PDF Oxu

Siyasət

  • 14

Azərbaycan-Pakistan münasibətləri geniş tərəfdaşlığa çevrilir

Azərbaycan-Pakistan münasibətləri geniş tərəfdaşlığa çevrilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyib. Azərbaycanın Pakistanla birgə fəaliyyət sahələrini genişləndirmək niyyətində olduğunu qeyd edən dövlətimizin başçısı əməkdaşlıq əlaqələrini gücləndirmək üçün hərbi sahədə və müdafiə sənayesində də yaxşı imkanların olduğunu qeyd edib.
Dövlətimizin başçısı Pakistanın İslam Konfransı Təşkilatında və BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi zamanı səsvermədə ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Pakistan hökumətinin Ermənistanı tanımaması ilə bağlı tutduğu mövqeyə görə dost ölkənin rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Kəşmir məsələsi ilə bağlı Azərbaycan tərəfinin Pakistanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.
Ölkəsinin Azərbaycanla əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda bir-birinin mövqelərini daim dəstəkləmələrinin önəmini qeyd edib. Ermənistan-Azərbaycan məsələsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu vurğulayan qonaq məhz bununla bağlı Pakistanın Ermənistanı tanımadığını qeyd edib.
Ümumiyyətlə, Azərbaycan-Pakistan əlaqələrinin böyük tarixi var. Hər iki ölkə tarixi Böyük İpək Yolu üzərində yerləşib və ta qədimdən ticarət əlaqələri olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə, Azərbaycanı ilk tanıyan dövlətlərdən biri də Pakistan olub. Bundan sonra iki ölkə arasında iqtisadi, siyasi, mədəni və hərbi əməkdaşlıq daha da genişlənib.
Qeyd edək ki, dünyada münaqişəli bölgələrdən biri də Hindistan-Pakistan bölgəsidir. 1947-ci ildə Britaniya müstəmləkəsi olan Hindistan parçalanmaya məruz qaldı. Nəticədə bu ölkənin ərazisində iki dövlət yaradıldı- Hindistan və Pakistan. Bu dövlətlər arasında Kəşmir bölgəsi üzərində ərazi mübahisələri yarandı. Sonra bu mübahisələr münaqişəyə çevrildi.
Hindistan 1948-ci ildə atəşkəs barədə sənəd imzalamağa və BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçirilməsinə razılıq verdi. Lakin bir müddət sonra Kəşmiri özünün ayrılmaz hissəsi elan etdi.
Hindistan və Pakistan xalqları bütün səmimiliyi ilə sühsevər xalqlardır. Pakistan hesab edir ki, əgər Hindistan Kəşmirə öz müqəddəratını təyinetmə hüququ verməyə hazırlaşıbsa, o zaman Kəşmirin istəyinə hörmət ediləcək. Gərginliyin azaldılması ənənəvi ordu sayının azaldılması ilə nəticələnə bilər ki, bu da bütün insanlığın rifahına müsbət təsir edər. Hər iki ölkə nüvə dövlətidir. Gərginliyin artması, nəinki bu iki dövlətə, o cümlədən, digər qonşu dövlətlərə də bəla gətirər.
Bu region əsrlərlə dünyanın yarısını qidalandırıb. Burada çox qədim mədəniyyət, elm, fəlsəfə, təbii resurslar, böyük əhali, potenisialı var. Bu səbəbdən də, tezliklə sağlam fkirliliyin üstələnməsi bütün region üçün yaxşı olacaq.
Azərbaycan hər iki ölkə ilə yaxşı münasibətlərə malikdir. Bu ölkələrin qarşılaşdıqları problemi Azərbaycan da uzun müddətdir yaşayır. O səbəbdən də, Azərbaycan dövləti və ictimaiyyəti bu ölkələr arasında problemin tezliklə həll olunmasını, dostluq və əməkdaşlığın möhkəmlənməsini arzulayır.

Digər xəbərlər