Prezident Sərəncamlar imzalayıb
Dünən Prezident İlham Əliyev "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, təbii fəlakətlə əlqədar yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınıb, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunub. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə yaradılmış Hökumət Komissiyasına Baş nazir Artur Rasizadə sədrlik edəcək.
Komissiyanın tərkibinə Baş nazirin müavinləri, Abid Şərifov və Əli Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, kənd təsərrüfatı naziri İsmət Abasov, nəqliyyat naziri Ziya Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Əhməd Əhmədzadə, "Azərsu " Açıq Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev daxildirlər. Hökumət Komissiyasına tapşırılıb ki, yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirsin, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın, əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün. Bundan başqa, komissiya təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidənqurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Prezidentə təqdim edəcək, görülən işlərin gedişi barədə dövlətimizin başçısına mütəmadi məlumat verəcək. Hökumət komissiyası həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını da təmin edəcək, gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Ölkə Prezidenti həmçinin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında da Sərəncam imzalayıb.