Ordu quruculuğu sahəsində böyük uğurlar əldə olunub
Ötən həftə, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyəti və hərbi məsələlərlə bağlı müdafiə naziri tərəfindən Prezidentə raport verilmiş və bununla bağlı Prezident öz tövsiyələrini vermişdir. Azərbaycanın müharibə vəziyyətində olması, torpaqlarının 20 faizinin işğal altında olması da müşavirədə diqqət mərkəzində olmuş və ərazi bütövlüyünün bərpasının Azərbaycan dövləti qarşısında dayanan əsas məqsəd olduğu nəzərə çatdırılmışdır.
Xüsusilə, cənab Prezident öz nitqində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün ordu quruculuğunun inkişafının və müdafiə qabiliyyətinin artırılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Bunun üçün Azərbaycan dövlətinin xüsusi tədbirlər həyata keçirdiyini qeyd edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən illər ərzində ordumuzun xeyli gücləndiyini və müasir standartlara cavab verdiyini nəzərə çatdırıb. "Azərbaycan torpaqları işğal altındadır. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün çox böyük işlər, praktik tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin."
Həqiqətən də, son illərdə Azərbaycan dövləti tərəfindən orduya göstərilən qayğı və diqqətin nəticəsində Azərbaycanın hərbi potensialı yüksəlmiş, müdafiə qabiliyyəti artmışdır. Bilavasitə Prezident tərəfindən ordunun müasirləşdirilməsi və hərbi texnikanın yenilənməsi istiqamətində əməli addımlar atılmışdır. Bütün bunlar isə Azərbaycanın düşdüyü vəziyyətlə bağlıdır. Bu vəziyyət də işğala və düşmən hücumuna məruz qalmış Azərbaycanı öz müdafiə qabiliyyətini artırmağa sövq edir. Prezident İlham Əliyevin də dediyi kimi müharibə hələ bitməmişdir, Azərbaycan müharibə şəraitindədir. Bunu nəzərə alaraq bütün zəruri addımlar atılmalıdır. "Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək."
Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərlə müqayisədə Ermənistanda vəziyyətin tamamilə başqa cür olduğu, hərbi sahənin düşmən ölkədə günü-gündən zəifləməsi də məlumdur. İki ölkə arasında, bütün sahələrdə olduğu kimi, bu sahədə də böyük bir fərq, hətta uçurum yaranmışdır. Bu məsələ də cənab Prezidentin müşavirədəki nitqində xüsusilə nəzərə alındı. "Əgər biz bugünkü vəziyyəti götürsək, görərik ki, Azərbaycan Ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha da güclüdür və daha da peşəkardır. Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlər kütləvi qaydada Azərbaycan tərəfinə keçirlər. Onların burada dediyi sözlər və gətirdiyi faktlar göstərir ki, Ermənistan ordusunda nə qədər acınacaqlı vəziyyət vardır."
Düşmən ölkədə olan hərbi vəziyyəti xüsusilə nəzərə çatdıran Prezident Ermənistanda hətta təmas xəttini qorumaq üçün qüvvənin çatışmadığını da bildirib. "Biz bilirik ki, hətta təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada canlı qüvvə Azərbaycandakı insani potensialla müqayisə edilə bilməz. Bu vacib məsələdir və üstünlük bizim tərəfimizdədir."
Azərbaycan Respublikasının Prezidenti müşavirədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yönündə aparılan danışıqlar barədə də fikirlərini çatdırmış və bu sahədəki son vəziyyəti şərh etmişdir. O, öz çıxışında Azərbaycanın ərazi bütövlüyü və onun müzakirəolunmazlığı barədə fikirlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. "Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxardılmalıdır."
Azərbaycan Prezidentinin bundan öncəki çıxışlarında da dəfələrlə bu yöndə bəyanat səsləndirməsinə baxmayaraq, hələ də Ermənistan bununla bağlı heç bir iş görməmiş, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün mövqeyində heç bir dəyişiklik etməmişdir. Hərçənd ki, bütün beynəlxalq sənədlər Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistanın bu ərazini işğal etdiyini təsdiqləyir. Lakin bu sənədlər hələ də yerinə yetirilməmiş olaraq qalır. Bu hal çox davam edə bilməz. Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması üçün istənilən yola əl ata bilər. Bu, onun təbii haqqıdır. Lakin Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllinə inandığı üçün bu istiqamətdə danışıqları davam etdirir.
Ordu quruculuğu ilə bağlı müşavirədə danışıqlar prosesinə xüsusi diqqət yetirən Ali Baş Komandan İlham Əliyev yenilənmiş Madrid prinsipləri və bu prinsiplərə qarşı Azərbaycan və Ermənistanın münasibətinin də danışıqların gələcək perspektivinə göstərəcəyi təsirdən danışıb. "Madrid prinsipləri və Madrid prinsipləri əsasında tərəflərə təqdim edilmiş yenilənmiş təkliflər, demək olar ki, məsələnin həlli üçün əsas yarada bilər. Azərbaycan tərəfi prinsip etibarilə bəzi istisnalarla yenilənmiş təklifə müsbət baxa bilər. Bu təkliflər sülh sazişinin imzalanması üçün əsas ola bilər."
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın bu sahədə də mövqeyinin qeyri-konstruktiv olduğunu bir daha nəzərə çatdırdı. "Ermənistanın mövqeyi bir daha bunu göstərir ki, Ermənistan sülh istəmir. Onlar, sadəcə olaraq, status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə, uzatmaq istəyirlər. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Özlərini danışıqlarda guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə olaraq, çalışırlar ki, bu danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın."
Cənab Prezidentin Müdafiə Nazirliyində keçirilən müşavirədə çıxışı və nəzərə çatdırdığı məsələləri ümumiləşdirib belə bir qənaətə gəlmək olar ki, Azərbaycan ordu quruculuğu sahəsində böyük uğurlar qazanmışdır ki, bu da Azərbaycanın hərtərəfli inkişafının tərkib hissəsi kimi çıxış edir. Müharibə vəziyyətində olan ölkənin rəhbərliyi tərəfindən orduya belə bir qayğının göstərilməsi sevindirici, bir o qədər də fərəhləndirici haldır. Ölkəmizdə hərbi sahəyə olan diqqətin bu dərəcədə artması vətəndaşların da hərbi vətənpərvərlik ruhunda yetişməsinə səbəb olur ki, bu da torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi müharibə variantından istifadə ediləcəyi təqdirdə, çox böyük əhəmiyyət daşıyacaqdır.