PDF Oxu

Siyasət

  • 11

Təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür

Təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür

Prezident İlham Əliyev dünən Şirvan şəhərində daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşmüş və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib.
Azərbaycan Prezidenti İlham Əliyevi Sabirabadda rayon sakinləri hərarətlə qarşıladılar, bu ağır gündə onlarla görüşə gəldiyinə, qarşılaşdıqları ağır problemlərin aradan qaldırılmasında göstərdiyi köməyə, diqqət və qayğıya görə dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər. Rayon ağsaqqalları, ağbirçəklər ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ümumxalq məhəbbəti qazanmış Prezident İlham Əliyevi həmişə özlərinə arxa, dayaq bildiklərini söylədilər. Onlar dövlətimizin başçısına qadir Allahdan cansağlığı, uzun ömür diləyərək dedilər ki, əziz Prezident, Allah Sizi qorusun.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov daşqınlar nəticəsində yaranmış vəziyyət haqqında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məlumat verdi. Çadır düşərgəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına bildirildi ki, əhalinin ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunması üçün bütün lazımi tədbirlər görülmüşdür. Bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı vardır.
Prezident İlham Əliyev çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə səmimi söhbət etdi, onları diqqətlə dinlədi, qarşılaşdıqları çətinliklərlə maraqlandı, problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verdiyini bildirərək dedi:
-Narahat olmayın, sizə hər cür kömək göstəriləcəkdir. Sizin üçün burada hər cür şərait yaradılmışdır. Hər birinizə, hamınıza kömək ediləcəkdir. Bir adam da köməksiz qalmayacaqdır. Sizi burada müvəqqəti məskunlaşdırmışlar. Tapşırıq vermişəm ki, sizə yaxşı baxsınlar, yeməklə təmin etsinlər, tibbi xidmət göstərsinlər.
SAKİNLƏR: Cənab Prezident, Allah Sizi qorusun, o dəryanın qabağını Siz aldınız.
Prezident İlham ƏLİYEV: Narahat olmayın, sizin dağılmış evləriniz bərpa ediləcəkdir. Mən yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişəm və bu gün də gəlmişəm ki, görüm vəziyyət necədir. Narahat olmayın, bütün evlər bərpa olunacaq, sizə kompensasiya ödəniləcəkdir. Demişəm ki, sizə yaxşı baxsınlar. Əsas odur. Burada şərait necədir?
SAKİNLƏR: Yaxşıdır. Cənab Prezident, Allah Sizi üstümüzdən əskik etməsin. Allah qoysa, evimizə qayıdacağıq!
Prezident İlham ƏLİYEV: Əlbəttə, qayıdacaqsınız. Amma indi dözmək lazımdır ki, bu təbii fəlakətin fəsadları aradan qaldırılsın. İndi gərək bütün bəndlər təmir edilsin. Yarılmış bütün bəndlər təmir olunmalıdır. Orada su qurudulmalıdır. Uçmuş evlər yenidən tikiləcəkdir. Hansı evlər ki qəzalı vəziyyətdədir, onlar təmir olunacaqdır. İndi sizin mülkiyyətiniz batıb gedib. Mən tapşırmışam ki, sizin mülklərinizin mühafizəsi təşkil edilsin.
SAKİN: Allah Sizin atanıza rəhmət eləsin, biz qaçqın olanda hamımıza dayaq oldu, kömək göstərdi. Ot kökü üstə bitər. Həmin kişinin oğlusunuz. O kişi bizi qayğı ilə yerləşdirdi, bizə dayaq durdu, işığı, qazı o vaxtdan pulsuz yandırırıq, çörəyi pulsuz alırıq. Allah Sizi bu millətin, biz qaçqınların üstündən əskik etməsin! Nə niyyətiniz varsa, Allah-taala hasil etsin. Amin.
Prezident İlham ƏLİYEV: Bilirsiniz ki, qaçqınlara mən də həmişə arxa durmuşam, bu gün də bütün imtiyazlar yerindədir.
SAKİN: Bəli. İki sözünüzdən biri qaçqınlara köməkdir. Biz qaçqınlar hamımız Sizə arxalanırıq. Siz daş qoyan yerə, biz baş qoymağa hazırıq.
Prezident İlham ƏLİYEV: Arxayın ola bilərsiniz, qaçqınların yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün bütün tədbirlər görülür. Dövlət proqramı qəbul edilmişdir, bütün imtiyazlar yerində qalır. İşıq, qaz, bütün kommunal ödəmələr - yəni siz ondan azadsınız. Növbəti mərhələdə yeni proqramlar həyata keçiriləcəkdir. Ciddi tapşırıq vermişəm ki, hər bir vəzifəli şəxs qaçqınlara, köçkünlərə kömək olmalıdır, onlara dəstək verməlidir, onları incitməməlidir, onları yerindən tərpətməməlidir. Ona görə arxayın ola bilərsiniz. İndi isə əsas vəzifə odur ki, bu təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq və əziyyət çəkən insanlara kömək edək. Əsas odur.
Sakinlər təbii fəlakətin onlara vurduğu ziyandan danışdılar.
Prezident İlham ƏLİYEV: Sizə dəymiş bütün ziyan ödəniləcək, kompensasiya veriləcəkdir. Arxayın olun. Bu təbii fəlakətdir. Nə mümkündürsə, onu da edəcəyik. Əgər təxirəsalınmaz tədbirlər görülməsəydi, Allah eləməsin, daha da pis ola bilərdi. Ona görə indi əsas gücümüz ona yönəldilibdir ki, bu vəziyyət tezliklə aradan qaldırılsın. Azərbaycan xalqı dözümlü xalqdır, mətin xalqdır.
SAKİN: Doğru deyirsiniz. Çünki ölkəmizin başında Heydər Əliyev siyasətindən yoğrulmuş Prezident İlham Əliyev durur. Biz ümidimizi heç vaxt ondan kəsmirik. Prezident İlham Əliyev sonra tibb məntəqəsində yaradılan şəraitlə tanış oldu. Səhiyyə naziri Oqtay Şirəliyev yaranmış vəziyyətlə əlaqədar əhaliyə göstərilən tibbi xidmət barədə dövlətimizin başçısına məlumat verdi, burada epidemioloji vəziyyətə ciddi nəzarət olunduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev çadırlarda insanlar üçün yaradılmış şəraitlə də diqqətlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin Şirvan şəhərində müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilmişdir. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülmüş və zərərçəkənlərin dəqiq qeydiyyatı aparılmışdır.

 

X X X

Sonra Prezident İlham Əliyevin sədrliyi ilə səyyar müşavirə keçirildi.
Prezident İlham Əliyev müşavirəni açaraq dedi:
-Bu təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Mayın 7-də Bakıda mənim sədrliyimlə müşavirə keçirildi, bütün lazımi göstərişlər verildi. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar çox səmərəli işləyirlər. Biz görülən tədbirlər nəticəsində daha da böyük bəladan özümüzü qurtara bildik. Deyə bilərəm ki, bu təbii fəlakət son illər, bəlkə də onilliklər ərzində misli görünməmiş dərəcəyə çatmışdır. Əlbəttə ki, biz bu gün ilk növbədə, bu fəlakətin fəsadlarını aradan qaldırmalıyıq. Eyni zamanda, bununla bərabər əziyyət çəkən bütün insanların yaşayış səviyyəsini normallaşdırmaq üçün onlara əlavə qayğı da göstərilməlidir.
Mənə verilən məlumata görə, bu sahədə lazımi tədbirlər görülür, insanların köçürülməsi, onların müvəqqəti məskunlaşdırılması, yeməklə, ərzaqla, tibbi xidmətlə təmin edilməsi məsələləri operativ şəkildə həll olunur. Bu, çox müsbət haldır. Bu onu göstərir ki, bizim bütün qurumlarımız istənilən şəraitdə, hətta təbii fəlakət zamanı öz işlərini lazımi səviyyədə qura bilirlər.
Bu gün səhər köçürülən əhali ilə görüşdə bir daha onların dilindən eşitdim ki, onlar yaradılmış şəraitdən çox razıdırlar. Mən gördüm ki, bu fikirlər səmimi söylənilir. Mən bura gəldim ki, vəziyyətlə tanış olum. Ən əsası əlavə hansı tədbirlər görülməlidir, biz bunu müzakirə etməliyik. Yəqin ki, insanların müvəqqəti məskunlaşması üçün lazım olan əlavə tədbirlərin görülməsi barədə də təkliflər veriləcəkdir. Bizim fəaliyyətimiz indiki şəraitdə bu iki istiqamətdə aparılmalıdır.
Bir daha demək istəyirəm, bütün müvafiq göstərişlər verildi, bütün aidiyyəti orqanlar səmərəli işləyirlər, gecə-gündüz işləyirlər və mən bunu yüksək qiymətləndirirəm. Nə mümkünsə onu biz maksimum edirik və edəcəyik. Bu işlərdə bütün qurumlar vahid idarəçilik formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının nümayəndələri - hamımız birlikdə çalışmalıyıq. Çünki bu, bizim ümummilli işimizdir. Bu vaxta qədər heç zaman ölkənin ərazisinin böyük bir hissəsi belə təbii fəlakətə məruz qalmamışdır. Qısa bir müddət ərzində qırxdan çox rayonda subasma və sürüşmə halları baş vermişdir. Yəni bu, misli görünməmiş təbii fəlakətdir və biz maksimum səmərə ilə bu vəziyyətdən çıxa bilirik. Onu da xüsusi qeyd etməliyəm ki, indiki şəraitdə dünyanın müxtəlif yerlərində bu günlərdə və bu gün də davam edən təbii fəlakətlər müşahidə olunur. Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır və ölüm hadisələri çox geniş vüsət alıbdır. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya bildik. Onları vaxtında köçürə bildik. Fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində biz insanların sağlamlığını da maksimim dərəcədə təmin edə bildik.
Burada da bütün lazımi şərait yaradılıb, ərzaqla təminat yaxşıdır, gündə 3 dəfə isti yemək verilir, tibbi xidmət göstərilir və insanların bütün problemləri maksimum dərəcədə həll olunur. Əlbəttə ki, bu çöl şəraitində bunu təşkil etmək o qədər də asan məsələ deyildir. Amma nə mümkünsə biz bunu burada operativ qaydada edirik. İnsanların məskunlaşdıqları yerlərdə qərargahlar qurulubdur və lazımi tədbirlər görülür.
Bir daha demək istəyirəm ki, indiki şəraitdə bu gün və bundan sonrakı günlərdə, ilk növbədə bütün lazımi sahilbərkitmə işləri aparılmalıdır. Bəndlər bir neçə yerdən yarıldı və bunun nəticəsində subasma halları, həm qrunt suları, həm Kürün suyu - çay suları daha da çoxaldı. Yəni bütün bu təbii fəlakətlər bir daha onu göstərir ki, bəzi hallarda insanlar bunun qarşısında aciz olurlar. Amma biz imkanlarımızı maksimum dərəcədə səfərbər etdik və edirik ki, bu fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq.
Ona görə sahilbərkitmə, bəndbərkitmə işləri sürətlə davam etdirilməlidir. Bütün texnika vardır. Əgər əlavə texnikanın göndərilməsi üçün ehtiyac olarsa, biz onu da edərik. Kifayət qədər canlı qüvvə vardır. Ancaq bu gün mən göstəriş verdim ki, əlavə canlı qüvvə göndərilsin. Çünki buna ehtiyac vardır. Biz əlbəttə ki, kənd sakinlərini bu işlərə cəlb edirik. Amma onların başı öz problemlərinə qarışıb. Onlar öz ailələrinə, necə deyərlər, bu şəraitdə kömək etməlidirlər. Yəni, onları bu sahilbərkitmə işlərinə kütləvi qaydada cəlb etmək hesab edirəm ki, o qədər də düzgün olmaz. Bu, könüllü şəkildə olmalıdır. Bizim kifayət qədər canlı qüvvəmiz vardır. İnsanlara qayğı göstərilməlidir. Onların bütün məişət problemləri mümkün qədər həll olunmalıdır və mən gördüm ki, insanlar, doğrudan da, burada onlara göstərilən münasibətə görə çox böyük səmimiyyətlə minnətdarlıqlarını bildirirlər. Bundan sonrakı dövrdə, - bu barədə də biz keçən dəfə müşavirədə danışmışıq, - kompleks tədbirlər planı tərtib edilməlidir, hazırlanmalıdır və icra olunmağa başlamalıdır ki, gələcəkdə biz özümüzü belə fəlakətdən daha da böyük uğurla qoruya bilək. Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik. Eyni zamanda, vəziyyət sabitləşəndən sonra dəymiş bütün ziyan hesablanmalıdır, çünki biz təkcə uçan evlərin bərpası ilə öz işimizi bitmiş hesab edə bilmərik. Çünki orada təkcə evlər batmayıb, bütün həyət təsərrüfatı, bütün mülkiyyət, şəxsi mülkiyyət dağılıbdır. İnsanların, necə deyərlər, dolanışıq mənbəyi artıq məhv olubdur. Biz onları köçürdük, qaytardıq, evləri bərpa etdik, bəs onlar necə yaşayacaqlar? Yəni bütün bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Bu gün tərk edilmiş o evlər lazımi səviyədə qorunur.
Yəni, Azərbaycan dövləti, bütün aidiyyəti qurumlar nə mümkündür onu edirlər. Biz hesab edirdik ki, son iki-üç gün ərzində suyun səviyyəsi düşməyə başlamışdır və artıq hava şəraiti də yaxşılaşdı. Hesab edirdik ki, necə deyərlər, əsas böhranlı anlar artıq geridə qalıb. Amma dünən axşam bəndin yarılması nəticəsində əlavə sahələr suyun altında qaldı. İndi yenə yağışlar başladı, leysanlar başlayır, dağlarda əvvəlki illərdə görünməmiş həcmdə qar, buzlaşma müşahidə olunur. İndi o buzlar, o qarlar əriyəcək. Əridikcə yenə sel sularının gəlməsinə səbəb ola bilər. Yəni, biz hesab etməməliyik ki, bu gün artıq böhran arxada qaldı. Gələcəkdə də bu təkrar oluna bilər.
Ona görə mən bir daha demək istəyirəm, Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü və bu gün də bu tədbirlər görülür.
İndi isə biz baxmalıyıq ki, birincisi nə edilib. Əlavə nə etmək lazımdır və proqnoz nədən ibarətdir ki, biz insanları nə vaxt öz yaşadıqları yerlərə qaytara bilək.

X X X

Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə, daxili işlər naziri Ramil Usubov, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, "Azərenerji" ASC-nin prezidenti Etibar Priverdiyev və Sabirabad rayon İcra hakimiyyətinin başçısı Heydər Abbasov təbii fəlakətlə bağlı vəziyyət barədə məlumat vermişlər. Daha sonra Prezident İlham Əliyevə bildirilmişdir ki, indiyədək Kür çayında suyun sərfi saniyədə 1800-1900 kubmetri üstələməmişdir. Amma təbii fəlakət baş verən günlərdə bu göstərici 2400 kubmetrə çatmışdır. Hazırda Sabirabadın Mürsəlli kəndində dağılan bəndin bərpa işləri aparılır. Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bir daha görülən tədbirlərin sürətləndirilməsi, zərərçəkən əhalinin qayğılarına həssas yanaşılması, onların sosial problemlərin vaxtında həll olunması ilə bağlı tapşırıqlarını vermişdir.

Digər xəbərlər