PDF Oxu

Siyasət

  • 16

Azərbaycanda investisiya layihələri uğurla icra edilir

Azərbaycanda investisiya layihələri uğurla icra edilir

Son illər ərzində ölkəmizin sənaye kənd təsərrüfatı və digər sahələrinə on milyardlarla dollar vəsait qoyulub, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Prezident İlham Əliyev bu haqda deyib: "Bizim siyasətimiz ondan ibarətdir və maliyyə böhranından belə uğurlu tərzdə çıxmağımızın səbəbi də ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət kimi çox etibarlı şəkildə saxlamışıq və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını ödəmək üçün investisiya şəklində sənaye istehsalına, infrastruktur layihələrinə qoymuşuq ki, həm iş yerləri açıldı, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarandı".

Birinci rübdə ölkənin neft-qaz sənayesində çox əlamətdar hadisələr baş verib. "Çıraq" layihəsinə start verilib. Bu, "Azəri-Çıraq-Günəşli" yataqları üzrə "Əsrin müqaviləsi"nin icrası çərçivəsində görüləcək işlərdir. "Çıraq" layihəsi əlavə 6 milyard dollar investisiyanın qoyuluşunu tələb edir. Minlərlə yeni iş yerinin açılmasını təşkil edəcək. O iş yerlərinin 90 faizindən çoxu Azərbaycanda açılacaq.
Beləliklə, Azərbaycanda həm neft hasilatının artımı təmin ediləcək, həm də ki, hasilatın sabit durumda saxlanması üçün əlavə imkanlar yaranacaq. Bu layihə uzun illər bundan sonra hasilatı yüksək səviyyədə, sabit səviyyədə saxlayacaq. Bu da ölkəmizin inkişafı üçün çox vacibdir.
Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirəsində Prezident İlham Əliyev bu barədə bildirib: "Biz öz gələcək planlarımızı elə quraq ki, əldə ediləcək əlavə mənfəət həm ehtiyatların artırılmasına yönəldilsin, eyni zamanda, investisiya xərclərinin təmin edilməsi daha da geniş vüsət alsın.
Biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik. Həm valyuta ehtiyatlarımız artacaq, eyni zamanda, dövlət investisiya proqramı elə tutulmalıdır ki, əsas vəzifələr icra edilsin. Bu il üçün nəzərdə tutulmuş investisiya layihələri hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə ki, gələcək illərdə biz başqa sahələrə investisiyanın cəlb edilməsini təmin edəcəyik".
Sosial məsələlərin həllinə gəldikdə, qeyd etmək lazımdır ki, iqtisadi inkişaf bu məsələlərin həlli üçün başlıca şərtdir. "Əgər güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar və maaşlar vaxtaşırı artırılır. Bu il də maaşların və pensiyaların artımı nəzərdə tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir. Bütün sosial proqramlar, sosial ödəmələr vaxtında təmin edilir"-dövlət başçısı deyib.
Qeyd etmək lazımdır ki, son illərdə sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Təkcə bu ilin birinci rübündə proqrama dövlət büdcəsində nəzərdə tutulmayan layihələr əlavə edilib. Bəzi rayonlarda tibbi xidmətin lazımi səviyyədə olmaması insanları narahat edirdi. Baxmayaraq, son illərdə demək olar ki, hər bir bölgədə ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir xəstəxanalar, müalicə diaqnostika kompleksləri tikilib və onlar insanlara yüksək səviyyədə xidmət göstərir.
Dövlət başçısı qeyd edib ki, hələ ki, biz bu problemi tam şəkildə həll edə bilməmişik. "Ona görə yerlərdən gələn təkliflər, xahişlər əsasında göstəriş verildi ki, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni müasir xəstəxanaların tikintisi, yaxud da mövcud xəstəxanaların əsaslı təmiri məsələləri öz həllini tapsın. Yəni, biz bu məsələlərə həmişə çox çevik reaksiya veririk.
Yenə də deyirəm, biz çalışırıq ki, dövlət büdcəsində bütün məsələləri həll edək. Deyə bilərəm ki, əksər hallarda mütləq buna nail oluruq. Ancaq olur ki, il ərzində hansısa məsələ ortalığa çıxır, biz buna operativ reaksiya verməliyik. Belə məqsədlər üçün biz Prezidentin Ehtiyat Fondundan istifadə edirik və bundan sonra da edəcəyik ki, insanları narahat edən əsas problemləri maksimum dərəcədə və qısa müddət ərzində aradan qaldıraq".
Əhalinin kommunal xidmətlərlə tam təmin edilməsi işində də böyük irəliləyişlər əldə olunub. Prezident bu barədə bildirib: "Artıq bizim iclaslarda elektrik enerjisi, qaz təchizatı məsələləri daha geniş şəkildə müzakirə olunmur. Çünki bu məsələlərin böyük hissəsi həllini tapıbdır. Düzdür, qazlaşdırma prosesi davam edir və davam etməlidir ki, bütün insanlar, bütün yaşayış məntəqələri maksimum dərəcədə təmin olunsun. Ancaq bu problemlər görülən tədbirlər nəticəsində, ciddi sosial problem kimi, artıq aradan qalxıb. Bu gün səylərimiz bu əsas infrastuktur layihələrinin- içməli su, kanalizasiya məsələlərinin həllinə yönəldilibdir. Bu istiqamətdə də artıq işlər başlanmışdır".
İlham Əliyev deyib: "Mən istəyirəm ki, bu işlər daha da sürətlə aparılsın və bütün rayon mərkəzlərini əhatə etsin. İstəyirəm ki, bütün rayon mərkəzlərində işlər tezliklə başlasın, çünki insanları bu gün ən çox narahat edən məsələlər məhz içməli su və kanalizasiya məsələləridir. Onu da deməliyik ki, bizim əksər yaşayış məntəqələrində heç vaxt, heç bir dövrdə kanalizasiya olmayıb. İçməli su həmişə problem olub. Ancaq biz bu ciddi problemi çox ciddi həll etməliyik. Elə etməliyik ki, bu problem Azərbaycandan yığışdırılsın və insanlar tam şəkildə öz haqlı hüquqlarından istifadə edə bilsinlər.
Bir sözlə, 2010-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf baxımından çox uğurludur. Mən əminəm ki, gələcək aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir".

Digər xəbərlər