PDF Oxu

Siyasət

  • 12

Ekoloji mühit yaxşılaşdırılacaq

Ekoloji mühit yaxşılaşdırılacaq

Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Son vaxtlar, bu istiqamətdə vacib addımlar atılıb, konkret proqram qəbul edilib. Təsadüfi deyil ki, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilib.

Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali və ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir.
Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev ekoloji məsələlərin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. 2010-cu ilin "Ekologiya ili" elan olunduğunu nəzərə çatdıran dövlət başçısı bildirib ki, bu sahəyə ciddi diqqət göstərilməlidir: "Bu ildən biz Avro-2 standartına keçirik. Mən şəxsən hesab edirəm ki, biz bu sahədə bir az gecikmişik. Ancaq burada obyektiv səbəblər vardır. Neftayırma zavodlarımız, uzun illərdir ki, fəaliyyət göstərir.
Orada istehsal olunan yanacaq imkan vermirdi ki, biz Avropa standartlarına daha da sürətlə keçək. Ancaq həm zavodların modernləşdirilməsi prosesi gedir, eyni zamanda, yeni neftayırma kompleksinin tikintisi nəzərdə tutulur. Biz elə etməliyik ki, dünyada, Avropada mövcud standartlara maksimum dərəcədə yaxın olaq. Avro-2-yə keçmək, sadəcə olaraq, birinci mərhələdir. Biz elə etməliyik, Avropa Birliyində bu sahədə olan standartlara maksimum dərəcədə yaxın olaq".
Prezident qeyd edib ki, mütəmadi qaydada ekoloji monitorinq aparılmalıdır: "Bu il geniş şəkildə ekoloji tədbirlər nəzərdə tutulur. Elə etməliyik ki, büdcədə bu məqsədlər üçün nəzərdə tutulan vəsait vaxtında verilsin. Çünki artıq ilin təxminən 4 ayı keçibdir. Çox işlər görülübdür. Xüsusilə, ağacəkmə ilə əlaqədar digər işlər görülübdür. Keçən dəfə dediyim kimi, biz artıq çirklənmiş göllərin təmizlənməsinə dərhal başlamalıyıq. Büdcədə vəsait nəzərdə tutulub. Elə etməliyik ki, bütün tender prosedurları tezliklə başa çatsın ki, bu işlər ləngiməsin.
Dövlət başçısı qeyd edir ki, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır: "Biz bundan sonrakı illərdə bu məsələlərə ciddi diqqət göstərməliyik. Həllini gözləyən əsas məsələlər aydındır. Bu gün biz bu barədə danışacağıq. Ətraf mühitin qorunması, əhalinin içməli su ilə təmin edilməsi- bu istiqamətdə də kompleks tədbirlər görülür. Hansısa bir istiqamətdən söhbət getmir. Burada həm də Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə tutulur. Ümid edirəm ki, bu il bu su kəməri- Bakıya hava-su kimi lazım olan bu kəmər istifadəyə veriləcək və beləliklə, Bakı əhalisi təmiz içməli su ilə təmin ediləcəkdir.
Samur-Abşeron kanalının tikintisi,- bu da çox böyük vəsait tələb edən layihədir,- uğurla davam edir. Artıq 122 kənddə kiçik təmizləyici modul qurğular quraşdırılıbdır və 220 mindən çox vətəndaş - əvvəllər çay sularından, bulanıq sulardan istifadə edən vətəndaşlar bu gün təmiz içməli su ilə təmin edilir. Hazırda 60-dan yuxarı kənddə işlər gedir və hesab edirəm ki, bu il, ümumiyyətlə, bu proqram çərçivəsində 350 mindən çox vətəndaş təmiz içməli su ilə təmin ediləcəkdir. Bu proqram bundan sonrakı illərdə davam etdirilməlidir.
İçməli su ilə bərabər, əlbəttə ki, biz həm Bakının, həm ölkəmizin bütün şəhər və rayonlarının kanalizasiya məsələlərini həll etməliyik. Keçən ilin sonunda biz Bakıda Hövsan aerasiya stansiyasının açılışında iştirak etmişik. Bu, çox vacib layihədir. Bu, demək olar ki, Bakının kanalizasiya problemlərinin böyük hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər planı vardır. Biz bu il və gələn illərdə bu məsələlərə böyük diqqət göstərməliyik ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin, müasirləşsin, ən yüksək standartlara cavab versin. Beləliklə, şəhərimiz üçün bütün dövrlərdə çox ciddi olan bu problem öz həllini tapacaqdır".
Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. "Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq çox gözəl mənzərə göz qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu gün bu barədə eşidəcəyik.
Havanın çirklənməsi məsələlərinə böyük diqqət göstərilməlidir. Mən bir müddət bundan əvvəl, müvafiq göstərişlər vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri Avropa standartlarına uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına çatacağıq.
Əlbəttə ki, bu, asan proses deyildir. Çox böyük tədbirlərin görülməsi nəzərdə tutulur. Ancaq biz bunu etməliyik. Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülməlidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işləri görməsi üçün ciddi və güclü iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib edilibdir. Bu gün biz bir daha bütün bu məsələləri təhlil edib, əlavə tədbirlərin görülməsi haqqında qərarlar verəcəyik ki, 2010-cu ildə və ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi addımlar atılsın".
Görülən və görüləcək tədbirlər nəticəsində Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənəcək. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılıb. Ümid etmək olar ki, bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaq.

Digər xəbərlər