Qeyri-neft sektoru iqtisadiyyatın aparıcı foktoruna çevrilir
Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və yeni iqtisadi sistemin yaranmasını təmin edən, milli maraqlara uyğun siyasi kursu və bu kursun alternativsiz olaraq Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilməsinin məntiqi nəticəsi olaraq, 2009-cu il də dövlətimizin iqtisadi qüdrətinin, rəqabət qabiliyyətinin qiymətləndirilməsi baxımından əlamətdar bir il olub, iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi münasibətlər müstəvisində alternativsiz olduğunu bir daha sübut edib.
Dünyada baş verən neqativ maliyyə dalğalanması dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi siyasət respublika iqtisadiyyatını və maliyyə sektorunu böhranın zərərli təsirindən qoruyub. Ötən ilin 1-ci rübündə əldə olunan uğurlar təqdirəlayiqdir. Hesabat dövründə ölkənin iqtisadi artım tendensiyasını konkret faktlar əsasında təqdim etməyə çalışacağıq.
Hesabat dövründə dövlət büdcəsinin mədaxili 2 milyard 446 milyon manat və ya 104 faiz icra edilib. Vergilər Nazirliyi tərəfindən büdcəyə 1 milyard 9,5 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən 205,4 milyon manat, Dövlət Neft Fondundan 1 milyard 225 milyon manat, sair daxil olmalardan 6,1 milyon manat vəsait daxil olub.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 1 milyard 979,1 milyon manat icra edilib. Büdcə xərclərinin 33,8 faizi və ya 669 milyon manatı sosial yönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 milyon manat və ya 11,5 faiz çoxdur.
Təhsil xərclərinə 17,2 milyon manat və ya 7,7 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 50,1 milyon manat və ya 17,2 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 1 milyard 636,8 milyon manat, o cümlədən, daxili mənbələr hesabına 1 milyard 231 milyon manat investisiya qoyulub ki, bunun da 583,4 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kreditlər verilib ki, bu da 2009-cu illə müqayisədə 2 dəfə çoxdur. Ötən dövr özəl sahibkarlığın sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuş, nəticədə qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 67,6 faizə çatıb.
Ölkə iqtisadiyyatında qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində dövlət başçısının qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar nəticəsində bu sahədə iqtisadi sabitlik saxlanılıb, 2010-cu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektoru üzrə 536,6 milyon manat proqnoza qarşı büdcəyə 548,5 milyon manat vəsait daxil olub.
2010-cu ilin birinci rübü ərzində vergi orqanları tərəfindən bilərəkdən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər qanunazidd hərəkətlərə qarşı ciddi mübarizə aparılıb, bu xüsusatdan olan materiallar üzrə aparılmış nəzarət tədbirləri nəticəsində 245,8 milyon manat əlavə vəsait hesablanıb ki, bu da büdcəyə təmin olunmuş ümumi daxilolmanın 24,4 faizini təşkil edir.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi üzrə aparılan təkmilləşdirmə işləri davam etdirilib, sahibkarlara təqdim edilən elektron xidmətlərin sayı və keyfiyyəti artırılıb. Təkcə "elektron-bəyannamə" sisteminin tətbiqindən ötən müddət ərzində 135 minə yaxın vergi ödəyicisi 2 milyona yaxın elektron bəyannamə təqdim edib. Hazırda əlavə dəyər vergisi ödəyicilərinin 99 faizi öz vergi bəyannamələrini internet vasitəsi ilə təqdim edir.
İnternet vergi idarəsi vasitəsilə təqdim olunan elektron xidmətlərin bir hissəsi olan ƏDV-nin depoziti hesabına 2010-cu ilin birinci rübü ərzində daxil olmuş 284,8 milyon manatın vergi ödəyiciləri tərəfindən idarə olunması avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilib, depozit hesabına daxil olan vergi ödəyiciləri tərəfindən 180 mindən çox köçürmə əməliyyatı aparılıb. Depozit hesabdan büdcəyə ödənilmiş vergi məbləği 354,3 milyon manat təşkil edib.
Bu layihənin icrası ilə, MDB-də ilk dəfə olaraq, ƏDV ödəyicilərinin vergi əvəzləşmələri üzərində mükəmməl nəzarət formasının tətbiqi başa çatdırılıb, dövlət təşkilatlarının mal, iş, xidmət alışı zamanı ödədikləri ƏDV-nin fırıldaqçılar tərəfindən mənimsənilə bilməsi, hətta ehtimal olaraq belə mümkün olmayan bir prosesə çevrilib.
Cari ilin mart ayının 1-dən etibarən MDB ölkələrində ilk dəfə olaraq dövlət qurumu kimi Vergilər Nazirliyində yeni "on-layn kargüzarlıq" sistemi istifadəyə verilib və vergi ödəyicilərinə Vergilər Nazirliyi ilə yazışmaları internet vasitəsilə apara bilmələri üçün şərait yaradılıb.
Dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilib, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilib. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılıb.
Bank və maliyyə sektorunun dayanıqlılığını artırmaq məqsədilə banklara və sığorta təşkilatlarına nizamnamə kapitalının artırılmasına yönəldilən məbləğlərin mənfəət vergisindən azad olunması barədə qanunvericiliyə edilmiş dəyişiklik bu sektorun inkişafına çox əhəmiyyətli müsbət təsir göstərib. Təkcə bu il banklar və sığorta təşkilatları 145 milyon manat məbləğində bu güzəştdən istifadə etmək barədə qərarlar qəbul ediblər ki, bu da mövcud şəraitdə sektora ölkə başçısı tərəfində göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyəvi olub. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsidir. İlham Əliyevin dediyi "Gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaqdır" fikri günün reallığına çevrilir.
Cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrin dövlət tərəfindən ardıcıl olaraq davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması sahibkarlığın inkişafına əlavə güclü impuls verəcək.
Dünyada maliyyə böhranının zəifləməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa olunması, maliyyə-kredit bazarlarında baş verən canlanma, dünya bazarlarında enerjidaşıyıcılarına münasib qiymətlərin bərqərar olması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Belə bir şəraitdə hazırkı sosial-iqtisadi siyasət, dövlət proqramları və regional layihələrin icrası qarşıda yeni vəzifələr qoymaqla islahatların davamlı olmasını tələb edir. Bu baxımdan cari ildə də bütün zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcək, 2010-cu ildə qarşıya qoyulan vəzifələrin və tapşırıqların tam şəkildə icra olunması üçün bütün tədbirlər həyata keçiriləcək.