PDF Oxu

Siyasət

  • 17

Bu il Azərbaycanın inkişafı daha da uğurludur

Bu il Azərbaycanın inkişafı daha da uğurludur

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Xəbər verdiyimiz kimi, aprelin 29-da Prezident İlham Əliyev Cəlilabad rayonunda olub. Ölkənin bütün regionları kimi, Cəlilabad rayonu da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb.
Cəlilabadda əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün də ardıcıl tədbirlər görülür. Yaşayış məntəqələrinin su, qaz, elektrik enerjisi ilə tam təchizatı üçün əməli işlər görülür. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə artıb. Hazırda rayonda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam edir. Yeni park və xiyabanlar salınır, yollar çəkilir, kənd yolları abadlaşdırılır, məktəblər tikilir. 2003-2009-cu illərdə rayonda 12 min 800-ü daimi olmaqla, 22 min 480 yeni iş yeri yaradılıb. Dövlətimizin başçısının tapşırığına əsasən, rayonda ümumi tutumu 22 min ton olan 8 taxıl anbarının, hər biri 2 min tonluq 2 soyuducu kameranın, tərəzi qurğusunun və bir çox digər obyektlərin tikintisinə başlanılıb. Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətə başlayıb

Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və muzeylə yaxından tanış oldu.
Məlumat verildi ki, Cəlilabad rayonu tarixi abidələrlə zəngin bölgələrdən biridir. Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Cəlilabadda eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış məskəni, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.
İnşasına bu ilin əvvəlində başlanılan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi qısa müddətdə başa çatdırılıb. Binası orijinal memarlıq üslubunda inşa edilən muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.
Prezident İlham Əliyev muzeyin girişində quraşdırılan forostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotolar vardır.
Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə yaradılıb. Muzeydə 3000-ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik, dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları, gil və mis qablar nümayiş etdirilir. Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanılıb.

Prezident İlham Əliyev Cəlilabadda Şahmat Məktəbinin açılışında iştirak edib

Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabaddakı şahmat məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və məktəblə yaxından tanış oldu.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılıb. Bildirildi ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" Sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na uyğun olaraq beynəlxalq standartlar səviyyəsində tikilmiş şahmat məktəbinin ümumi ərazisi 550 kvadratmetrdir. Məktəbin şahmat fiquru olan top şəklində tikilən binası 6 mərtəbəlidir. Hər mərtəbədə yarış, təlim-məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompyuter zalları vardır. Bütün mərtəbələrdə müasir tipli elektron və maqnit şahmat lövhələri quraşdırılıb. Müasir maddi-texniki bazaya malik olan məktəbdə şahmat üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Ərazi abadlaşdırılmış, məktəbin girişində şahmat fiqurları quraşdırılıb. Prezident İlham Əliyev burada uşaqlarla şahmat oynadı, onlara idman karyeralarında uğurlar arzuladı.

Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib

Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Mərkəzin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev səhiyyə ocağının açılışını bildirən lenti kəsdi və mərkəzlə tanış oldu. Məlumat verildi ki, bu müasir səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılıb. Böyrək çatışmazlığından əziyyət çəkən 60 xəstə bu aparatlar vasitəsilə hemodializ seansları alacaq. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqlarn hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb.

Şüa-diaqnostika şöbəsi kompyuter tomoqrafiya və rentgen aparatları ilə təchiz olunub. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq və mebellə təchiz edilib.
260 nəfərin daimi işlə təmin edildiyi Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür.
Yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.

Cəlilabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Cəlilabadda müalicə-diaqnostika mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
-Sizi ürəkdən təbrik edirəm. Gözəl, müasir diaqnostika mərkəzinin açılışı doğrudan da böyük hadisədir. Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlığını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. Çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir. Təkcə Bakıda, yəni paytaxtda deyil, müxtəlif bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş mərkəzi rayon xəstəxanaları əsaslı təmir olunur, yeni xəstəxanalar, tibb ocaqları tikilir. Yəni, Azərbaycanda bu proses çox geniş vüsət alıbdır. Bu, bir daha onu göstərir ki, siyasətimizin təməlində insana münasibət və qayğı durur.
Hər şey - həm iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye potensialının gücləndirilməsi və ilk növbədə sosial məsələlərin həlli Azərbaycan vətəndaşları üçün olmalıdır. Ona görə indi Bakıda ən müasir standartlara cavab verən bir neçə elmi tədqiqat mərkəzləri əsaslı təmir olunub və yüksək xidmət göstərir. Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xətti ilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xətti ilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır.
Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir. Ölkəmizdə işlər bütövlükdə yaxşı gedir, iqtisadi imkanlarımız artır. Keçən il baxmayaraq ki, bütün dünya böhran içində idi, biz xərclərimizi azaltmadıq, sosial məsələlərə yönəldilən vəsait lazımi səviyyədə qaldı. Bütün infrastruktur layihələri icra edildi. Bu il Azərbaycanın inkişafı daha da uğurludur. İqtisadiyyatımız daha da sürətlə inkişaf edir. Mən bu gün səhərdən müxtəlif tədbirlərdə iştirak edirəm və bütün bu tədbirlər bir daha onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir. Bu inkişaf hərtərəflidir, bütün bölgələrdə görünür.
Əminəm ki, gələcək illərdə Azərbaycan iqtisadi inkişaf templərinə görə liderlik mövqelərini əlində saxlayacaqdır. Bu, artıq gözəl ənənədir. Biz son illər ərzində əldə etdiyimiz uğurlarla əlbəttə ki, fəxr edə bilərik. Ancaq biz əldə edilmiş nəticələrlə heç vaxt kifayətlənməməliyik. Çünki əldə edilmiş nəticələr yeni nəticələrə çatmaq üçün stimul olmalıdır. Biz elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial problemlər 2013-cü ilə qədər həll olunsun. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi 2013-cü ildə başa çatacaq və o vaxta qədər bütün əsas məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri səhiyyə sistemindəki islahatlardır və yüksək səviyyəli tibbi xidmətin göstərilməsidir. Digər əsas məsələlər təhsil sistemində həm maddi-texniki bazanın gücləndirilməsi, məktəblərin tikintisi, həm də ki, təhsilin keyfiyyətinin artırılması, elektrik enerjisi, qaz, içməli su, kanalizasiya problemlərinin tam şəkildə həll olunmasıdır. Bu planlar da vardır və əminəm ki, biz onları 2013-cü ilə qədər icra edəcəyik.
Yeni iş yerlərinin, sənaye müəssisələrinin açılması prosesləri uğurla gedir. Maddi imkanlarımız artır, güc, siyasi iradə, xalqla iqtidar arasında birlik vardır. Ölkənin inkişafı, ölkə hansı istiqamətdə inkişaf etməlidir məsələsi ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz müstəqilliyimizi gücləndirməliyik, müstəqil həyatımızı təmin etməliyik. Elə etməliyik ki, bütün dövrlərdə - bu gün, 10 ildən, 50 ildən sonra Azərbaycan xalqı Azərbaycan dövlətinin taleyini müəyyən etsin. Bunu etmək üçün biz güclü olmalıyıq. Güclü olmaq üçün biz ciddi çalışmalıyıq. Hər bir bölgədə, hər bir yerdə hər bir vətəndaş elə etməlidir ki, ölkəmizi öz zəhməti ilə gücləndirsin.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Burada həm xəstələrə yaxşı xidmət göstəriləcək, eyni zamanda, həkimlər üçün də yaxşı iş şəraiti yaradılıb. O da çox vacibdir. Gərək həkimlərin iş şəraiti elə olsun ki, işləmək onlara zövq versin. Bir daha sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram.


X X X
Cəlilabad rayon sakini Gülər İSGƏNDƏROVA dövlətimizin başçısına minnətdarlıq edərək dedi:
-Möhtərəm cənab Prezident, Sizi Cəlilabadın bütün ictimaiyyəti və tibb işçiləri adından ürəkdən salamlayır, "Xoş gəlmisiniz!" deyirəm.
Bu gün Avropanın ən inkişaf etmiş şəhərlərinin belə qibtə edə biləcəyi bir müalicə-diaqnostika mərkəzi məhz bizim rayonda açılır. Bu, Azərbaycanın indiki reallığı, Sizin gərgin əməyinizin, regionların inkişafına göstərdiyiniz qayğının nəticəsidir. Ölkəmizin hərtərəfli və sürətli sosial inkişafını təmin edən siyasətinizdə əhalinin sağlamlığının qorunması, səhiyyənin daha da inkişaf etdirilməsi, müasir tibb müəssisələrinin açılması həmişə ən başlıca məqsəd olmuşdur. Elə bu yaxınlarda 4 rayonda müasir tipli yeni xəstəxanaların tikilməsi və əsaslı təmiri barədə verdiyiniz Sərəncam həmin regionların əhalisi üçün misilsiz bir töhfə olmuşdur. Burada qürur hissi ilə demək istəyirəm ki, belə bir xeyirxah layihənin həyata keçirilməsi üçün məhz insanların müraciətlərini və arzularını nəzərə alaraq qərar vermisiniz. Cənab Prezident, xalqımız yaxşı bilir ki, Siz də, Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da insanların qayğılarından, ehtiyaclarından həmişə xəbər tutursunuz, onlarla çox ciddi maraqlanırsınız, onlara çox həssaslıqla yanaşırsınız. Siz daim insanları narahat edən problemlərin həlli üçün narahatsınız. Bax budur, Sizin xalqla olan birliyiniz, xalq üçün narahatlığınız, onun problemlərini həll etmək istəyiniz. Elə buna görə də bir daha bütün rayon ictimaiyyəti və tibb işçiləri adından Sizə də, Mehriban xanım Əliyevaya da ürəkdən gələn minnətdarlıq hissimi çatdırmaq istəyirəm.
Bu gün bu diaqnostika mərkəzinin Cəlilabadda açılması yalnız bizim rayonun əhalisi üçün deyil, bütövlükdə cənub bölgəsinin əhalisi üçün əsl hədiyyədir. Bu, artıq bizim regionda ikinci böyük tibb müəssisəsidir. Bu mərkəz ən müasir avadanlıq, gözəl iş şəraiti, bir sözlə, keyfiyyətli tibbi xidmət üçün hər şeylə təmin olunmuşdur. Bu mərkəzin hesabına biz əhalimizə daha keyfiyyətli və ilkin tibbi xidmət göstərə biləcəyik. Bu mərkəzin verdiyi imkanlardan istifadə edərək sakinlərimizi vaxtaşırı tibbi müayinəyə cəlb edəcək, onların xəstəliklərini, o cümlədən bizim region üçün daha xarakterik sayılan revmatik xəstəlikləri, ağciyər, böyrək xəstəliklərini vaxtında aşkar edərək, onların müalicəsini səmərəli şəkildə təşkil edə biləcəyik. Əlbəttə, biz həkimlər başa düşürük ki, müasir avadanlıqla təchiz olunmuş belə bir mərkəzdə işləmək üçün çox böyük məsuliyyət daşıyırıq. Öz üzərimizdə daha çox çalışmalıyıq, daha çox oxumalıyıq, dünya təbabətinin yeniliklərini öyrənməli və işimizdə tətbiq etməliyik. Sizi əmin edirəm ki, belə bir töhfəyə cavab olaraq, daha ürəklə işləyəcəyik, insanların sağlamlığının keşiyində durmaq üçün bütün bilik və bacarığımızı sərf edəcək, bu müasir kompleksin bütün imkanlarından istifadə edəcəyik.
Möhtərəm cənab Prezident, Siz 2008-ci ilin sentyabr ayında rayonumuza səfəriniz zamanı görülən işləri çox yüksək qiymətləndirdiniz. Doğrudan da, Sizin diqqət və qayğınız sayəsində rayonumuzun siması yaxşılığa doğru gündən-günə dəyişmiş, tanınmaz olmuşdur. Burada yeni sosial obyektlər tikilib və tikilməkdədir. Sizin tapşırığınızla gözəl Olimpiya-İdman Kompleksi tikilir. Bütün bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Xalq Sizin atdığınız hər bir addımı böyük rəğbətlə qarşılayır. Bu, Sizə olan sonsuz inamımızın və ümumxalq məhəbbətimizin hesabınadır. Xalqın məhəbbəti isə insana verilmiş ən uca qiymətdir. Bu gün, icazə verin, bir ana-bacı şəfqəti ilə deyim: Həmişə belə uca olasınız, möhtərəm cənab Prezident! Tanrı Sizi qorusun!
X X X
Sonra rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
Prezident İlham Əliyev "Cəlilabad Şərab-2" Asc-nin açılışında iştirak edib
Aprelin 29-da Prezident İlham Əliyev "Cəlilabad Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak edib. Müəssisə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, şərab zavodunda məhsul istehsalı ən müasir texnologiyalar əsasında aparılır. Keçmiş üzüm istehsalı və emalı müəssisəsinin ilkin emal zavodunun bazasında yaradılan müəssisə 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib. Müsabiqənin qalibi olan "Cəlilabad Vayn Kompani" MMC müəssisəni ən müasir standartlara uyğun quraraq, köhnə texnologiyaları yenisi ilə əvəzləyib. Burada yeni istehsal sahələri yaradılıb. Bildirildi ki, şərab zavodunun istehsal sahəsinin ərazisi 7,4 hektardır. MMC-nin 300 hektara qədər bar verən üzüm bağları vardır. Zavodun istehsal gücü üzüm qəbulu və emalı üzrə ildə 8 min ton, şərab və şərab məhsulları üzrə 560 min dekalitr, konyak spirti istehsalı üzrə gündə 800 dekalitr, şərabın qablaşdırılması üzrə saatda 3 min 500, tünd içkilərin qablaşdırılması üzrə isə 1500-1800 butulkadır. Müəssisənin bar verən üzüm bağlarında şardane, merlo, kaberne avinyon, sirax kimi Fransa üzüm sortları yetişdirilir. Bağlarda hər il təqribən 4 min 350 ton üzüm istehsal olunur. Üzümün qəbulu, emalı və şərabın istehsalı sexi Fransadan gətirilmiş avadanlıqla təchiz edilib. Konyak spirtinin istehsalı sexində isə İtaliya avadanlığı quraşdırılıb.


Bundan əlavə, müəssisədə konyak spirtinin və şərabın kondisiyaya çatdırılma, kupaj edilməsi (qarışdırılması), süzmə sexləri və hazır məhsul anbarı vardır. Zavodun emal və üzüm yetişdirilməsi sahələrində ümumilikdə 504 nəfər çalışır. İşçilərin orta aylıq əmək haqqı 300-500 manatdır.
Prezident İlham Əliyev Göytəpə su anbarının açılışında iştirak edib
Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Göytəpə su anbarının açılışında iştirak edib. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Cəlilabad rayonunun torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Göytəpə çayı üzərində ümumi tutumu 3,7 milyon kubmetr olan su anbarının tikintisi məqsədi ilə 1985-86-cı illərdə işçi layihə hazırlanmışdı. Layihədə torpaq bəndin, suburaxıcı qurğunun, qəza sutullayıcısının, nasos stansiyasının, təzyiqədavamlı boru kəmərinin və suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdu. 1988-1992-ci illərdə layihənin icrası ilə bağlı bir çox işlər görülsə də, sonrakı dövrdə vəsait çatışmazlığı səbəbindən tikinti işləri dayandırılmışdı. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanılıb və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilib. Qeyd olundu ki, Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bəndin üstdən uzunluğu 550 metr, su anbarının ümumi həcmi 3,7 milyon kubmetrdir. Bu hidrotexniki qurğunun faydalı həcmi isə 3,3 milyon kubmetrdir. Təzyiqədavamlı boru kəmərinin uzunluğu 7,14 kilometr, monolit beton üzlüklü suvarma kanallarının uzunluğu isə 12,1 kilometrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirəcək, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradacaq. Bu da öz növbəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalının əsaslı şəkildə artmasına təkan verəcək. Prezident İlham Əliyev su anbarını işə saldı. Bildirildi ki, perspektivdə anbarın bəndinin sağ sahilində 300 hektar yeni torpaq sahələrinin suvarılması məqsədi ilə nasos stansiyasının, uzunluğu 2,5 kilometr olan təzyiqədavamlı boru kəmərinin və qapalı suvarma şəbəkəsinin tikintisi, eləcə də su anbarının ətrafındakı kəndlərin əhalisinin gediş-gəlişini yaxşılaşdırmaq üçün Göytəpə çayı üzərində avtomobil körpüsünün inşası nəzərdə tutulub. Bundan əlavə, bəndin dayanıqlılığının daha da yüksəldilməsi və normal istismarının təmin olunması üçün əlavə tədbirlər planlaşdırılıb. Prezident İlham Əliyev ölkəmizin meliorasiya və irriqasiya sisteminin daha da müasirləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
Mərasim iştirakçıları dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin göytəpədəki qarnizonunda olub

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Cəlilabaddakı Göytəpə qarnizonunda olub. Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev qarnizonun ümumi sxemi ilə tanış oldu.
Dövlət Sərhəd Xidmətinin rəisi bildirdi ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin tapşırığı əsasında Azərbaycan büdcəsinin vəsaiti hesabına yaradılan Göytəpə qarnizonunda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əsaslı tikinti, təmir və yenidənqurma işləri həyata keçirilib. Dövlətimizin başçısının 2005-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın tərkib hissəsi kimi bu qarnizonda geniş yenidənqurma işləri aparılıb.
Respublikanın İmişli, Biləsuvar, Yardımlı, Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Yenidənqurma işlərindən sonra bu qarnizonda gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılıb. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunub. Xidməti dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaq malın dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar, 7448 nəfər sərhəd pozucusunu saxlayıblar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazıblar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olublar.
Ali Baş Komandan qarnizonun istifadəsində olan hərbi texnikaya baxdı.
Bildirildi ki, qarnizonun müasir hərbi texnika ilə tam təchiz olunması sərhəd mühafizəsinin yüksək şəkildə həyata keçirilməsinə imkan verir.
Prezident İlham Əliyev kazarmada sərhədçilərin ixtiyarında olan texniki vəsaitlərə, silah-sursata baxdı. Məlumat verildi ki, bu texniki vasitələr sərhəd pozucularının dərhal aşkar edilib zərərsizləşdirilməsində sərhədçilərə yaxından kömək edir.
Dövlətimizin başçısı qarnizonda şərti sərhəd pozucusunun zərərsizləşdirilməsi prosesini izlədi. Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd qarnizonunun şəxsi heyətinə xidmətdə uğurlar arzuladı.

Digər xəbərlər