Serbiya Prezidenti Boris Tadiçin rəsmi qarşılanma mərasimi
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiçin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi.
Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Boris Tadiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin təkbətək görüşü
Dünən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Geniş tərkibdə görüş
Dünən təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Sizi ölkəmizdə bir daha salamlamaq istəyirəm. Uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair dünən və bu gün yaxşı müzakirələrimiz oldu. Əlbəttə, əminəm ki, Sizin ölkəmizə səfəriniz ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə və bir çox sahələri əhatə edən münasibətlərimizin genişləndirilməsinə doğru atılan mühüm addım olacaqdır. Bizim çox güclü siyasi əlaqələrimiz vardır. Ümidvaram ki, iqtisadi əməkdaşlığımız da həmin strateji xəttə uyğun olacaqdır. Serbiya ilə münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, güclü ikitərəfli əlaqələrimiz Balkan və Qafqaz regionları arasında da regional əməkdaşlıq üçün yaxşı imkanlar açacaq və biz irəliyə doğru gedəcəyik.
Səfəriniz münasibətlərimizin tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Biz bunu yüksək qiymətləndiririk və dəvətimizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk.
Əminəm ki, bu gün apardığımız müzakirələr və imzalanacaq sənədlər ölkələrimiz arasında uzunmüddətli strateji münasibətlər üçün olduqca möhkəm zəmin yaradacaqdır.
Bir daha xoş gəlmisiniz! Əminəm ki, Azərbaycana səfərinizdən məmnun qalacaqsınız.
Serbiya Prezidenti Boris TADİÇ səmimi qəbul üçün təşəkkür edərək dedi:
-Sağ olun, cənab Prezident!
Burada olmağımdan şərəf hissi duyuram. Siz də qeyd etdiyiniz kimi, bu, Sizin ölkənizə prezident səviyyəsində bizim ilk səfərimizdir. Beləliklə, biz tarix yazırıq. Ümidvaram ki, biz münasibətlərimizi gələcəkdə əsl dostlar kimi inkişaf etdirəcəyik. Mən yaşadığımız, inkişaf edən regionlarda - Balkan və Qafqaz arasında bir çox oxşarlıqları görürəm. Burada qarşımızda eyni çətinliklər durur.
Biz ikitərəfli münasibətlərin inkişaf etdirilməsində çox maraqlıyıq. Lakin eyni zamanda, ölkələrimizin üzləşdiyi bəzi çətinliklər və problemlərin həlli ilə bağlı bir-birimizlə fikir mübadiləsi aparırıq. Burada - Bakıda, Azərbaycanda olarkən mən bir çox oxşarlıqların şahidi oldum. Əvvəlcə onu deməliyəm ki, xalqlarımızı və ölkələrimizi birləşdirən oxşarlıqlar vardır. Fikrimcə, Siz də ölkəmizə səfər etsəniz, bunların şahidi olarsınız.
Cənab Prezident, hesab edirəm ki, ərazi bütövlüyümüzün qorunmasında ümumi maraqlarımız vardır. Biz fikirlərimizlə bölüşdük və bu cür məsələlər bizim üçün prinsipial xarakter daşıyır. Serbiya bütün dünya ölkələrinin ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Bu baxımdan Siz bizə arxalana bilərsiniz.
Sənədlərin imzalanma mərasimi
Dünən geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç "Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni imzaladılar.
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya"nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Serbiyanın Baş nazirinin birinci müavini, daxili işlər naziri İvika Daciç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, iqtisadiyyat və regionların inkişafı naziri Mladjan Dinkiç imzaladılar.
Dövlət başçılarının mətbuat üçün bəyanatları
Dünən Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Boris Tadiç mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
- Əziz dostlar!
- Cənab Prezident! İlk növbədə Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Mən Sizin Azərbaycana ilk dəfə səfər etməyinizdən çox şadam. Bu, ikitərəfli münasibətlərimiz tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizin bundan sonra da sürətlə inkişaf etməsi üçün çox yaxşı imkanlar yaradacaqdır. Bizim münasibətlər çox uğurla inkişaf edir. Biz çox güclü siyasi dialoq qurmuşuq. Əminəm ki, bu gün ikitərəfli münasibətlərimizlə bağlı müzakirə etdiyimiz bütün məsələlər, qəbul etdiyimiz qərarlar və imzaladığımız sənədlər tezliklə icra ediləcəkdir. Bu, ölkələrimizə indikindən də daha yaxın olmağa imkan yaradacaqdır.
Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik və Kosovonun birtərəfli qaydada müstəqilliyini bəyan etməsi qeyri-qanuni bir addımdır. Əfsuslar olsun ki, bəzi ölkələr onu tanıyıb. Lakin mən əminəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə bütün ölkələr tərəfindən riayət edilməlidir. Biz həmin təşkilatlara beynəlxalq birliyin üzvü olmaq, bu təşkilatların norma və prinsiplərini, suveren hüquqlarımızı müdafiə etmək imkanına qadir olmaq məqsədi ilə daxil omuşuq.
Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesini də müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonumuz 15 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal uzun illərdir ki, davam edir. Uzun illərdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl etmir. Bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir.
Millətlərin öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə, hər şeydən əvvəl, qeyd etmək istərdim ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti vardır və ermənilərin məntiqi ilə onlar yaşadıqları bütün yerlərdə öz müqəddəratlarını təyin etməyə cəhd etsələr, o zaman dünyada çoxlu erməni dövləti olar.
Eyni zamanda, Dağlıq Qarabağda hazırda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər.
Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu çoxkonfessiyalı və çoxmillətli bir ölkədir. Müxtəlif etnik qrupların nümayəndələri, müxtəlif dini köklərə malik olan insanların hamısı ölkəmizdə eyni hüquq və azadlıqlara malikdirlər.
Bu gün biz, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdik. Bu əməkdaşlığı genişləndirmək və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istək mövcuddur. Əsas diqqət yönəltdiyimiz məsələlər sırasında enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Düşünürəm ki, bu sahədə uzunmüddətli və geniş əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Azərbaycanın enerji ehtiyatları, neft və qaz dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə nəql olunur. Biz şaxələndirmənin yeni istiqamətləri üzərində işləyirik. Azərbaycan artıq regionumuzda enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Ümidvaram ki, yaxın gələcəkdə Avropanın da enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Düşünürəm ki, bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı, faydalı və çox səmərəli ola bilər.
Cənab Prezident, mən çox məmnunam ki, Sizi çoxlu iş adamları müşayiət edir və onlar ölkəmizdəki tərəfdaşları ilə görüşmək imkanı əldə edirlər. Əminəm ki, bu tərəfdaşlığın yaxşı nəticələrini yaxın zamanlarda görəcəyik. Biz Serbiyada, Azərbaycanda, ola bilər ki, digər ölkələrdə qarşılıqlı investisiya layihələrində maraqlıyıq. Biz iş adamlarımızın ölkələrimizdə, yerləşdiyimiz regionda biznes fəaliyyətləri üçün daha yaxşı imkan yaratmaqdan ötrü səylərimizi birləşdirə, yerləşdiyimiz coğrafi mövqedən istifadə edə bilərik. Bir sözlə, əminəm ki, Azərbaycan ilə Serbiya arasında olan güclü münasibətlər ölkələrimiz və xalqlarımız üçün faydalı olmaqla yanaşı, regional səviyyədə daha yaxşı anlaşmaya da xidmət edəcəkdir. Balkanlar, Xəzər dənizi, Qara dəniz, Qafqaz - biz hazırda bu coğrafi bölgələrdə daha yaxşı anlaşmanın necə əldə olunması üzərində işləyirik. Əminəm ki, Azərbaycan və Serbiya ümumi tərəfdaşlıq və dostluq işinə öz uğurlu töhfəsini verəcəkdir. Biz daha çox sahələri müzakirə etdik. Əlbəttə ki, mədəniyyət və humanitar sahələr çox önəmli sahələrdir. Biz bir-birimizi daha yaxından tanımalı, qarşılıqlı səfərləri intensivləşdirməliyik və artıq gələcək təmaslarımızın proqramını razılaşdırmışıq.
Cənab Prezident, bir daha Sizi və Sizi müşayiət edən nümayəndə heyətini ölkəmizdə salamlamaq istərdim. Ümidvaram ki, Azərbaycana səfəriniz faydalı olacaq və bu səfərdən məmnun qalacaqsınız. Sağ olun!
X X X
Serbiya Prezidenti Boris TADİÇ bəyanatla çıxış edərək dedi:
- Çox sağ olun, cənab Prezident!
Həqiqətən Serbiya hökumətinin nümayəndə heyəti ilə Bakıda - Azərbaycanda olmağımdan, Sizinlə və Sizin nümayəndə heyəti ilə ikitərəfli münasibətlərimiz və tarixi imkanlarımız barədə danışıqlar aparmaqdan, üzləşdiyimiz problem və çağırışları müzakirə etməkdən şərəf hissi duyuram. Mən görürəm ki, bizim ümumi problem və çağırışlarımız vardır. Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir.
Biz Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə separatçılıq etmək məqsədi ilə etnik bəhanələrdən istifadə edən separatçıların tamamilə əleyhinəyik. Bu səbəbdən də biz Serbiyanın cənub əyaləti olan Kosovoya dair ölkəmizin ərazi bütövlüyü ilə bağlı maraqlarımızdan imtina etmirik. Cənab Prezident, biz iqtisadi sahədə, enerji sektorunda əməkdaşlığımızdan, iqtisadiyyatımızın digər sahələri ilə bağlı əlaqələrimizdən danışdıq. Mən tam əminəm ki, biz iş adamlarımız, xalqlarımız və ümumiyyətlə, ölkələrimiz üçün həqiqətən də yaxşı imkanlar yarada bilərik. Qlobal enerji siyasətində Azərbaycan enerji sektorunun əsas iştirakçılarından biridir. Enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu çox əhəmiyyətlidir. Biz Azərbaycanın enerji planlarına qoşulmaqda çox maraqlıyıq. Azərbaycan, Gürcüstan və Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair layihə və Azərbaycanın digər planları da Serbiya üçün olduqca maraqlıdır. Serbiyanın neft şirkətləri ölkənizin işgüzar dairələri ilə enerji sektorunda daha yaxşı mühitin yaradılması imkanlarını müzakirə edəcəklər. Cənab Prezident, eyni zamanda, ölkənizin şirkətləri də Serbiya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoya bilərlər. Biz bu haqda danışmışıq. Mən tam əminəm ki, bu səfərdən sonra biz işgüzar dairələrimiz üçün daha yaxşı imkanlar və şərait yaratmağa, ölkələrimizdə yeni iş yerlərinin açılmasına hazır olacağıq. Cənab Prezident, danışıqlarımızın əvvəlində Siz bildirmişdiniz ki, çətinliklər və çağırışlar bir-birimizi daha yaxşı anlamaq üçün münbit şərait yaradır. Sizin də, bizim də qaçqınlarınız vardır. Hazırda Serbiyada yarım milyon məcburi köçkün yaşayır. Biz onların aqibəti üçün məsuliyyət daşıyırıq. Lakin biz prinsipial məsələlərdə öz mövqeyimizi, beynəlxalq qanunları, Helsinki Yekun Aktını, BMT Nizamnaməsini müdafiə etmək üçün səylərimizi davam etdirəcəyik. Bu məsələdə Siz bizə arxayın ola bilərsiniz. Cənab Prezident, Bakıda - Azərbaycanda bizə göstərilən çox səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm və Sizi ölkəmizə səfərə dəvət edirəm. Sağ olun.
Ali qonağın şərəfinə
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin adından Serbiya Prezidenti Boris Tadiçin şərəfinə rəsmi nahar verilib.
Səfər başa çatdı
Dünən Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri başa çatıb. Azərbaycanın və Serbiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Serbiya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.