır. İki gün öncə, orda olan mayakın ətrafı suyun içində idi. Amma bu gün görünür ki, artıq görülən işlər müsbət nəticələr verib. Bu iş davam etdiriləcək".
K.Heydərov başqa təhlükələrin olmaması üçün tədbirlərin görüldüyünü də açıqlayıb: "Yəqin ki, bu gündən başlayaraq çadır şəhərciklərində yerləşdirilən əhalini öz evlərinə köçürəcəyik. Bunlar iki-üç gün əvvəl köçürülən, evlərini su basmamış sakinlərdir. Su basan evlərdə, həyətlərdə isə bu gündən etibarən Fövqəladə Fallar Nazirliyinin su nasosları suyu çəkməyə başlayacaq, Səhiyyə Nazirliyinin əməkdaşları orda antisanitariya tədbirləri görməlidir.
Hər hansı xəstəliklərin yayılmaması üçün lazımi addımlar atılmalıdır. Proses bu gündən başlayıb. Sevindirici haldır ki, qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldıra bildi. Bizi daha çox sevindirən isə insan tələfatının olmamasıdır. Açılan bəndlərin hamısı bağlanıb. Vəziyyətin stabil olduğunu söyləmək olar. Bununla belə, təhlükəsizlik tədbirləri davam etdirilir, bundan sonra da ediləcək".
Azərbaycan dövləti əhaliyə dəyən zərəri özü ödəyəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bəzi təşkilatların və fərdlərin təbii fəlakətdən ziyan çəkənlərə yardım kampaniyasına başlamalarına da münasibət bildirib: "Azərbaycan Prezidenti özü bölgədə oldu, bura köçürülmüş adamlarla görüşdü, bizə tapşırıqlar verdi. Prezident bəyan etdi ki, hər bir vətəndaşına dəyən ziyan dövlət tərəfindən ödəniləcək. İndi mətbuatda baxırıq ki, bəzi təşkilatlar yardım kampaniyaları aparırlar, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Prezidentinin tapşırığı ilə artıq FHN-ə vəsait ayrılıb. Mal, material, ərzaq, yataq dəstləri, əhalini yeməklə təmin etmək , tibbi xidmət, iaşə xidmətləri göstərilir. Biz həmin təşkilatlara da, vətəndaşlara da təşəkkür edirik. Amma yardıma ehtiyac yoxdur. Bu missiyanı dövlət özü yerinə yetirəcək".
Hazırda kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun bölgədə olduğunu deyən B.Əliyev kənd təsərrüfatına dəyən zərərin araşdırıldığını vurğulayıb. "Su çəkilib qurtardıqdan sonra ikinci əkinin təşkilinə başlayacağıq. İkinci əkin üçün taxıl toxumları fermerlərə dövlətin hesabına, pulsuz veriləcək. Bunun üçün bizim imkanımız var", - deyə B.Əliyev əlavə edib.
Nazir müavini sel nəticəsində tələf olunan fərdi təsərrüfatlardakı ev heyvanlarının və quşların sayının dəqiqləşdirildiyini, bununla bağlı komissiyanın işlər apardığını qeyd edib. Ev təsərrüfatlarına dəyən zərərin ödənilməsi barədə qərarı isə müvafiq dövlət komissiyası verəcək.

Digər xəbərlər