Prezident Sərəncam imzalayıb
Dünən Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, cari ilin noyabrında respublikamızın tanınmış ali təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətə başlamasının 80 ili tamam olur. Zəngin elmi-pedaqoji ənənələrə malik Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizdə təhsilin inkişafına sanballı töhfələr verib.
Sərəncamda respublikamızda iqtisadiyyatın ən müxtəlif sahələri üçün geniş profil üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri nəzərə alınaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə tədbirlər planının hazırlanıb həyata keçirilməsi Təhsil Nazirliyinə həvalə olunub. Bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi isə Nazirlər Kabinetinə tapşırılıb.