PDF Oxu

Siyasət

  • 12

Azərbaycan sənayesi yeni inkişaf dövründə

Azərbaycan sənayesi yeni inkişaf dövründə

Son bir neçə ildə artım göstəricisi baxımından dünyada lider ölkə kimi çıxış edən Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən biri də sənayenin inkişafıdır. Karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə enerji sferası ilə məhdudlaşmayaraq, başqa sahələr üzrə də özünü qabarıq büruzə verir. Bu gün ölkəmizdə əhəmiyyətli dərəcədə inkişaf edən, istehsal göstəriciləri daim yüksəlməkdə olan və kifayət qədər böyük bir potensiala malik sənaye mövcuddur.

Aqrar ölkədən sənaye dövlətinə

Ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan sənayenin möhkəm dayaqlar üzərində qurulması ötən ilin yekunlarında da özünü aydın göstərdi. Belə ki, dünyanın əksər dövlətlərində, o cümlədən, sənayeləşmiş dövlətlərdə bu sahədə ciddi tənəzzül yaşandığı halda, Azərbaycanda sənaye istehsalında 8,6 faizlik bir artım qeydə alındı. Məhz bu, bir daha Azərbaycan sənayesinin inkişaf strategiyasının nə dərəcədə düzgün müəyyən olunduğunu və uğurla həyata keçirildiyini əyani nümayiş etdirdi.
Keçmiş SSRİ-də aqrar ölkə kimi qəbul olunan Azərbaycanın sənayeləşmiş bir dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ölkəyə rəhbər seçilməsindən sonra baş verdi. İndi uğurla inkişaf edən sənayenin əsasları 70-ci illərdə yaradıldı. Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində vacib rol oynayan neft-kimya sənayesinin tamamilə modernləşdirilməsi də məhz Heydər Əliyevin gördüyü işlər sayəsində mümkün oldu. Digər sənaye sahələri, o cümlədən, xeyli sayda yeni fabriklərin, zavodların təməli də ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə qoyuldu.
Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycan ilk dövrdə siyasi həyatı ilə yanaşı, iqtisadiyyatında da xaotik bir dönəm yaşamalı oldu. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra buna son qoyuldu, həmçinin, Azərbaycanın iqtisadi inkişafında, o cümlədən, sənayesində yeni dövr başlandı.
Xüsusən də, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" kontraktı neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə böyük təkan verdi. Özü də Azərbaycanda təkcə hasilat yox, emal sənayesinin də ümumi iqtisadiyyatda payı əhəmiyyətli dərəcədə artmağa başladı. Bunun nəticəsi idi ki, neft və qaz sektoru ilə yanaşı, kimya, maşınqayırma, qara və əlvan metallurgiya, sement və başqa tikinti materialları, ağac və kağız məhsulları sənayesi sahələrində məcmu istehsal çoxaldı. Yüngül və yeyinti sənaye məhsullarının ölkə daxilində istehsalında mühüm nailiyyətlər əldə olundu.
Digər tərəfdən, sənaye ilə bağlı sahələrin inkişafı da bu dövrdə özünü qabarıq şəkildə büruzə verməyə başladı. Sənayenin belə inkişafı Azərbaycanda ümumi daxili məhsulun artımında əhəmiyyətli rol oynamaqla yanaşı, işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də öz töhfəsini verirdi. Burada mühüm bir statistik göstəricini qeyd etmək vacibdir ki, 1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-nə olan məlumata görə, onların sayı 5536-ya çatmışdı. Əsası ümummilli lider tərəfindən qoyulan və indi də uğurla həyata keçirilməkdə olan "açıq qapı" siyasəti nəticəsində isə 1993-cü ildən etibarən Azərbaycanda xarici və müştərək müəssisələrin sayı çoxalmaqdadır.

Bölgələrdə sənaye sahələrinin inkişafı
İlham Əliyevin 2003-cü ildə xalqın yekdil iradəsi ilə dövlət başçısı seçilməsindən sonra Azərbaycanda digər sahələr kimi sənayedə də inkişaf tempi qorunub saxlandı və istehsal göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunmağa başladı. Bununla yanaşı, Azərbaycanda yeni sənaye müəssisələri də yaradıldı ki, onları da fərqləndirən əsas xüsusiyyətlərdən biri istehsal güclərinin kifayət qədər böyük olması idi.
Əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycan üçün prioritet təşkil edən vacib məqamlardan biri sənaye sahəsində qazanılan uğurların daha da artırılmasına nail olmaqdır. Bunlardan biri də enerji sektoruna köklənmiş sənaye üzrə nailiyyətlərin miqyasının genişlənməsi, davamlı inkişafın təmin olunması ilə bağlıdır.
Məlumdur ki, ölkəmizdə iqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli işlər görülməkdədir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi isə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı göstərmək olar.
Ümumiyyətlə, sənaye sahəsində Azərbaycanın qazandığı ən mühüm uğurlardan biri də ölkədə elektrik enerjisinin istehsal gücünün artırılması istiqamətində görülən işlərdir. Araşdırmalar göstərir ki, ölkənin elektrik stansiyalarında ildə orta hesabla 21 milyard kilovat-saat elektrik enerjisi istehsal olunur və bu, respublikada elektrik enerjisinə olan tələbatın tam təmin edilməsinə kifayət edir.
Bütün bunlar Azərbaycanda energetika sənayesinin qarşıdakı dövr ərzində daha da güclənəcəyindən xəbər verir. Ümumi sənaye istehsalının energetikadan olan asılılığı nəzərə alınarsa, bunun ölkəmiz üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etməsi bir daha aydın görünər.

Azərbaycanda müasir sənayenin inkişafı
Lakin energetika ilə yanaşı, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri də Azərbaycanda bu gün böyük sürətlə inkişaf etməkdədir. Konkret strategiya və proqramlarla müəyyən olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin artmasına əhəmiyyətli təsir göstərir. Həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsində isə sənayedə xarici və müştərək müəssisələrinin sayı 3 dəfədən çox artıb, bu sahədə minlərlə yeni iş yerləri açılıb.
Bununla yanaşı, yeni formalaşan təsərrüfat strukturlarının nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.
Qeyd olunan faktorlar isə illər üzrə sənayenin ümumi artımına və burada qeyri-dövlət sektorunun oynadığı rola da təsirsiz ötüşmür. Belə ki, sənaye məhsulunun ümumi istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 5,5 faizdən 2008-ci ildə 75 faizədək artıb. Ötən il isə qlobal maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, sənaye istehsalında artım 8,6 faiz təşkil edib.
Ölkəmizdə neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin tərəqqisinin daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaradır. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar növbəti illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcək əsas faktor kimi çıxış edir.
Qarşıdakı illərdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi hesabına sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.
Beləliklə, qarşıdakı illər ərzində Azərbaycanda sənaye istehsalının miqyasının əhəmiyyətli dərəcədə genişlənməsi və qabaqcıl dünya təcrübəsi əsasında bu sahədə yeni nailiyyətlər əldə olunması əsas prioritet təşkil edir. 2008-2013-cü illər güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrüdür.
İntensiv iqtisadi inkişaf imkan yaradır ki, sənaye potensialının artması bizim üçün ölkənin inkişafının mühüm prioritet istiqamətinə çevrilsin, sənayeləşmə prosesi yüksək sürətlə getsin. Bunun üçün zəruri valyuta ehtiyatları var. Yüksək inkişaf etmiş sənaye məhsullarının istehsalı və ixracı sayəsində ölkənin postsənaye erasına qədəm qoyması üçün zəruri potensial yaranıb.

Digər xəbərlər