Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü
Dünən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olundu. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Geniş tərkibdə görüş
Dünən təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
-Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Hörmətli qonaqlar!
Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq. Biz indi təkbətək görüşdə çox geniş fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərin bütün sahələri bir daha nəzərdən keçirildi. Bir daha gördük ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız bir-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir. Əminəm ki, Sizin səfəriniz ikitərəfli əlaqələrin inkişafı üçün də çox vacib addım olacaq və səfərin çox gözəl nəticələri olacaqdır. Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə həmişə olduğu kimi, uğurla əməkdaşlıq edirlər və qarşımızda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərirlər. Əminəm ki, bu gözəl ənənələr gələcəkdə də davam edəcək və xalqlarımız bir-birinə daha da yaxın olacaqlar. Əziz qardaşım, Sizi Azərbaycanda bir daha salamlayıram, xoş gəlmisiniz.
X X X
Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN səmimi qəbul üçün təşəkkür edərək dedi:
-Çox təşəkkür edirəm. Dəyərli qardaşımla Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətləri, bölgədəki vəziyyəti, dünyada gedən inkişaf proseslərini qiymətləndirmək fürsətimiz oldu. Bunları ən yaxın mənada dəyərləndirmək fürsətimiz olduğu üçün çox məmnunam. Nazir dostlarımız bir-biriləri ilə ən azından görüşmək fürsəti tapa bildilər. Bu da bizim üçün gözəl bir fürsət oldu.
Türkiyə-Azərbaycan ayrılmaz iki qardaşdır. Bizlər bir ailənin iki üzvüyük. Təbii ki, ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlətik. Biz bu kəlamı hər zaman söyləyirik. Bu, təbii ki, sözdə deyil, əməldə də özünü göstərir və göstərəcəkdir. Biz bir-birimizə güc verməklə gələcəyini hazırlayan iki ölkəyik. İnanıram ki, birgə səylərimiz, çalışmalarımız bəhrəsini hər sahədə verir.
Azərbaycana hər səfərimdə ölkənizi daha da irəliləmiş, inkişaf etmiş görəndə sevinc içində oluram. Bu gəlişimdə də Azərbaycanın daha da inkişaf etdiyini və etməkdə olduğunu gördüm. Buna görə də çox şadam. Bu, bizləri sevindirir. Azərbaycanın inkişaf etməsi, zənginləşməsi bizim zənginliyimizdir. İnanıram ki, bizim zənginliyimiz də, eyni şəkildə Azərbaycanın zənginliyidir. Daxildəki rahatlığımız eyni şəkildə bir-birimizin rahatlığıdır. Mən də bu səbəbdən yenə də birlikdə olmağımızın sevincini yaşayıram. Təbii ki, qarşıda yenə beynəlxalq toplantılarımız vardır. Yenə də bir yerdə olacağıq. Bu səbəbdən çox təşəkkür edirəm. Xeyirli olsun deyirəm.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı
Dünən geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olub. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
-Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Əziz qardaşım, bir daha Sizi Azərbaycanda səmimiyyətlə
salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz bu səfərə çox böyük önəm veririk. Çünki bu səfərin nəticələri iki ölkə arasında əlaqələrin inkişafı üçün çox önəmlidir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.
Siyasi əlaqələr çox yüksək səviyyədədir. Baxmayaraq, iqtisadi sahədə hələ çox iş görülməlidir, ancaq onu da qeyd etməliyik ki, qarşılıqlı ticarət dövriyyəsi artır və ticarət dövriyyəsinin strukturu da müsbətdir. Energetika sahəsində aramızda olan əlaqələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün çox böyük əhəmiyyətə malikdir. Bizim birgə həyata keçirdiyimiz layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri bu gün Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir. Şübhə yoxdur ki, biz enerji sahəsində əməkdaşlığı gələcəkdə bu gözəl təməl əsasında daha da gücləndirəcəyik. Bunu etmək üçün bütün imkanlar vardır.
Bütün başqa sahələrdə də əlaqələrimiz bizi qane edir. Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk.
Keçən il Naxçıvanda türkdilli dövlətlərin başçılarının zirvə görüşünün keçirilməsi və o zirvə görüşünün nəticələri türk dünyasının birləşməsinə xidmət göstərmişdir. Bu gün Bakıda biz həyatımızda çox əlamətdar hadisə kimi yadda qalacaq gözəl mərasimdə iştirak edəcəyik. Biz türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışında bərabər iştirak edəcəyik. Bu abidənin açılışı böyük öndərin xatirəsinə verilən qiymətdir. Azərbaycan xalqının onun xatirəsinə göstərdiyi hörmətdir. Eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı, xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərinin gücləndirilməsi üçün də bunun böyük əhəmiyyəti vardır.
Bu gün biz əlbəttə ki, regional məsələləri də geniş şəkildə müzakirə etdik. Xüsusilə bölgədə təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını bir daha müzakirə etdik. Mən hörmətli cənab Baş naziri danışıqların son vəziyyəti ilə bağlı məlumatlandırdım. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri uzun illərdir ki, pozulubdur. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz torpağında qaçqın-köçkün vəziyyətindədir. Bu, böyük ədalətsizlikdir. Beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edibdir. Bu qətnamələr icrasız qalıbdır. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edibdir. Ancaq əfsuslar olsun ki, danışıqlar prosesində heç bir müsbət irəliləyiş yoxdur. Azərbaycan bütün dövrlərdə özünü danışıqlar prosesində konstruktiv aparır. Eyni yanaşmanı biz Ermənistan tərəfindən gözləyirik ki, işğala son qoyulsun, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıda bilsinlər və ondan sonra bölgədə genişmiqyaslı sülh yarana bilər.
Bir daha demək istəyirəm ki, bizim bugünkü görüşümüz həmişə olduğu kimi, dostluq-qardaşlıq şəraitində keçirilib. Nümayəndə heyətlərinin bütün üzvləri bir-biri ilə sıx əlaqədədirlər. Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulubdur. Bu əlaqələr sarsılmaz əlaqələrdir. Bu əlaqələrin inkişafı üçün biz bundan sonra da çalışacağıq. Hörmətli Baş nazirin, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bugünkü səfəri bu əlaqələrin inkişafı üçün də çox önəmli addım olacaqdır.
X X X
Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN bəyanatla çıxış edərək dedi:
-Mən də çox təşəkkür edirəm. Xüsusilə də, Azərbaycana reallaşdırdığımız bu səfərdə yenə öz evimizdə, öz ailə şəraitimizdə ikitərəfli münasibətlərimizi istər təkbətək, istərsə də heyətlərarası görüşlər şəklində həyata keçirmiş olduq. Həmişəki kimi, həqiqətən, çox məhsuldar görüşlər oldu.
Bu müddət mənim üçün təbii ki, bir az uzun bir dövr idi. Uzun bir müddətdən sonra Bakıya belə bir səfər baş tutdu. Amma bundan sonra daha da tez-tez görüşlər olacaqdır. Çünki, iyun ayının 7-8-də hörmətli Prezidentinizi ölkəmizdə, İstanbulda qəbul edəcəyik. Daha sonra təbii ki, inşallah, yenə gələcəkdir. Biz yenə gələcəyik, nazirlərimiz gələcəklər. Təbii ki, aramızdakı əlaqələr fərqlidir. Siyasi, hərbi, ticari, iqtisadi, mədəni və bütün sahələrdə bu səfərlərin davamı mütləqdir. Əlaqələrimiz bundan sonra da eyni şəkildə, eyni qətiyyətlə davam edəcəkdir.
Təbii ki, bu gün keçirdiyimiz görüşlərdə, xüsusilə də hörmətli Prezidentlə ən önəmli addımlardan biri yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verdiyimiz qərardır. Dostlarımız indi bu istiqamətdə bütün səylərini səfərbər edərək fəaliyyətlərini davam etdirəcəklər. Arzu edirəm ki, İstanbul səfərində bunun imzalarını da birlikdə atmaq imkanımız olsun. Bu, təbii ki, çox geniş, hərtərəfli bir işdir və Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən ən mühüm addım olacaqdır. Bununla yanaşı xüsusilə, iqtisadi sahədə fərqli addımlar atmaqla aramızdakı mövcud münasibəti əldə etdiyimiz indiki nöqtədən daha da irəliyə aparmaq lazımdır. Bilirəm ki, dünyada hökm sürən iqtisadi böhrandan Azərbaycan da uğurla çıxan ölkələrdən biri olmuşdur. Vəziyyəti daha yaxşı qiymətləndirən ölkələrdən biri olmuşdur. Türkiyə də böhrandan ən az zərərlə çıxan ölkələrdən biri oldu. Bu həmrəyliyimizin bizi gələcəyə daha da qətiyyətlə aparacağına inanıram.
Hörmətli Prezident bizi Dağlıq Qarabağ mövzusunda məlumatlandırdı. Ötən dövr ərzində Azərbaycan münaqişənin həllinə konstruktiv yanaşmışdır və bu mövqeyini davam etdirir. Xüsusilə, Minsk qrupu həmsədrlərinin son təklifi Azərbaycan tərəfdən müsbət qarşılanarkən, Ermənistanın hələ də həmin məsələyə münasibət bildirməməsi Azərbaycanın bu işə konstruktiv yanaşmasını ortaya qoyur. Biz də nüvə təhlükəsizliyi ilə bağlı zirvə görüşündə bu mövzuda bəzi görüşlər keçirdik. Çox təəssüflər olsun ki, bu görüşlərdə eyni vəziyyəti gördük. Bu, təbii ki, bizim üçün də arzuolunmazdır. Arzu edərdik ki, orada konstruktiv yanaşmanı görək və bu konstruktiv yanaşma çərçivəsində gələcək daha yaxşı olsun. Biz təbii ki, bu qətiyyətli addımlarımızı eyni şəkildə davam etdirəcəyik. Amma düşünürəm ki, Minsk qrupu da bu dövr ərzində qətiyyətini ortaya qoymalıdır. Necə ki, mayın 12-13-də hörmətli Medvedevin Türkiyəyə səfərində də onunla bu mövzunu müzakirə etdik. Amerikada da istər hörmətli Obama ilə, istərsə də hörmətli Medvedevlə bu mövzunu müzakirə etmək imkanımız olmuşdu. Bundan bir həftə əvvəl də hörmətli Sarkozi ilə Fransada bu mövzunu müzakirə etdik. Biz bu mövzu ilə əlaqədar həssaslığımızı eyni şəkildə davam etdiririk, bundan sonra da davam etdirəcəyik. Çünki Azərbaycanın bu probleminə bizim əhəmiyyət verməməyimiz mümkün deyildir. Hər zaman bu işi yaxından izləməyə çalışacağıq.
Təbii, bu səfər çərçivəsində hörmətli Prezidentin tapşırığı və razılığı ilə inşası tamamlanan Atatürk abidəsinin açılışında birlikdə iştirak edəcəyik. Buna görə də şəxsən öz adımdan və millətim adından Prezidentə çox-çox təşəkkür edirəm. Həmin abidənin açılışı da həm səfərimizi, həm də Türkiyə-Azərbaycan birliyini daha da möhkəmlədən yeni bir addım olacaqdır. Bu arada təbii qazla əlaqədar mövzu dostlarımız tərəfindən yekun mərhələyə çatdırılmışdır. Amma istəyirik ki, bunu möhkəmləndirməyi hörmətli Prezidentin Türkiyəyə səfəri zamanı gerçəkləşdirək, Türkiyədə bu addımı atmış olaq. Mən bir daha şəxsən öz adımdan və bütün nümayəndə heyətim adından Sizə çox-çox təşəkkür edirəm. Sağ olun, var olun.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırdılar.
X X X
Duyğu GÜVƏNC (Türkiyə): Hörmətli Əliyev, əgər Ermənistan yenilənmiş Madrid sənədinə razılıq verərsə, Türkiyə və Azərbaycan eyni anda Ermənistanla sərhədləri açacaqmı? İkinci sualım isə budur ki, Azərbaycan qazını Nabukkoda görə biləcəyikmi?
Prezident İlham ƏLİYEV: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uzun illərdir ki, səylər göstərilir. Azərbaycan bütün dövrlərdə məsələnin ədalətli, beynəlxalq hüquq normaları əsasında və sülh yolu ilə həllinin tərəfdarı olmuşdur. 1994-cü ildə atəşkəs rejimi bağlandı. Danışıqlar 16 ildir davam edir və deyə bilərəm ki, nəticəsiz davam edir. Buna baxmayaraq, Azərbaycan hələ də sülh prosesinə sadiqdir. O ki qaldı yenilənmiş Madrid prinsiplərinin əsasında verilən təklifə, bir daha demək istəyirəm ki, Azərbaycan tərəfi prinsip etibarilə, çox kiçik istisnalarla bu təklifi qəbul etdi. Biz eyni yanaşmanı Ermənistan tərəfindən də gözləyirik. Baxmayaraq ki, təklif rəsmən veriləndən sonra təxminən 6 ay vaxt keçibdir və Ermənistan tərəfindən müsbət cavab verilməyibdir. Biz bunu belə qəbul edirik ki, sadəcə olaraq Ermənistan tərəfi çalışır ki, vaxtı uzatsın. Məsələnin həlli üçün önəmli addımlar atmasın və beləliklə, bu danışıqlar prosesini daimi prosesə çevirsin. Əlbəttə ki, biz buna heç cür razılıq verə bilmərik. Danışıqlar prosesinin müəyyən çərçivələri olmalıdır. Eyni zamanda, vaxt çərçivələri olmalıdır. Minsk qrupu 1992-ci ildə yaradılıbdır. İyirmi ilə yaxındır ki, danışıqlar gedir. Bütün dövrlərdə danışıqların həlledici məqamlarında Ermənistan tərəfi addımlar atıb ki, danışıqları pozsun. Əfsuslar olsun ki, bu gün də biz eyni mənzərəni müşahidə edirik.
Ona görə Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da ki, mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni dövr başlaya bilər. Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər.
O ki qaldı, Azərbaycan qazının ixracına, bilirsiniz ki, bu gün Azərbaycan qazı mövcud olan və tikintisi nəzərdə tutulan kəmərlərin əsas mənbəyidir. Azərbaycan uzun illərdir ki, öz neft-qaz potensialını işə salıbdır və böyük kəşfiyyat işləri aparılıbdır. Bizim neft-qaz imkanlarımız çox genişdir. Bu gün Azərbaycan qazı müxtəlif istiqamətlərdə qonşu ölkələrə nəql edilir. Biz çalışırıq ki, bu coğrafiyanı genişləndirək. Əgər bizə məqbul şərtlər verilərsə, əlbəttə ki, biz istənilən qaz layihəsinə qoşula bilərik. Bu gün çox sevindirici hal ondan ibarətdir ki, keçən ay Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər öz həllini tapıbdır. Yəni prinsip etibarilə biz bütün məsələləri razılaşdırdıq. İndi konkret texniki işlər aparılır ki, artıq saziş imzalamaya hazırlansın.
Bizim enerji siyasətimiz həmişə çox açıq və aydın olmuşdur. Biz şaxələndirmə siyasətini təmin edirik. Yəni Azərbaycan ixracın şaxələndirilməsi işində öz rolunu oynayır. Bizim təbii ehtiyatlarımızı nəzərə alıb demək olar ki, növbəti onilliklər ərzində Azərbaycan çox etibarlı qaz ixrac edən ölkə kimi özünü dünyada daha da geniş mənada təqdim edəcəkdir.
Qənirə ATAŞOVA (ANS, Azərbaycan): Mənim sualım Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanadır. Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların ratifikasiyasının gələcəyi ilə bağlı konkret fikrinizi bilmək istərdim. Ümumiyyətlə, bildiyimiz kimi, protokollarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret məsələ nəzərdə tutulmur. Bu, o deməkdirmi ki, münaqişənin nizamlanmasında ciddi irəliləyişə nail olunmayınca, protokollar ratifikasiya oluna bilər?
Rəcəb Tayyib ƏRDOĞAN: İsveçrədə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi adlandırdığımız anlaşmaların imzalanması hazırda məhz Ermənistan tərəfindən dondurulmuş vəziyyətdədir. Bizdə isə bu iş bildiyiniz kimi, parlamentə həvalə edilmişdir. Ancaq bizim parlamentə həvalə edilmiş bu normallaşma prosesi istiqamətindəki protokolla əlaqədar çox açıq və dəqiq bir ifadəmiz vardır. O da nədir?! Dedik ki, bu Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Bu, çox açıq və dəqiq surətdə göz qabağındadır. Bunu Minsk qrupu həmsədrlərinin üçünə də söylədik, izah etdik. Onlar bu istiqamətdə daha fəal olmalı və Ermənistana da bu işin əhəmiyyətini, önəmini izah etməlidirlər. Madrid məsələsini də bunun üçün fəal şəkildə gündəmə gətirdik. Digər məsələləri də gündəmə gətirdik. Amma Ermənistanın hələ də bu məsələdə həssaslığının olmadığını görürük. Bildiyiniz kimi, Soçi görüşündən sonra 4 ay vaxt keçməsinə baxmayaraq, hər hansı irəliləyiş yoxdur.
Seçil Özer (Türkiyə): Mənim cənab Ərdoğana bir sualım olacaq. Bu gün Tehranda tarixi bir addım atıldı. Uzun müddət Türkiyənin can atdığı bir məsələ idi. Nələr yaşandı və bu nöqtəyə gəlindi? Bir də məlum olduğu kimi, Qərb dövlətlərinin sanksiyaları ilə bağlı bəzi fəaliyyətləri vardır. Bu addım həmin sanksiya çalışmalarına son qoyacaqmı? Sizin bu mənada Qərb ölkələrinə, BMT-yə bir mesajınız varmı?
Rəcəb Tayyib ƏRDOĞAN: Çox təşəkkür edirəm. Əvvəlcə təbii ki, üç xarici işlər nazirinin, həqiqətən çox mühüm səyləri oldu. Xarici işlər nazirimiz Davudoğlu, Braziliya xarici işlər naziri Amorim və İran xarici işlər naziri Mottəki, İranın təbii, xüsusilə, uran ilə bağlı bu prosesə rəhbərlik edən naziri hörmətli Cəlilinin sədrliyi ilə, həqiqətən 18 saatlıq gərgin fəaliyyət göstərdilər. Mən Tehrana gecə saat bir radələrində enərkən toplantını yenicə bitirmişdilər və orada onlardan nəticələri aldıq.
Təbii ki, məsələ ilə bağlı birgə bəyanat yayımlandı. Bu bəyanatda istər Türkiyədə az zənginləşdirilmiş uranın təhlükəsizliyinin təminatı, yəni əminliklə Türkiyədə saxlanması, qalması və haradan gətirilməsi məsələləri əksini tapmışdır. Beynəlxalq Atom Enerji Agentliyi bu işin əlaqələndiricisi olacaqdır. Amma ABŞ, Rusiya, Fransa bu işdə öz yerlərini əhəmiyyətli şəkildə qoruyurlar. Burada məlum 120 kiloqramlıq yanacağın İrana verilməsi məsələsi vardır.
Ancaq bir ay ərzində İranın 1200 kiloqramlıq az zənginləşdirilmiş uranı Türkiyəyə təhvil verməsi və ondan sonra da bir il ərzində bu 120 kiloqramlıq yanacağın İrana verilməsi məsələsi vardır. Türkiyə bu 120 kiloqramlıq yanacaq haradan gəlibsə oraya təhvil verəcəkdir, bunu həyata keçirəcəkdir.
Təbii ki, burada Türkiyəyə olan inam çox mühüm əhəmiyyət kəsb edir. İranın Türkiyəyə etimadı çox əhəmiyyətlidir. Eyni şəkildə prosesi dəstəkləyən və bu prosesə faydası olan Braziliyanın mövqeyi çox mühümdür. Buradan Braziliyanın Prezidenti cənab Lulaya da çox təşəkkür edirəm. Çünki, biz prosesi necə yaxından izlədiksə, onlar da bizim qədər yaxından izlədilər. Beləliklə də bu anlaşma orada dünyaya bəyan edildi. İnanıram ki, hər hansı bir sıxıntıya uğramadan prosesi izləyən dünya ölkələri də bu işə lazım olan dəstəyi verəcəklər. Beləliklə, dünyada sülh hər hansı bir sıxıntıya düşməz. Bu mövzuda deyəcəyim bu qədərdir.
Sanksiyalara gəldikdə isə, əgər, bütün dünya ölkələri bu səylərə müsbət mövqedən yanaşarlarsa, sanksiyadan söhbət gedə bilməz. Türkiyə ilk mərhələdən etibarən öz səmimi niyyətini göstərmişdir. Bu məsələlərlə bağlı olaraq BMT-nin Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvlərinin hər biri ilə görüşlər keçirmişik. Mənim əsas gözlədiyim birgə bəyannamədən sonra sanksiyanın söhbət mövzusu olmamasıdır. İstər mən, istər xarici işlər nazirimiz, istər hörmətli Lula BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini və digərlərini tez bir zamanda məlumatlandırmağa başlayacağıq. Biz bu işə başlamışıq və bunu davam etdirəcəyik. Əsas məsələləri onsuz da bildirmişik. Bundan əlavə də ikitərəfli görüşlərlə bu prosesi davam etdirəcəyik.
Ceyhun QULİYEV (Azərbaycan Televiziyası): Mənim sualım Türkiyənin Baş nazirinədir. Hörmətli cənab Baş nazir, bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu tikilməkdədir və Azərbaycan tərəfi məsələ qaldırmışdır ki, bu yol, eyni zamanda, Naxçıvana qədər də uzansın. Türkiyənin hazırda bu məsələ ilə bağlı mövqeyi necədir?
Rəcəb Tayyib ƏRDOĞAN: Planlaşdırdığımız kimi, qətiyyətli bir şəkildə bu fəaliyyəti davam etdiririk və etdirəcəyik. Bundan kimsə narahat olmasın. Çünki, Naxçıvanın bu problemini həll etmək bizim əsas vəzifəmizdir. Bildiyiniz kimi, iyunun 17-də hava yolu ilə daşınmalara başlayacağıq və böyük ehtimalla xarici işlər nazirlərimiz, inşallah, açılış mərasimində iştirak edəcəklər.
Türk Hava Yolları həftədə 3 dəfə İstanbuldan Naxçıvana səfərlər həyata keçirəcəkdir.
Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi açılıb
Dünən Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün
abidəsi açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,
elm adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin ətrafında yaradılmış şəraitlə tanış oldular. Məlumat verildi ki, abidənin müəllifi Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovdur. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün abidəsinin ucaldığı bu park bundan sonra paytaxt sakinlərinin ən maraqlı istirahət yerlərindən biri olacaqdır. Abidə və onun ətrafında yaradılmış şərait paytaxtın bu hissəsinə xüsusi yaraşıq verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söylədilər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Dünən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana gül-çiçək dəstəsi verdilər. Türkiyə hökumətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.