Azərbaycan - Türkiyə əlaqələri dərin tarixi köklərə malikdir
Məlum olduğu kimi, may ayının 17-də Türkiyənin baş naziri R.T.Ərdoğan Bakıya səfər etmişdir. Onun bu səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüş və müzakirə etdiyi məsələlər hər iki ölkənin qarşılıqlı əməkdaşlıq qurması üçün müsbət zəmin yaratmağa istiqamətlənməklə yanaşı, regionun gələcək təhlükəsizlik perspektivlərinin təmin olunması kimi mühüm bir məsələnin həlli üçün də səmərəli olacaq desək, yanılmarıq.
Belə ki, hər iki ölkə rəhbərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin bu münaqişənin həllinə təsiri məsələləri də prioritet müzakirə mövzusu olaraq qalmışdır. Ümumiyyətlə, Türkiyənin Cənubi Qafqazın həyatında oynadığı rol və onun əhəmiyyəti diqqət mərkəzində saxlanılmaqdadır. Məhz bu səbəbdən də, Türkiyənin baş naziri R.T.Ərdoğanın Bakıya səfəri ictimaiyyət arasında böyük diqqət və maraqla izlənmişdir.
İlk növbədə, onu qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr təkcə hər hansı iki ölkə arasında olan əlaqələr kimi deyil, eyni zamanda, iki dost və qardaş ölkə arasında sıx əməkdaşlıq münasibətləri kimi qiymətləndirilməlidir. Bunu bütün tarixi faktlar və hazırkı reallıq sübut edir. Bütün dövrlərdə Azərbaycan və Türkiyə rəhbərləri olmuş qüvvələr öz fəaliyyətlərində iki ölkə arasında bu əlaqələrin saxlanılmasına səy göstərmiş və bu günə qədər onu gətirib çıxarmışlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə, bu əlaqələr daha yeni bir müstəviyə daxil olmuş və iki ölkə arasında münasibətlər sırf qarşılıqlı yardımlaşma və əməkdaşlıq münasibətlərinə söykənmişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə daha çox möhkəmlənən əlaqələr Azərbaycan və Türkiyə arasında genişmiqyaslı əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirmişdir. Bu siyasətin müasir dövrümüzdə də istər Türkiyə, istərsə də, Azərbaycan dövlətinin rəhbərləri tərəfindən davam etdirilməsi çox açıq şəkildə sezilməkdədir. Bunu Türkiyə baş nazirinin Azərbaycana səfəri də bir daha təsdiqləmiş oldu. Strateji və siyasi sahədə əməkdaşlığın hər iki ölkənin mənafelərinin müdafiəsi çərçivəsində qurulması onların birgə inkişafını sürətləndirmiş olur. Türkiyə baş nazirinin səfəri zamanı paytaxt Bakıda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün heykəlinin açılışı və bu açılış zamanı söylənilən nitqlər də Azərbaycan və Türkiyə birliyinin daimiliyinə işarədir. Belə ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Türkiyə arasında genişmiqyaslı əməkdaşlığın möhkəmləndirilməsi üçün əllərindən gələni etməlidirlər. "Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəlidir, çox genişdir. Əlbəttə ki, bu əlaqələr möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasında dostluq və qardaşlıq duyğuları bu əlaqələri möhkəmləndirir. Eyni zamanda, birgə həyata keçirdiyimiz layihələr istər energetika, istər nəqliyyat, istər mədəniyyət sahələrindəki, istər humanitar sahədəki bütün addımlarımız bizi bir-birimizə daha da yaxın edir. Türkiyə - Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün başlıca şərtdir və bizim maraqlarımız nəzərə alınmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz."
Türkiyənin baş naziri R.T.Ərdoğan isə iki ölkə arasında əlaqələrə heç bir qüvvə tərəfindən xələl gətirilə bilməyəcəyini xüsusilə vurğulayıb. "Türkiyə-Azərbaycan əlaqələri hər ötən gün daha da güclənməkdədir, daha da güclənəcəkdir. Bundan heç kəsin şübhəsi, narahatçılığı olmasın. Kimsə dedi-qodulara inanmasın. Bizim aramızdakı dostluğu, qardaşlığı heç bir dedi-qodu poza bilməz. Bu, belə qəbul edilməlidir."
Türkiyənin baş nazirinin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzularından biri də hər iki ölkənin ortaq maraqlarını əhatə edən məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə bilavasitə aidiyyatı olan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki son hadisələr də olmuşdur. Geniş tərkibli və təkbətək görüşdən sonra keçirilən mətbuat konfransı zamanı da bu məsələyə xüsusi diqqət yetirilmişdir. Jurnalistlərə verdikləri açıqlamada bu münaqişənin həlli ətrafında gedən proseslərə aydınlıq gətirilmişdir. Cənab Prezident İlham Əliyev jurnalistlərin Dağlıq Qarabağ münaqişəsində işğalçı dövlət kimi iştirak edən Ermənistanın Minsk Qrupunun təqdim etdiyi Madrid prinsiplərinin yenilənmiş variantının razılıq verməməsi ilə bağlı sualı cavablandırarkən, Azərbaycan dövlətinin mövqeyini ortaya qoymuş və bu prinsiplərin razılaşdırılmayacağı təqdirdə, Azərbaycanla Ermənistan arasında yeni bir dövrün başlayacağını bildirmişdir." Azərbaycan tərəfi prinsip etibarilə çox kiçik istisnalarla bu təklifi qəbul edib. Biz eyni yanaşmanı Ermənistan tərəfindən də gözləyirik. Baxmayaraq ki, təklif rəsmən veriləndən 6 ay vaxt keçibdir və Ermənistan tərəfindən də müsbət cavab verilməyibdir.
Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklif müsbət cavab verəcək və o təqdirdə, biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da ki mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni dövr başlaya bilər."
Türkiyənin baş naziri R.T.Ərdoğan isə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiya olunması və reallaşdırılması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Bu baş vermədən Ermənistanla Türkiyə arasında heç bir normallaşamadan söhbət gedə bilməz. "İsveçrədə Türkiyə ilə Ermənistan arasındakı normallaşma adlandırdığımız anlaşmaların imzalanması hazırda məhz Ermənistan tərəfindən dondurulmuşdur. Bizdə isə bu iş, bildiyiniz kimi, parlamentə həvalə edilmişdir. Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi Ermənistan - Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Bu, çox açıq və dəqiq surətdə göz qabağındadır."
Türkiyənin baş naziri və Azərbaycan Prezidentinin verdikləri bu bəyanatlar, birmənalı olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prposesi ətrafında gedən prosesləri və onun gələcək perspektivlərini müəyyənləşdirmişdir. Azərbaycanın danışıqlar prosesində əks etdirdiyi mövqeyin bir daha Azərbaycan Prezidenti tərəfindən nəzərə çatdırılması və Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı sərt mövqeyin ortaya qoyulması bir növ Ermənistana mesaj kimi də dəyərləndirilə bilər. Yəni artıq Ermənistan rəhbərliyi və ictimaiyyəti başa düşməlidir ki, onlar yenilənmiş Madrid prinsiplərini qəbul etməyəcəkləri təqdirdə, cənab Prezidentin də qeyd etdiyi kimi, artıq 20 ilə yaxındır aparılan danışıqlar prosesi pozula bilər və daha sərt addımlar atıla bilər. Bu isə tamamilə böhran vəziyyətinə düşmüş Ermənistan üçün mənfi haldır.
Türkiyənin baş nazirinin açıqlaması da Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyi bir daha aydınlaşdırmış oldu. R.TƏrdoğanın artıq blokada vəziyyətinə düşmüş Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaq səylərinin Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini xatırlatması da Ermənistana xəbərdarlıq kimi qeyd oluna bilər. Ermənistan münaqişənin həllində konstruktivlik göstərməklə bütün regional layihələrə qoşula bilər.
Ümumilikdə, Türkiyənin baş nazirinin Bakıya səfərini qiymətləndirərkən, bunun qarşılıqlı əməkdaşlıq münasibətələrini daha da möhkəmləndirmək və mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərin görülməsi məqsədi daşıdığını qeyd etmək olar. Hər halda, əldə olunmuş razılaşmalar və verilən bəyanatlar bunu deməyə əsas verir.