PDF Oxu

Siyasət

  • 21

İordaniya Azərbaycanın haqq işini dəstəkləyən etibarlı tərəfdaşıdır

İordaniya Azərbaycanın haqq işini dəstəkləyən etibarlı tərəfdaşıdır

İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi

Mayın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi.
İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü
Mayın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın və İordaniyanın dövlət başçılarının geniş tərkibdə görüşü olub
Mayın 16-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Əlahəzrət!
Hörmətli dostlar!
Mən Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizi görməkdən çox şadam. Ölkələrimiz arasında əlaqələrin inkişafından çox məmnunam. Bu əlaqələr ölkələrimiz arasında əsl qardaşlıq əlaqələridir. Əminəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin gələcək inkişafında xüsusi rol oynayacaqdır. Biz ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk. Gözəl siyasi təmaslarımız vardır, tez-tez qarşılıqlı səfərlərimiz baş tutur. İnanıram ki, bütün sahələrdə yaxşı irəliləyişin şahidi olacağıq.
Biz bütün ikitərəfli məsələləri geniş şəkildə müzakirə etdik və mövqelərimiz üst-üstə düşür. Eyni zamanda, regional inkişaf, əməkdaşlıq kimi məsələlər də müzakirə edildi. Əminəm ki, nümayəndə heyətlərimizin üzvləri öz vaxtlarını səmərəli keçirəcəklər ki, ikitərəfli əlaqələrin inkişafı üçün əlavə hansı işlərin görülməsi də müəyyən edilsin. Beynəlxalq təşkilatlar çərçivəsində bizə verdiyiniz dəstəyə görə olduqca minnətdarıq. Bu, bizim üçün çox vacibdir. Ümidvarıq ki, həm bizim üçün, həm də region üçün vacib olan dostluq, qardaşlıq əlaqələrimiz davam edəcəkdir.
Əlahəzrət, bir daha ölkəmizə xoş gəlmisiniz.
İordaniya Kralı II ABDULLAH səmimi qəbul üçün təşəkkür edərək dedi:
Zati-aliləri! Məni nümayəndə heyətimlə birgə Azərbaycana səfərə dəvət etdiyinizə görə, əziz qardaşım, Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Siz də qeyd etdiniz ki, ikitərəfli münasibətlərimiz bütün səviyyələrdə olduqca güclüdür. Ümidvaram ki, bu səfər əvvəlki müzakirələrin nəticələri əsasında növbəti işləri görmək imkanını yaradacaqdır.
Bir daha qeyd edirəm ki, məlumat mübadiləsi, ölkələrimiz arasında təmaslar əla nümunədir. Bu işlərə rəhbərlik etdiyinizə, o cümlədən İordaniya tərəfi ilə əlaqələndirməni aparmaq üçün Azərbaycan hökumətinə verdiyiniz göstərişlərə görə Sizə minnətdarıq. Biz də İordaniyada əlaqələndirmə işlərini aparırıq. Bilirik ki, gələcəkdə görüləcək işlər çoxdur. Aramızda bir çox oxşarlıqlar vardır. Fikrimcə, biz bunlardan istifadə etməliyik. Ən vacib amil isə ondan ibarətdir ki, dövlətlərimiz arasında əlaqələrlə yanaşı, regional müstəvidə münasibətlər də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Siz və ölkəniz İordaniya üçün çox vacibsiniz. Üzləşdiyiniz çətinliklərə gəldikdə, biz hər zaman sizin tərəfinizdə olmuşuq.
Cənab Prezident, mən Sizdən şəxsən eşitmişəm ki, Siz də İordaniyaya eyni münasibət bəsləyirsiniz. İki tərəfin həmkarları arasında qurulmuş əlaqələrə əminik. Burada, Bakıda yenidən olmağımdan şərəf duyuram. Ümidvaram ki, təmaslarımız nəinki dövlət, o cümlədən şəxsi əlaqələr səviyyəsində davam edəcəkdir.
Çox sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın mətbuat üçün bəyanatları
Mayın 16-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
- Əlahəzrət!
Hörmətli dostlar!
Hörmətli qonaqlar!
Əvvəlcə mən Əlahəzrəti ölkəmizdə salamlamaq istəyirəm. Çox şadam ki, bizim bu qədər yaxşı müzakirələrimiz oldu. Biz ikitərəfli münasibətlərə aid bir çox məsələləri əhatə etdik. Əlaqələrimiz çox yaxşıdır. Artıq bir neçə ildir ki, biz çox fəal əməkdaşlıq edirik və bu əməkdaşlığın yaxşı nəticələri vardır. Siyasi dialoqumuz çox fəal və dinamikdir. Biz mütəmadi olaraq görüşürük və dövlət liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizi daha da gücləndirir. Ümidvaram ki, biz gələn illər ərzində iqtisadi əməkdaşlığa daha çox diqqət yetirəcəyik. Çünki biz daha çox işlər görməliyik. İşgüzar dairələrimizin nümayəndələri arasında artıq ilkin təmaslar vardır. Lakin hesab edirəm ki, potensialımızdan daha geniş şəkildə istifadə etməliyik.


Biz bu səfər çərçivəsində iqtisadi əməkdaşlığımızın praktiki aspektlərini, müxtəlif investisiya layihələrini müzakirə etdik və onları yaxın gələcəkdə həyata keçirmək niyyətindəyik.
Ölkələrimiz arasında möhkəm mədəni əlaqələr də vardır. Münasibətlərimizin uzun tarixi mövcuddur. İndi isə biz ikitərəfli məsələlərə aid gündəliyin daha da genişləndirilməsi üçün görüləsi işlər üzərində düşünməliyik.
Əlahəzrət!
Sizin və ölkənizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman açıq və birmənalı mövqeyinizə görə olduqca minnətdarıq. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Azərbaycana verdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu, bizim üçün çox vacib idi. Çünki Siz də bilirsiniz ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları uzun illərdir Ermənistanın işğalı altındadır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq təşkilatlar torpaqlarımızın azad edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də yerinə yetirilməyib. İslam Konfransı Təşkilatı qətnamələr qəbul edib. Həmçinin ATƏT və Avropa Şurasının qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin qətnamələrə məhəl qoymur. Torpaqlarımız artıq uzun illərdir ki, işğal altındadır. Biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Danışıqları konstruktiv tərzdə aparırıq və bu baxımdan Ermənistan tərəfindən də eyni yanaşmanı gözləyirik. Belə olarsa məsələ yaxın vaxtlarda həll edilə bilər.
Əlahəzrət!
Mən Sizə və hökumətinizə Azərbaycanı bu məsələdə daim dəstəklədiyinizə görə minnətdarlığımı bildirirəm. Biz isə öz növbəmizdə İordaniyaya beynəlxalq təşkilatlarda dəstəyimizi veririk. Ölkənizi dəstəkləməkdə davam edəcəyik. Xalqlarımız arasında münasibətlər çox yaxşıdır. Nümayəndə heyətlərimiz arasındakı münasibətlər də çox yaxşıdır. Fikrimcə, nümayəndə heyətlərinin üzvləri də bizdən, bizim münasibətlərdən yaxşı nümunə götürəcəklər və yaxşı əlaqələr yaradacaqlar. Sizi ölkəmizdə qəbul etməkdən bir daha məmnun olduğumu bildirirəm. Mən Sizə və İordaniya xalqına sülh və rifah arzulayıram. Ümidvaram ki, ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcəkdir.

X X X
İordaniya Kralı II ABDULLAH bəyanatla çıxış edərək dedi:
Çox sağ olun, Zati-aliləri!
Xanımlar və cənablar!
Bakıda yenidən olmağımdan olduqca məmnunam. Ölkələrimiz
arasında bu cür xüsusi münasibətlərdə irəliləyişi görməkdən çox şadam. Əminəm ki, bu gün apardığımız konstruktiv müzakirələr və bu səfər çərçivəsində imzalanacaq sənədlər əməkdaşlığımızı daha da gücləndirəcəkdir. İnanıram ki, biz nəqliyyat, kənd təsərrüfatı, enerji və xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrini müəyyən edə biləcəyik. Son bir neçə ildə bir sıra perspektivli imkanlar araşdırılıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin gələcəyi çox vədedicidir.
Zati-aliləri!
Digər beynəlxalq və regional, xüsusən də Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olması üçün zəruri hesab edilən məsələlərlə bağlı Sizinlə müzakirələr aparmaqdan çox şad oldum. İsrail-Fələstin münaqişəsinin iki dövlət variantı əsasında həllinə yönələn səylərimizdə irəliləyişin əldə olunması hamı üçün təxirəsalınmaz xarakter daşıyır. Bu, İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşayan suveren və möhkəm Fələstin dövlətinin qurulmasına xidmət etməlidir. Bu münaqişənin həlli sabitliyin və təhlükəsizliyin bərpası üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bu məsələni Bakıda qardaşlarımızla müzakirə etdik.
Zənnimcə, ölkələrimiz arasında əməkdaşlıq genişdir. Biz beynəlxalq səviyyədə bir-birimizi hər zaman dəstəkləyirik. Zati-alilərinizin qeyd etdiyi kimi, bütün sahələrdə güclü əlaqələrimiz vardır. Mənim zati-aliləri ilə xeyli vaxtdır ki, sıx əlaqələrim mövcuddur. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Aramızda olan bu münasibətlər hökumətlərimiz və xalqlarımız arasında olan əlaqələrdə də öz əksini tapıb. İnanıram ki, biz İordaniya ilə Azərbaycan arasında xüsusi münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəyik.
Zati-aliləri, Sizi burada və beynəlxalq tədbirlərdə görməkdən hər zaman məmnun oluram. Ölkənizə yenidən səfər etməyimdən çox şadam. Yaxın vaxtlarda Sizi yenidən görməyi səmimiyyətlə arzulayıram və dostluğumuz münasibətlərimizi bundan sonra daha da sıx edəcəkdir. Çox sağ olun və göstərilmiş çox səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Sağ olun.
Ali qonağın şərəfinə
Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin adından İordaniya Kralı II Abdullahın şərəfinə rəsmi nahar verilib.

Digər xəbərlər